Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:28

ABŞ San Fransiskodakı Rusiya konsulluğunu bağlayır


San Fransiskodakı Rusiya konsulluğu binasının boşaldılması üçün sentyabrın 2-dək vaxt verilib
San Fransiskodakı Rusiya konsulluğu binasının boşaldılması üçün sentyabrın 2-dək vaxt verilib

Birləşmiş Ştatların San Fransisko şəhərindəki Rusiya konsulluğunu bağlamaq qərarı iki ölkə arasında diplomatik “qisasa-qisas” qarşıdurmasını daha da şiddətləndirib.

Avqustun 31-də verdiyi bəyanatda ABŞ Dövlət Departamenti bildirib ki, San Fransiskodakı konsulluqdan başqa – Vaşinqton və Nyu Yorkda da Rusiya diplomatik missiyasına aid iki bina bağlanacaq.

Bəyanatda deyilir ki, ABŞ hökuməti “Rusiya tərəfinin yaratdığı paritet ruhunda” Rusiya hökumətinə onun San Frabnsiskodakı konsulluğunun, habelə Vaşinqtondakı dəftərxana binasının və Nyu York şəhərindəki konsulluğun köməkçi binasının bağlandığını bildirib.

Bu binaları boşaltmaq üçün Rusiya hökumətinə sentyabrın 2-nə kimi vaxt verilib.

Ötən ay Rusiya Birləşmiş Ştatlardan özünün diplomatik heyətini 455 nəfərədək ixtisar etməsini tələb etmişdi. Rusiya rəsmiləri bunu Konqres səsverməsindən keçmiş qərarla əlaqələndirmişdi.

ABŞ Dövlət Departamenti isə bəyan edir ki, Moskvanın həmin qərarı əsassız olub və iki ölkə arasındakı diplomatik münasibətlərə ciddi ziyan vurub.

San Fransiskodakı konsulluğun bağlanmasından sonra Rusiyanın ixtiyarında yalnız Vaşinqtondakı əsas səfirlik binası, habelə Nyu York, Sietl və Hyustondakı konsulluq postlarıqalır.

Dövlət Departamentinin bəyanatında deyilir: “Birləşmiş Ştatlar Rusiya Federasiyasının paritet istəyinə uyğun hərəkət etməklə ümid edir ki, hər iki tərəf gələcəkdə cavab hərəkətlərindən çəkinəcək və hər iki prezidentimizin elan olunmuş məqsədinə - iki ölkə arasında yaxşılaşmış münasibətlərə və hər iki tərəf üçün narahatlıq doğuran məsələlərdə artan əməkdaşlığa doğru addım atacaq”.

Lakin sənəddə bu da qeyd olunur ki, Birləşmiş Ştatlar lazım gələrsə, gələcəkdə də müvafiq hərəkətlər etməyə hazırdır.

Dövlət Departamentinin bu bəyanatı açıqlanandan az sonra, avqustun 31-də Rusiya XİN bildirib ki, xarici işlər naziri Sergey Lavrov dövlət katibi Rex Tillersona zəng edib.

Lavrov “ikitərəfli münasibətlərdə, “bizim tərəfimizdən başlanmayan gərginliyin eskalasiyasından” təəssüfləndiyini və amerikalıların yeni tədbirlər barədə bəyanatının öyrənildiyini və mümkün cavab tədbirlərinin bildiriləcəyini” deyib.

Rusiya XİN bundan əvvəl də Rusiyanın ABŞ-dakı diplomatik heyətinin ixtisarı qərarı, xüsusilə də rusiyalılara qeyri-immiqrasiya vizalarının verilməsinin məhdudlaşdırılması ilə bağlı şikayətini bildirmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG