Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:31

‘Mən oxuduğundan çox yazan adamla heç vaxt söhbət eləmərəm’


Samuel Johnson
Samuel Johnson

Bu günlərdə Google Doodle “İngilis ədəbiyyatının nəhəngi” Samuel Johnson-un (1709-1784) 308-ci ildönümünü qeyd edib.

The Indepdendent” yazır ki, Johnson ədəbiyyat dühası kimi tanınsa da, başlıca olaraq özünün 1755-ildə tamamladığı İngilis Dilinin Lüğəti (Dictionary of the English Language) kitabına görə məşhurdur.

Deyilənlərə görə ingilis dilinin lüğətini tərtib etməyi ondan Londonun məşhur kitab tacirləri xahiş etmiş, hətta ona bu iş üçün indiki pulla 220 funt sterlinq qonorar vermişdilər.

Johnson bu işin öhdəsindən böyük fədakarlıqla gəlmiş və 42 min 733 sözdən ibarət 2300 səhifəlik lüğəti tərtib etmişdi.

Lakin ən maraqlısı budur ki, bu lüğət indiki sözlüklərə qətiyyən bənzəmirdi və özlüyündə bədii əsər sayıla bilərdi.

Məsələn, o, “yulaf” (oats) sözünü belə izah edirdi: “İngiltərədə atlara, Şotlandiyada isə insanlara verilən taxıl növü”.

Johnson təkcə lüğətçi-leksikoqraf yox, həm də zəmanəsinin istedadlı şair və yazıçısı kimi tanınırdı.

Buna baxmayaraq onun bir yazıçı kimi ədəbiyyat tarixində qalmasına dostu James Boswell-in “Samuel Johnson-un həyatı” kitabı səbəb olub.

Milliyyətcə şotland Boswell eyni zamanda Johnson-un opponenti idi. Məsələn, həmin yulaf məsələsinə cavab olaraq o dostuna belə yazmışdı:

“Yulaf İngiltərədə atlara, Şotlandiyada isə insanlara verildiyinə görədir ki, sizin atlarınız, bizimsə insanlarımız gözəldir”.

Doktor Johnson-un bir çox kəlamları müasir dövrümüzdə zərb-məsəllərə çevrilib.

Məsələn o sevimli şəhəri haqqında belə bir şey yazmışdı: “Əgər kimsə Londondan bezibsə, deməli həyatından bezib, çünki həyatın təklif etdiyi hər şey Londondadır”.

Johnson əsl London vətənpərvəri idi və demək olar bütün ömrünü 17 Gough Square ünvanında xanımı Elizabeth “Tetty” Johnson və Hodge adlı pişiyi ilə yaşamışdı.

Onun bir qayda olaraq baş çəkdiyi “The Cheshire Cheese” (Çeşir pendiri) barı isə indi yazıçının muzeyinə çevrilib.

“The Independent” Johnson-dan bəzi çox maraqlı kəlamları seçib:

“Vətənpərvərlik əclafların son sığınacağıdır”

“Mən heç vaxt oxuduğundan daha çox yazan birisi ilə söhbət edə bilmərəm”

“Şotlandın ən perspektivli yolu onu İngiltərəyə gətirən yoldur”.

Maraqlıdır ki, Johnson şotlandlara sataşmağı sevirdi: “Bilik-savad şotlandların arasında mühasirədə olanların arasında çörəyin bölündüyü kimi bölünüb”.

Johnson deyildiyinə görə əsl ingilis kimi çaya sitayiş edirdi və yazmışdı:

“Çay axşamların əyləncəsi, gecəyarının sakitliyi, səhərlərin salamıdır”.

Onun gündə 25 fincan çay içdiyi söylənir.

Və sonda Samuel Johnsondan məzəli, bir az da qəddar iki hikmət:

“Özünü heyvanlığa qoyan şəxs insanlığın ağrısından azad olur”

“Mən bəşəriyyətə nifrət edirəm, çünki özümü onun ən yaxşı nümayəndəsi sayıram”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG