Keçid linkləri

2026, 07 İyul, çərşənbə axşamı, Bakı vaxtı 21:24

Azər Qasımlının xanımı da təqsirləndirilən şəxs oldu: 'Təhqir olunubsa, niyə gəlib özünü müdafiə etmir?'

Samirə Qasımlı
Samirə Qasımlı

Həbsdə olan politoloq Azər Qasımlının xanımı Samirə Qasımlı da artıq təqsirləndirilən şəxs oldu. Onun cinayət məsuliyyətinə cəlb edilməsi tələbiylə xüsusi ittiham qaydasında qaldırılmış iddia ərizəsi Binəqədi rayon Məhkəməsində icraata götürülüb. Bu, S.Qasımlının da təqsirləndirilən şəxs statusunda tanınması anlamına gəlir. İyulun 6-da keçirilən məhkəmə iclasında hakim Samir Nəsibov məlumat verib ki, S.Qasımlının Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edən Qurbanəli Yusibov yenə prosesə qatılmayıb.

Q.Yusibov politoloq A.Qasımlı haqqında cinayət işində zərərçəkmiş qismində tanınıb. O, ərizəsində iddia edib ki, politoloqun məhkəməsi gedən dövrdə xanımı S.Qasımlı "Facebook" hesabındakı paylaşımlarında onun şərəf və ləyaqətini ləkələyib, böhtan atdığına görə cəzalandırılmalıdır.

"İnsanın şərəf və ləyaqətini özündən başqa heç kim müdafiə edə bilməz"

Hakim S.Qasımlıdan xüsusi ittihamçının iştirakı olmadan məhkəmənin keçirilməsinə etirazı olub-olmadığını soruşanda o, belə cavab verib: "Şərəf və ləyaqət hiss və düşüncə kateqoriyasına aiddir. Bu barədə suallar da insanın nə hisslər keçirməsiylə bağlı olur. Nümayəndəsi burada iştirak edir, amma o, suallarımıza cavab verə bilməz. Deyə bilməz ki, o adam nə hiss keçirib. İnsanın şərəf və ləyaqətini özündən başqa heç kim müdafiə edə bilməz. Təhqir olunubsa, niyə gəlib özünü müdafiə etmir?".

Hakim Q.Yusibovun nümayəndəsi və vəkilindən onun yerini və nə vaxt gələcəyini soruşub. Vəkili deyib ki, xüsusi ittihamçı Türkiyədədir və Azərbaycana nə vaxt gələcəyi bilinmir.

S.Qasımlının vəkili Ramil Süleymanov təklif edib ki, belə olan halda, ərizə geri götürülsün, Q.Yusibov geri qayıdıb özünü müdafiə edəndə yenidən verilsin.

Bütün bu məsələlərlə əlaqədar məhkəmə prosesi ertələnib.

CM-in S.Qasımlıya qarşı şikayət verilmiş 147.1-ci və 148.-ci maddələrində alternativ cəzalarla (cərimə, ictimai işlər və s.) yanaşı, 6 ayadək azadlıqdan məhrumetmə də nəzərdə tutulub.

S.Qasımlı özünü təqsirli bilmir, bunun siyasi sifariş olduğunu düşünür. O, haqqındakı məhkəmə iddiasına və ölkədən çıxışına qadağa qoyulmasına şərh verərkən belə deyib: "Bu, həm Azər Qasımlıya, həm də onun və digər siyasi məhbusların problemlərini qaldıran Samirə Qasımlıya qarşı olan işdir. Məqsəd həm də Samirə Qasımlının fəaliyyətini məhdudlaşdırmaqdır".

Xatırlatma

Siyasi Menecment İnstitutunun direktoru, Azər Qasımlı 2024-cü ilin dekabrından həbsdədir. Q.Yusibovun şikayəti əsasında həbs olunan politoloq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda gəlir əldə etmək məqsədilə hədə-qorxu ilə tələbetmə) maddəsiylə təqsirli bilinib.

A.Qasımlı ittihamı qəbul etmir, siyasi sifariş əsasında həbs olunduğunu bildirir. O bu işdə tək zərərçəkmişin özü olduğunu vurğulayır.

A.Qasımlı ilə Q.Yusibov arasında bir neçə il öncə "Binance" kriptovalyuta birjasına pul yatırılması məsələsiylə bağlı narazılıq yaranıb. Yusibov onun verdiyi məbləği "Binance" portalındakı hesabına tam yatırmayıb. Nəticədə 20 min dollar ziyana düşdüyünü deyən A.Qasımlı pulunu geri istəyib. Sonradan bu məsələ mülki qaydada məhkəmə müstəvisinə çıxıb.

Mingəçevir şəhər Məhkəməsi Q.Yusibovun 20 min dolları Qasımlıya ödəməsinə qərar verib və həmin məhkəmədə Yusibov borclu olduğunu etiraf edib.

Sonradan Şəki Apellyasiya Məhkəməsi bu qərarı ləğv edib. Qərar belə əsaslandırılıb ki, məsələyə kommersiya məhkəməsində baxılmalıdır.

A.Qasımlı həbsdə olduğu dövrdə kommersiya məhkəməsində bu işə baxılıb və politoloqun əleyhinə qərar verilib.

XS
SM
MD
LG