Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:17

'Qırmızı Xaç'ın həkimləri Saleh Rüstəmova baş çəkib


Saleh Rüstəmov
Saleh Rüstəmov

Dekabrın 17-də vəkili Bəhruz Bayramov Gədəbəy Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Saleh Rüstəmova baş çəkib.

Vəkilin sözlərinə görə, bu gün, dekabrın 17-də S.Rüstəmovu Beynəlxalq Qırmızı Xaç Komitəsinin həkimləri də müayinə edib. Onun vurğulamasına görə, S.Rüstəmova aylarla normal şəraitdə müalicə lazımdır.

Vəkil əlavə edib ki, S.Rüstəmov çox zəifdir deyə, otaqdan çıxa bilmədi: "Telefonla danışdıq. Müəyyən müalicə alır".

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan bölməsindən münasibət almaq mümkün olmayıb.

Vəkil Saleh Rüstəmovla danışıb

Bu gün, dekabrın 16-da günorta saatlarında vəkil Bəhruz Bayramov Gədəbəy Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Saleh Rüstəmovla danışıb.

Bu barədə Azadlıq Radiosuna vəkil özü bildirib: "Saleh Rüstəmov çox zəifdir, ona görə telefonla danışdıq. Ona sistem köçürülür. Bacısının xahişlərindən və həkim Adil Qeybullanın təkidli məsləhətlərindən sonra aclığı dayandırıb. Hamıya təşəkkürünü bildirdi…".

Adil Qeybulla: 'Saleh Rüstəmov aclığı dayandırıb…'

Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun aclıq aksiyasını dayandırdığı bildirilir.

Bunu bu gün, dekabrın 16-da həkim Adil Qeybulla deyib. O, S.Rüstəmovun dekabrın 15-dən 16-na keçən gecə komaya düşməsi barədə deyilənləri də təsdiq etməyib.

Bir qədər əvvəl yaxınları bildirmişdi ki, 41 gündür həbsdə aclıq aksiyası keçirən S.Rüstəmov gecə saatlarında komaya düşüb. Onların vurğulamasına görə, həkimlərin səyləri nəticəsində o, komadan ayılıb.

Bu deyilənlərlə bağlı Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Həkim Adil Qeybulla yenə Saleh Rüstəmova baş çəkib

Həkim Adil Qeybulla bugün, dekabrın 15-də artıq 40-cı gündür ki, aclıq aksiyası keçirdiyi bildirilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmova baş çəkib.

A.Qeybulla AzadlıqRadiosuna bildirib ki, Rüstəmovun vəziyyəti keçirdiyi aclıq aksiyasına uyğundur: "Müəyyən müalicə alır. Bugün, dekabrın 15-də kardioqram olunub. Bu tərəfdən problem yoxdur. Amma aclıq edən şəxslər üçün təhlükə yanaşı xəstəliklərin olmasıdır. Yüngül soyuqdəymə belə ciddi fəsadlara yol aça bilər".

S.Rüstəmov dekabrın 13-də sudan da imtina etdiyini açıqlayıb.

Məsələ ilə bağlı Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Həkim A.Qeybulla bundan bir neçə gün öncə də Saleh Rüstəmovla görüşmüşdü. O, S.Rüstəmovun ailəsinin xahişindən sonra onunla görüşə icazə almışdı.

Saleh Rüstəmliyə azadlıq tələbi ilə aksiyada saxlananlar buraxıldı
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Saxlananların hamısı buraxılıb

Dekabrın 15-də Bakıda Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmova azadlıq tələbi ilə keçirilən aksiya zamanı saxlananların hamısı buraxılıb. Bu barədə AzadlıqRadiosuna aksiyanın monitorinqini aparan hüquq müdafiəçiləri məlumat verib.

Saxlananlardan 10-u inzibati qaydada 100 manatdan 400 manata qədər cərimə edildikdən sonra buraxılıb.

Tofiq Yaqublu cərimə edilib

Dekabrın 15-də şəhərin mərkəzində Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmova azadlıq tələbi ilə keçirilən aksiya zamanı saxlananlardan bəzilərinin cərimələnərək sərbəst buraxıldığı bildirilir.

AXCP üzvü Babək Həsənovun AzadlıqRadiosuna verdiyi məlumata görə, onun özü, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq YaqubluKənan Zeynalov (AXCP) pandemiya qaydalarının pozulması ittihamı ilə 400 manat cərimə olunaraq sərbəst buraxılıb.

AXCP-dən verilən məlumata görə, saxlananlardan bir qismi isə cərimələnmədən buraxılıb. Lakin saxlanılan bəzi digər aksiya iştirakçılarının hələ də aqibəti məlum deyil.

AXCP-dən verilən məlumata görə, aksiya iştirakçılarından Mehriban Hüseynli (AXCP) polis maşınına mindirilərkən başından zədə alıb.

+++

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, dekabrın 15-də bir qrup şəxs Fəvvarələr meydanında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarına zidd olaraq, eləcə də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstəriblər: "Cəhdin qarşısı alınaraq həmin şəxslər ərazidən uzaqlaşdırılıblar. Xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin qanuni tələblərinə riayət etməyən bir neçə nəfər saxlanıb və xəbərdarlıq edildikdən sonra onlar sərbəst buraxılıblar".

+++

Bu gün, dekabrın 15-də Bakının Fəvvarələr meydanında "Saleh Rüstəmova azadlıq!" tələbi ilə keçirilən aksiyada 30 nəfərə yaxın şəxsin saxlandığı bildirilir. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) məlumat yayıb.

Bu məlumatı, hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

+++

Aksiyani izləyən jurnalistlərin bildirməsinə görə, saxlanılanların sayı, hələlik, 20-dan çoxdur.

Tofiq Yaqublu saxlanıb

Bakıda "Saleh Rüstəmova azadlıq" şüarının səsləndiyi aksiya davam edir. Aksiyada "Siyasi məhbuslara azadlıq" şüarı da səslənməkdədir. Amma polislər şüar səsləndirənləri saxlayaraq aparır. Saxlanan zaman bəzi aksiya iştirakçılarına qaşı polisin sərt davranışı da müşahidə edilir.

Saxlananlar arasında Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu da var.

Baş verənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Rəsmilər vurğulayırlar ki, siyasi məhbus kimi təqdim edilən şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.

+++

Etirazlar hələ də davam edir. Ayrı-ayrı fəallar "Saleh bəyə azadlıq", "Öldürmə" kimi şüarlar səsləndirməkdədirlər. Polislər şüar səsləndirənləri saxlayaraq aparır.

+++

Bu gün, dekabrın 15-i saat 11:40-da Bakıda bəzi fəallar "Saleh Rüstəmova azadlıq", "İlham Əliyev ya azad et, ya da get" şüarı ilə aksiya keçirməyə başlayıb. Amma polis onları saxlayaraq etirazlarını davam etdirməyə imkan verməyib.

Baş verənlərə, hələlik, Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma aksiyadan öncə DİN-in Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bu məsələ ilə bağlı bunları demişdi: "Dekabrın 1-də olduğu kimi, bu dəfə də ictimai asayişin qorunması məqsədilə müvafiq tədbirlər görüləcək. Bu zaman yarana biləcək hər hansı insidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcək".

Bundan əvvəl də dekabrın 1-i və 11-də Saleh Rüstəmovun azadlığı tələbi ilə Bakıda etiraz aksiyaları olmuşdu. Həmin aksiyalarda onlarca saxlananlar var idi. Onların bir çoxu buraxılsa da, beşinə karantin rejiminin pozulması ittihami ilə inzibati həbs cəzaları verilmişdi. (Koronavirus pandemiyası ilə bağlı ötən ilin martından Azərbaycanda karantindir)

Aksiyaya qoşulanların artdığı deyilir

Həbsinə etiraz olaraq 39 gündür aclıq keçirdiyi deyilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun aksiyasına qoşulduqlarını açıqlayanların sayı artıb.

Bu barədə onlardan biri, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahim məlumat verib. Onun sözlərinə görə, S.Rüstəmovla həmrəylik məqsədilə dünən, dekabrın 13-dən başlayan aclıq aksiyasının iştirakçılarının sayı 7-yə çatıb: "Bu gün, dekabrın 14-də aclıq edənlərə AXCP üzvü Zəkrulla Nağıyev də qoşuldu".

Verilən məlumata görə, aksiyaçıların arasında AXCP üzvləri, gənc fəal İlkin Rüstəmzadə və Saleh Rüstəmovun yaxınları var.

Hələlik, bu məsələyə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Aclıq aksiyasına qoşulduğunu açıqlayanlar var

Həbsdə 38 gündür aclıq aksiyası keçirdiyi deyilən və dekabrın 13-dən artıq sudan da imtina etdiyini açıqlayan Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmova qardaşı Taleh Rüstəmov da qoşulduğunu bildirib.

T.Rüstəmov deyib: "Elə ona görə mən də quru aclığa başladım. Saleh 20 kiloqrama yaxın çəki itirib. Bu gün, dekabrın 13-də isə bizi onunla görüşə buraxmadılar, dedilər ki, gedin ayın 20-də gələrsiniz".

AXCP sədrinin müşaviri Məmməd İbrahim də dekabrın 13-dən S.Rüstəmovun müdafiəsi məqsədilə aclıq aksiyasına başladığını açıqlayıb.

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Saleh Rüstəmov sudan da imtina etdiyini açıqlayıb

Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanan və 38 gündür aclıq aksiyası keçirdiyi bildirilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov sudan da imtina etdiyini açıqlayıb.

Bu barədə onun vəkili Bəhruz Bayramov məlumat verib. Onun sözlərinə görə, S.Rüstəmov bu gün, dekabrın 13-dən etibarən su içməkdən də imtina etdiyini deyib: "Bu gün, dekabrın 13-də ona baş çəkdim. Quru aclığa başladığını dedi".

Vəkilin sözlərinə görə, aclıq aksiyasını başladığı gündən S.Rüstəmov 16-17 kilo çəki itirib.

Vəkilin son açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Tofiq Yaqublunun şikayəti ilə bağlı cinayət işi açılmayıb

Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun şikayəti ilə bağlı, hələlik, cinayət işi açılmayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən dekabrın 13-də "Turan"a deyiblər ki, T.Yaqublu və onun vəkili Səbail Rayon Prokurorluğuna çağırılıb, onun ifadəsi alınıb: "Hazırda araşdırma gedir".

Bundan 10 gün öncə, dekabrın 3-də T.Yaqublu Səbail Rayon Prokurorluğunda izahat vermişdi. Onun sözlərinə görə, izahat dekabrın 1-də Bakıda "Saleh Rüstəmova azadlıq" tələbi ilə keçirilən aksiya zamanı saxlanması, sonra polis bölməsində və şəhərdən kənara aparılarkən yolboyu ona fiziki təzyiq göstərilməsi ilə bağlı idi: "Prokurorluqda məni prokurorun köməkçisi Hilal Abbasov qəbul etdi. İzahat verdim, rəsmi qaydada şikayət ərizəsini təqdim etdim. Deyilənə görə, məsələ ilə bağlı araşdırma başlanıb".

Amma Daxili İşlər Nazirliyindən T.Yaqublunun bölmədə döyüldüyü ilə bağlı dediklərini təkzib etmişdilər.

Saleh Rüstəmova azadliq tələbi ilə aksiya
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

Aksiyada saxlananların hamısı buraxılıb

Dekabrın 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarının "Saleh Rüstəmova azadlıq" tələbi ilə Bakıda keçirdiyi aksiyada saxlananların hamısı buraxılıb. Bu barədə dekabrın 13-də AXCP-dən bildirilib.

Partiyadan qeyd edildiyinə görə, iki fəal barədə bir müddət məlumat olmasa da, sonrada onların da elə dekabrın 11-də buraxıldığı bəlli olub.

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyi ilə danışmaq mümkün olmayıb.

Bakıda 'Saleh Rüstəmova azadlıq' şüarı ilə aksiya olub

Dekabrın 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qadın üzvləri Bakıda, metronun "28 May" stansiyası yaxınlığında etiraz aksiyası keçiriblər.

Etirazçılar hazırda həbsxanada aclıq aksiyası keçirən partiya üzvü Saleh Rüstəmovun azad olunmasını tələb ediblər.

Qısa bir müddətdən sonra polis aksiyanın qarşısını alıb. Bir neçə aksiya iştirakçısı və həmin vaxt aksiyanı müşahidə edən hüquq müdafiəçiləri Zəfər Əhmədli ilə Zaur Əkbər saxlanılıb.

Z.Əhmədlinin oğlu Fuad Əhmədlinin verdiyi məlumata görə, bir müddət sonra hüquq müdafiəçiləri sərbəst buraxılıblar. Onun dediyinə görə, aksiyada saxlanılarkən atası qolundan xəsarət alıb.

Məsələyə Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Hüquq müdafiəçisi aksiyada üzləşdiyi zorokılıqdan danışır
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Dövlət Departamenti: Saleh Rüstəmov azad olunmalıdır

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Gədəbəy rayonun həbsdə olan sabiq icra başçısı Saleh Rüstəmovun azadlığa buraxılmasına çağırıb: "Saleh Rüstəmovun vəziyyətinin pisləşməsi ilə bağlı xəbərlərdən çox narahatıq. Adekvat tibbi yardım ala bilməsi üçün Azərbaycan onu humanitar əsaslarla azad etməlidir. O, 35 gündür aclıq aksiyası keçirir və ölümə yaxındır".

***

Bu gün, dekabrın 10-da vəkil Bəhruz Bayramov Gədəbəy Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Saleh Rüstəmovla Penitensiar Xidmətin Müalicə Müəssisəsində görüşüb.

Bu barədə vəkil özü məlumat verib. Onun sözlərinə görə, S.Rüstəmov aclıq aksiyasını davam etdirdiyini bildirib: "Artıq 35-ci gündür. Mənə dedi ki, ağrılardan yata bilmir. Çox halsız idi…".

B.Bayramov əlavə edib ki, S.Rüstəmovun işi ilə bağlı Ali Məhkəmənin Plenumuna və Nizami Rayon Məhkəməsinə müraciət olunsa da, hələlik, proseslər təyin olunmayıb. Ali Məhkəmənin Plenumundan bu işə yenidən baxılması, Nizami Rayon Məhkəməsindən isə S.Rüstəmovun səhhətinə görə azadlığa buraxılması istənilir.

Penitensiar Xidmət Saleh Rüstəmov barədə məlumat yayıb

Dekabrın 9-da Penitensiar Xidmət Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov barədə məlumat yayıb.

Məlumata görə, hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanan S.Rüstəmovun qida qəbulundan imtina etməsi ilə bağlı səhhəti daim həkim nəzarətindədir və o, dəstəkləyici müalicə tədbirlərinə cəlb olunub: "Bundan əlavə, ona Xidmətin psixoloqları tərəfindən psixoloji yardım göstərilib, eyni zamanda, respublikada səfərdə olan türkiyəli psixoloqların Rüstəmovla görüşünə şərait yaradılıb. Aparılmış söhbətlər zamanı onun psixi sağlamlığında pozuntu müəyyən edilməyib, hər hansı digər mənfi əlamətlər izlənilməyib".

Sonda qeyd edilir ki, S.Rüstəmova dekabrın 7-də Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla da tibbi baxış keçirib: "Vəziyyətinin nisbi kafi və aktiv olduğu, özünü sərbəst idarə etdiyi müəyyən edilib və aparılmış dəstəkləyici müalicənin tam uyğun olduğu təsdiq edilib".

'Müayinədən sonra dedilər ki, Saleh Rüstəmovun…'

Dekabrın 9-da vəkil Bəhruz Bayramov Gədəbəy Rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan və 34 gündür aclıq aksiyası keçirdiyi bildirilən keçmiş başçısı Saleh Rüstəmovla görüşüb.

Vəkilin sözlərinə görə, S.Rüstəmovun vəziyyətinin pisləşməsi davam edir. Onun vurğulamasına görə, artıq keçmiş icra başçısı, demək olar ki, danışa bilmir: "Məndən əvvəl Penitensiar Xidmətin Baş Tibb İdarəsindən bir qrup həkim gəlmişdi. Onların arasında Türkiyədən qazilərin müalicəsi üçün cəlb edilmiş həkimlər var idi".

Vəkilin bildirməsinə görə, müayinədən sonra deyiblər ki, S.Rüstəmovun vəziyyəti kritikdir: "Ona görə də aclığı mütləq dayandırmalıdır. Mən onların sözünü Saleh bəyə çatdırdım, amma o, aclığı dayandırmaqdan imtina edir".

Vəkil əlavə edib ki, dünən, dekabrın 8-də S.Rüstəmovun yanına yerləşdirilmiş məhbus otaqdan çıxarılıb: "Yanına məhbus yerləşdirilmişdi. O da yemək yeyirdi. Bu, Saleh bəy üçün əlavə əziyyət idi".

Bu deyilənlərlə bağlı Penitensiar Xidmət, onun müalicə müəssisəsi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Adil Qeybulla Saleh Rüstəmovu müayinə edib

Bu gün, dekabrın 7-də professor Adil Qeybulla Saleh Rüstəmovu müayinə edib.

Bu barədə S.Rüstəmovun qardaşı Taleh Rüstəmov AzadlıqRadiosuna bildirib. O, qardaşının vəziyyətinin ağır olduğunu söyləyib, amma onun aclıq aksiyasını dayandırmayacağını bildirdiyini vurğulayıb: "Adil Qeybulla Salehə səhhətində ciddi problemlərin yarandığını əsas gətirərək aclığı dayandırmağı məsləhət görüb. Ancaq Saleh imtina edib, deyib ki, ortada nəticə yoxdursa, davam edəcək".

T.Rüstəmov S.Rüstəmova sistem köçürüldüyünü təsdiqləyib. Yaxınlarının vurğulamasına görə, S.Rüstəmov bir xeyli çəki itirib.

Bu deyilənlərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Vəkil: Saleh Rüstəmovun səhhəti pisləşib

Gədəbəy Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı və 33 gündür aclıq aksiyası keçirdiyi deyilən Saleh Rüstəmovun səhhətinin pisləşdiyi bildirilir.

Bu barədə bu gün, dekabrın 8-də Saleh Rüstəmovla görüşən vəkili Bəhruz Bayramov AzadlıqRadiosuna danışıb. O, indilərdə məhbusu ziyarət etdiyini və ona sistem köçürüldüyünü bildirib: "Mən yanında olanda Penitensiar Xidmətin Baş Tibb Müəssisəsindən gəlib müayinə ediblər. Hazırda yaxınları Saleh bəyin yanındadır. Sistem köçürülür. Mən ombudsman Səbinə Əliyeva ilə görüşə gedirəm deyə, Saleh bəyin yanında çıxdım".

Amma onun aclıq aksiyasını davam etdirdiyi bildirilir.

Məsələyə, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Tofiq Yaqublunun döyülməsinə ictimai etirazlar
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

Tofiq Yaqublu prokurorluqda izahat verib

Dekabrın 3-də Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu Səbail Rayon Prokurorluğunda izahat verib.

Bu barədə AzadlıqRadiosuna T.Yaqublu özü məlumat verib.

T.Yaqublunun sözlərinə görə, izahat dekabrın 1-də Bakıda "Saleh Rüstəmova azadlıq" tələbi ilə keçirilən aksiya zamanı saxlanması, sonra polis bölməsində və şəhərdən kənara aparılarkən yolboyu ona fiziki təzyiq göstərilməsi ilə bağlı idi: "Prokurorluqda məni prokurorun köməkçisi Hilal Abbasov qəbul etdi. İzahat verdim, rəsmi qaydada şikayət ərizəsini təqdim etdim. Deyilənə görə, məsələ ilə bağlı araşdırma başlanıb".

Məsələ ilə bağlı Baş Prokurorluqdan və Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Amma bundan əvvəl Daxili İşlər Nazirliyindən T.Yaqublunun bölmədə döyüldüyü ilə bağlı dediklərini təkzib etmişdilər.

ABŞ səfirliyi: 'Toplaşma və ifadə azadlığını dəstəkləyirik'

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi dekabrın 1-də Bakıda keçirilən aksiya ilə bağlı açıqlama yayıb.

"Biz 1 dekabr tarixində Bakıda dinc etirazçılara qarşı zorakılıqdan dolayı dərin narahatlıq keçiririk və Azərbaycan Konstitusiyasının təsbit etdiyi toplaşma və ifadə azadlığını dəstəkləyirik", - səfirlik vurğulayıb

Aksiyaya görə 5 nəfər həbs olundu
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

Saleh Rüstəmov üzr istəyir

Dekabrın 2-də vəkil Bəhruz Bayramov Gədəbəy Rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan keçmiş başçısı Saleh Rüstəmovla görüşüb. Vəkilin sözlərinə görə, S.Rüstəmovun səhhəti daha da pisləşib: "Huşsuzdur. Özünü pis hiss edir, amma buna baxmayaraq, aclığı dayandırmaqdan imtina edir".

Vəkili deyir ki, S.Rüstəmov dekabrın 1-də onun azadlığı tələbi ilə keçirilən aksiyada xəsarət almış və həbs olunan şəxslərdən üzr istəyib.

S.Rüstəmov 27 gün öncə, noyabrın 5-də aclıq aksiyasına başladığını açıqlayıb.

Beş nəfər həbs edilib

Dünən, dekabrın 1-də "Saleh Rüstəmova azadlıq" tələbi ilə keçirilən aksiya ilə bağlı saxlanılanlardan bəziləri inzibati qaydada həbs olunub.

Bu gün, dekabrın 2-də Səbail Rayon Məhkəməsinin qərarı ilə AXCP üzvləri Elçin Teymurov 25 sutka, İlham Hüseyn 30 sutka, Səyyad Quliyev 15 sutka, Elxan Əliyev isə 20 sutka inzibati qaydada həbs olunub. Onlar İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinin pozmasında təqsirli bilinib.

Dekabrın 1-də aksiyadan sonra şəhərin mərkəzində gəzintiyə çıxarkən saxlandığı deyilən fəal Rüstəm İsmayılbəyliyə isə həmin maddə ilə 30 sutka həbs verildiyi açıqlanıb.

+++

Dekabrın 1-də "Saleh Rüstəmliyə azadlıq" tələbi ilə keçirilən aksiyada saxlanıb buraxılan AXCP fəallarından Paşa DadaşzadəSaqif Qurbanovun da ciddi xəsarət aldığı bildirilir.

AXCP-dən vurğulanıb ki, P.Dadaşzadənin qolu bir neçə yerdən sındırılıb.

Dörd nəfərdən xəbər yoxdur…

Dekabrın 1-də "Saleh Rüstəmova azadlıq" tələbi ilə keçirilən aksiyadan sonra dörd nəfər fəaldan hələ də xəbər yoxdur.

Bu barədə bu gün, dekabrın 2-də onların yaxınları məlumat verib. Onlardan biri gənc fəal Rüstəm İsmayılbəyli, digərləri isə AXCP üzvləri İlham Hüseyn, Səyyad Quliyev Elxan Əliyevdir.

R.İsmayılbəylinin ailə üzvləri bildirib ki, o, aksiyada iştirak etməmişdi və aksiya bitəndən sonra şəhərin mərkəzində saxlanıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, ictimaiyyətə ətraflı məlumat veriləcək.

Tofiq Yaqublu xəstəxanaya aparılıb

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun evdə yataq şəraitində olduğu bildirilir.

Bu barədə AzadlıqRadiosuna T.Yaqublunun qızı Nigar Həzi məlumat verib. Onun sözlərinə görə, dünən, dekabrın 1-də atası aksiyada saxlandıqdan sonra döyülüb, gözləri ətrafında şişkinlik və hematomalar hələ də qalmaqdadır, gecə ağrıları olub: "Dünən, dekabrın 1-də axşam saatlarında Tofiq Yaqublu Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinədən keçirilib. Kompüter tomoqrafiyası olunub. Amma xəstəxanadakı növbətçi həkim müayinədən sonra cavab diskini bizə vermədi və dedi ki, radioloq hal hazırda yoxdur, o özü baxıb rəy verəcək. Amma dedi ki, başında və beynində qanaxma, beyin sümüklərində sınıqlar yoxdur. Bir azdan gedib diskini və həkim rəyini götürəcəyik".

Bu açıqlamaya, hələlik, xəstəxananın özündən münasibət almaq mümkün olmayıb.

DİN Tofiq Yaqublunun bölmədə döyülməsini təkzib edir

"Bu gün, dekabrın 1-də şəhərin mərkəzində razılaşdırılmayan aksiyada saxlanılanlar arasında qadın və azyaşlı yoxdur". Bu barədə mətbuatın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib. O deyib ki, saxlanan şəxslərin bir qisminə xəbərdarlıq olunaraq sərbəst buraxılıb, digərləri barəsində araşdırmalar davam etdirilir.

Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqubluya polisin xəsarət yetirməsi ilə bağlı deyilənlərə cavab olaraq şöbə rəisi əlavə edib ki, onun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır: "Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qayda da araşdırılacaq".

"İşgəncələrə son" aksiyası keçirilir

Səbail rayonu 39-cu polis bölməsinin qarşısında "İşgəncələrə son" aksiyası keçirilir.

Aksiya iştirakçıları iddia edirlər ki, Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu həmin bölmədə işgəncələrə məruz qalıb.

Tofiq Yaqublunun döyüldüyü deyilir

Saxlananlardan Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun döyüldüyü bildirilir.

Bu barədə onun qızı Nigar Həzi məlumat yayıb. Onun bildirdiyinə görə, T.Yaqublunun sifətində ciddi xəsarət yerləri də var. Qızının əlavə etməsinə görə, o, Ələtdə sərbəst buraxılıb.

Sərbəst buraxılanların vurğulamasına görə, aksiya iştirakçılarından başqa ağır xəsarət alanlar da var. Onlara da polisin fiziki güc tətbiq etdiyi bildirilir: "Lakin saxlananların heç də hamısı hələ buraxılmayıb".

Təşkilatçıların buraxıldığı deyilir

Aksiyanın saxlandığı bildirilən təşkilatçılarından Mete Türksoyun Ələtdə, İlkin Rüstəmzadənin isə Xızı rayonunda sərbəst buraxıldığı deyilir.

Bu barədə İ.Rüstəmzadə ilə saxlandığını deyən AXCP üzvü Ramiz Cəfərov məlumat yayıb. "Saat 14:20-də mən və İlkin Rüstəmzadə aksiyaya gələrkən yolda mindiyimiz taksini saxladılar və bizi avtomobildən düşürərək öz avtomobillərinə mindirdilər. Əvvəlcə hava limanı yoluna, sonra isə Xızıya gətirdilər. Hər hansı zorakılıq edilmədi. Artıq sərbəst buraxılmışıq...", - o bildirib.

***

DİN mətbuat xidmətinin məlumatına görə, aksiyanın təşkilatçıları, eləcə də polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edən bir neçə nəfər saxlanılıb, digərləri isə ərazidən uzaqlaşdırılıblar: "Saxlanılan şəxslərin hərəkətinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar aparılır".

+++

Hadisə yerində olan şəxslərin bildirməsinə görə, "Saleh Rüstəmova azadlıq" şüarı ilə keçirilən aksiyada ümumilikdə 40 civarında şəxs saxlanıb.

+++

Bakının mərkəzi ərazilərində "Saleh Rüstəmova azadlıq" şüarı yenə də səslənməkdədir. Yeni saxlananlar var. Saxlananlardan biri Saleh Rüstəmovun bacısı Yeganə Rüstəmova olduğunu deyib.

+++

Bakıda Fəvvarələr meydanında Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmova azadlıq tələbi ilə keçirilən aksiya zamanı 15 nəfərə yaxın şəxsin saxlanıldığı deyilir. Onların arasında NİDA Vətəndaş Hərəkatının, Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Müsavat Partiyasının fəallarının və müstəqil gənclərin olduğu bildirilir.

AXCP-dən verilən məlumata görə, Milli Şuranın, Müsavat Partiyasının üzvü Tofiq Yaqublu və aksiyanın təşkilatçısı İlkin Rüstəmzadə də saxlanıb.

DİN-in münasibəti...

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov "Turan"a bildirib ki, aksiyanı keçirməyə cəhd edənlər qanunu kobud şəkildə pozublar: "Çünki aksiya razılaşdırılmamış aksiyadır, koronavirus pandemiyası dövrünə təsadüf edir. Ona görə də bu cür aksiyaların qarşısı qətiyyətlə alınacaq".

+++

Bəzi aksiya iştirakçıları "İlham Əliyev istefa" şüarı da səsləndiriblər. Onları polislər saxlayıblar.

Daha sonra Bakının mərkəzindəki "Fəvvarələr meydanı"nda yenidən "Saleh bəyə azadlıq" şüarı səsləndirən bir qrup hərəkət edib. Onlar da saxlanılıb.

+++

Bu gün, dekabrın 1-i saat 14:50-də Bakıda bir çox gənc fəal "Saleh Rüstəmova azadlıq", "Bütün siyasi məhbuslara azadlıq" şüarı ilə aksiya keçirməyə başlayıb. Amma polis onların qarşısını kəsərək aksiyanın davam etməsinə imkan verməyib. Həmin vaxt saxlanan bəzi fəallara fiziki güc də tətbiq edilib.

Baş verənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikri ilə razılaşmırlar. Rəsmilər vurğulayırlar ki, siyasi məhbus kimi təqdim edilən şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.

Bir qədər sonra yenidən meydanda başqa qruplar eyni tələbləri səsləndirməyə başlayıblar, onların da qarşısı alınıb.

Mitinqin təşkilatçılarından birinin saxlandığı deyilir

Gədəbəy Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Saleh Rüstəmovun azadlığı tələbi ilə təyin olunan etiraz aksiyasının təşkilatçılarından biri Mete Türksoyun saxlanıldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna onun yoldaşlarından biri məlumat verib. Onun sözlərinə görə, bu gün, dekabrın 1-də M.Türksoyu Nəsimi rayonunda yerləşən Koala Parkın yanında mülkigeyimli şəxslər saxlayıb və naməlum istiqamətə aparıblar.

Bu deyilənlərlə bağlı Daxili İşlər Nazirliyindən, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

İctimai fəallar İlkin RüstəmzadəMete Türksoy bir neçə gün öncə Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etmişdilər. Müraciətdə bildirilirdi ki, onlar Bakıda dinc, sivil aksiya keçirmək istəyirlər. Onlar BŞİH-dən aksiya iştirakçılarının təhlükəsizliyinin təmin olunmasını xahiş edirdilər. Müraciətə, hələlik, cavab bəlli deyil.

Hazırda həbsdə olan Saleh Rüstəmov 26 gün öncə, noyabrın 5-də aclıq aksiyasına başladığını açıqlayıb. Yaxınları bildirib ki, S.Rüstəmov aksiyaya səbəb kimi icrasına başlanan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ildən artıqdır həbsdə saxlanması və ailəsinin mülkünün müsadirəsini göstərib.

Xatırlatma

S.Rüstəmov 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Sonra, mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamların dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar. AXCP ittihami yalanlamışdı.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmov 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirova şərti cəza verilib. Onların hamısı məhkəmədə ittihamları qəbul etməyiblər. B.Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG