Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:57

Saleh Rüstəmovun qohumunun evinə mülkigeyimlilər niyə gəlib


Saleh Rüstəmov

Gədəbəyin keçmiş icra başçısı, AXCP-yə maliyyə yardımına görə 7 il 3 ay həbs cəzası kəsilmiş Saleh Rüstəmovun qohumları da təqib olunduqlarını bildirir. Bu barədə AzadlıqRadiosuna S.Rüstəmovun qardaşı oğlu Sezgin Rüstəmli danışıb.

S.Rüstəmov haqqında məhkəmə hökmü ilə müsadirə olunan əmlaklar arasında Sezgingilin Bakıda - Xətai rayonu, Əhmədli qəsəbəsi, Vunq-Tau küçəsində yerləşən mənzili də var. Onun sözlərinə görə, mayın 1-də bir qrup mülkigeyimli şəxs həmin mənzilə gələrək, evə daxil olmaq istəyiblər. Həmin vaxt evdə bacısı tək olub, qapını açmaqdan imtina edib: «Əvvəl özlərini təqdim etməyiblər, sadəcə, Eldar adlı adamı soruşublar. Bacım deyib ki, burada belə adam yaşamır. İsrar eləyiblər ki, yaşayır, qapını açın. Görəndə ki, qapı açılmır, deyiblər ki, polisdir. Hədə-qorxu ilə atamı - Taleh Rüstəmovu cağırmasını tələb ediblər. Onlara deyilib ki, atam rayondadır. Yenə getməyiblər».

Sezgin Rüstəmlinin sözlərinə görə, mülkigeyimlilər sonra həyətə düşüb, təxminən saatyarım orada gözləyiblər, qonşulardan T.Rüstəmov və ailəsi haqqında soruşublar. S.Rüstəmov istisna etmir ki, əmisi və digər əmisinin oğlu Vidadidən sonra onun atasını da həbs etmək planı var: «Əmimi heç bir günahı olmadan 7 il 3 ay həbsə məhkum ediblər. Əmim oğlu Vidadini də ona təzyiq məqsədilə tutub, AXCP-yə qarşı ifadə vermək üçün işgəncələr verib, 9 ay günahsız həbsdə saxladılar. Bütün nəslimizin nəyi varsa, müsadirə ediblər. Bir nəslə belə repressiya məntiqlə verilən qərar yox, emosional və qisas xarakterli qərardır. İnana bilmirəm ki, illər ərzində edilən ümumilikdə 5 min dollarlıq yardım, – aya bəlkə 100 dollar düşər, – hakimiyyətin bu qədər qisasçı mövqe sərgiləməsinə yol aça bilər.

Bəlkə də Rüstəmovlar ailəsinin, xüsusən Saleh Rüstəmovun Qarabağ müharibəsində torpaqların müdafiəsi üçün gördüyü işlər bu hakimiyyətdə kompleks yaradıb».

Rüstəmovlar mayın 1-də mülkigeyimlilərin mənzilə daxil olmaq cəhdi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib.

Nazirlikdən müraciətin nəticəsi barədə açıqlama almaq mümkün olmayıb.

Xatırlatma

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov mayın 25-də saxlanıblar.

Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmov və qardaşı oğlu Vidadi Rüstəmli isə narkotik ittihamıyla daha əvvəl həbs edilmişdi.

Onların saxlanılması ilə bağlı Baş Prokurorluq Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamaya görə, AXCP funksionerləri və S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada S.Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri V.Rüstəmlidən alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onlar CM-in 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmov 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və B.Həsənova şərti cəza verilib.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək, «qurama iş» adlandırıb. Bildirib ki, S.Rüstəmovla uzun illərdir dostdurlar. Dostu olaraq da bir neçə dəfə ona yardım edib.

XS
SM
MD
LG