Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:48

Şair ateistlərin hisslərini təhqir etməkdə suçlanır


Məhkəmə. Foto arxiv
Məhkəmə. Foto arxiv

Rusiyanın cənubundakı Krasnodar diyarında bir şairə ateistlərin hisslərini təhqir etmək ittihamı ilə cinayət işi açılıb.

Şair Maksim Drozdov-a «dindarların hisslərini təhqir etmək» maddəsiylə iş açılıb. Bir qayda olaraq, bu maddədən güclü və siyasi əlaqələrə malik Rus Pravoslav Kilsəsi və ona sitayiş edənlərin müdafiəsində istifadə olunur.

2013-cü ildə qüvvəyə minmiş bu qanun çoxları tərəfindən Vladimir Putin-in prezidentliyinin üçüncü müddətində mühafizəkar «ənənəvi» dəyərlərə qayıdış və Pravoslav Kilsəsinin təsir gücünün artması kimi görülür. Tənqidçilər deyirlər ki, bu maddədən ifadə azadlığının boğulmasında istifadə olunur və ondan sui-istifadə çox asandır.

POLİSİN TƏHLİLİ

Drozdov-a cinayət işi isə onun VK sosial şəbəkəsindəki «Vətənpərvər Yaradıcılıq» (Patriotiçeskoye Tvorçestvo) qrupunda paylaşdığı şeirlə bağlıdır. Hökumətin diqqətini çəkən sətirsə belə səslənir: «Qorxunc ateistlərdən betər insan yoxdur, biz hələ İnkvizisiyanı da qaytaracağıq!».

Drozdov-un vəkili Aleksei Avanesyan oktyabrın 18-də Facebook-da cinayət işinə daxil edilmiş şeirin polis tərəfindən aparılmış «təhlil»ini paylaşıb. Sənəddə deyilir ki, şeirdə ateistlər «mənfi təqdim olunub». Bundan başqa, həmin sətir «bir qrupu (Allaha inananların) digər qrupa (ateistlərə) qarşı düşmənçilik hərəkətlərinə təhrik edir».

İstintaq Komitəsinin adı çəkilməyən sözçüsü ötən gün «Arqumentı i Faktı» qəzetinə deyib ki, cinayət işi vətəndaşların şikayəti əsasında açılıb.

Ancaq Drozdov RBK-yə şeirin yanlış anlaşıldığını deyib. O, özünün antifaşist olduğunu, şeirdə isə ateistləri hədəfə almadığını, əksinə, ölkədəki dini fanatiklərə güldüyünü vurğulayıb.

QRUP ŞAİRİ DƏSTƏKLƏYİB

VK sosial şəbəkəsindəki «Vətənpərvər Yaradıcılıq» qrupu da oktyabrın 18-də səhifədə şeirin yanlış anlaşıldığını yazıb. Postda deyilir ki, şeir əslində «kinoteatrlarda terror hücumları törətməklə hədələyən idiotlar» haqqındadır. Qeyd edək ki, bu yaxınlarda radikal pravoslav fəallar çar II Nikolayın bir balerina ilə sevgi macərasından bəhs edən «Matilda» filmi nümayiş olunarsa, zorakılığa əl atacaqları ilə hədələyiblər.

Qrup Drozdov-un vəziyyətindəki ironiyanı da diqqətə çatdırıb.

«Şeir XVI əsrə qayıtmağa çağıranları hədəfə alır, ancaq ateistlər onu özlərinə təhqir kimi qəbul ediblər. Drozdov-dan əlinizi çəkin», – postda deyilir.

«Vətənpərvər Yaradıcılıq» qrupunun bannerində «Göydə Allah, yerdə dövlət xadimi Vladimir Putin» şüarı yazılıb. Profil şəklində isə Roma imperatoru kimi təsvir olunmuş, başının ətrafında halə olan Putin-i görürük.

«Pussy Riot» pank-qrupu üzvünün məhkəməsi
«Pussy Riot» pank-qrupu üzvünün məhkəməsi

2013-CÜ İLDƏN SONRA...

Dini hisslər haqqında qanun 2013-cü ildə, «Pussy Riot» pank-qrupu qızlarının Moskvanın Məsih və Xilaskar Kilsəsində klip çəkməsindən sonra qüvvəyə minib. Klipdə qızlar kilsə və Kreml arasındakı sıx bağları hədəfə alıblar.

Qanunun qüvvəyə minməsindən bəri ondan bir neçə adama qarşı istifadə olunub. Onların heç biri həbs olunmasa da, bu məsələ beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.

Mayda xristianlıq və islamı lağa qoyan söyüşdolu kliplər yayan, kilsədə «Pokemon Go» oynayan Ruslan Sokolovsky nifrət yaymaqda və dindarların hisslərini təhqir etməkdə suçlanaraq 3 il yarımlıq şərti cəzaya məhkum edilib.

Digər hallarda vətəndaşlar kilsə şamı ilə siqaret yandırdıqlarına və dini ikonadan boya fırçası kimi istifadə etdiklərinə görə ittiham olunublar.

Dini hisslərin təhqir olunması maddəsi tanınmış ateistləri də qıcıqlandırıb. Jurnalist Vladimir Pozner mayda çalışdığı «Birinci Kanal»ın efirindən belə bir ritorik sual vermişdi:

«Görəsən ateist baxışlarımı açıq bildirsəm, məni də həbs edərlər?».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG