Keçid linkləri

2026, 10 Oktyabr, şənbə, Bakı vaxtı 05:57

Əliyev və Pezeşkian görüşüb: Yeni körpü layihəsi yekunlaşır

Türkmənbaşı şəhərində İlham Əliyevin Məsud Pezeşkian ilə görüşü
Türkmənbaşı şəhərində İlham Əliyevin Məsud Pezeşkian ilə görüşü

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan prezidenti İlham Əliyev ilə İran prezidenti Məsud Pezeşkian arasında görüş keçirilib.

AZƏRTAC-ın məlumatına görə, söhbət zamanı liderlərin əvvəlki görüşləri, telefon danışıqları məmnunluqla xatırlanıb, həmçinin Azərbaycan nümayəndə heyətinin yaxın vaxtlarda İrana səfəri və aparılan müzakirələr qeyd olunub.

Görüşdə regional nəqliyyat və logistika əlaqələrinə dair Azərbaycan (Şərqi Zəngəzur iqtisadi rayonu) ilə İranı birləşdirən, Araz çayı üzərində inşa olunan avtomobil körpüsü və nəqliyyat infrastrukturu — Ağbənd–Kəlalə layihəsinin icrası ilə əlaqədar işlərin yekunlaşma mərhələsində olduğu məmnunluqla vurğulanıb. Layihə Azərbaycanın əsas hissəsini İran vasitəsi ilə Naxçıvan Muxtar Respublikasına birləşdirən əlaqə kimi dəyərləndirilir.

Türkmənistanda keçmiş SSRİ respublikalarını bir araya gətirən MDB sammiti keçirilir və İran ilk dəfədir ki, belə bir tədbirdə iştirak edir.

Sentyabrın sonlarında energetika nazirinin müavini Elnur Soltanovun və baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranda rəsmi görüşlər keçiriblər. Yerli medianın yaydığı məlumata görə, bu müzakirələrin mövzularından biri də İranın Azərbaycandan elektrik enerjisi idxalını artırmaq niyyəti olub.

Tehranda İran-Azərbaycan danışıqları
Tehranda İran-Azərbaycan danışıqları
30 sentyabr

Şahin Mustafayev İran nazirləri ilə 'məhsuldar' müzakirələr aparıb

Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfəri çərçivəsində bu ölkənin rəsmiləri ilə geniştərkibli görüşlər keçirib.

AZƏRTAC-ın Nazirlər Kabinetinə istinadən sentyabrın 30-da yaydığı məlumata görə, səfər zamanı Ş.Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranın neft naziri Möhsin Paknejad və energetika naziri Abbas Aliabadi ilə də "məhsuldar" müzakirələr aparıb.

"Hər iki ölkənin iqtisadiyyatı üçün önəmli olan layihələr nəzərdən keçirilib və əməkdaşlıq perspektivləri dəyərləndirilib", - məlumatda bildirilir.

Müzakirələrin detalları açıqlanmasa da, digər yerli media qurumları İrandakı mənbələrinə əsasən Tehranın Azərbaycandan elektrik enerjisi idxalını artırmaq istədiyini bildirir.

Son aylarda iki ölkə arasında elektrik alqı-satqısına dair statistik göstəricilər ictimaiyyətə açıqlanmayıb.

Azərbaycan-İran münasibətləri 2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumdan sonra kəskin gərginləşmişdi. Həmin hücumda bir nəfər həlak olmuşdu. Sonrakı dövrdə əlaqələrdə müəyyən yumşalma yaranıb, tərəflər birgə hərbi təlimlər keçiriblər.

Amma regional geosiyasi gərginlik fonunda yeni böhranlar yaşanıb. Xüsusilə 2026-cı ilin martında İsrail və ABŞ-nin İranla hərbi toqquşmaları zamanı Azərbaycanın Naxçıvan bölgəsinə dronların düşməsi münasibətləri yenidən sınağa çəkib. Prezident İlham Əliyev bu hadisəni "terror aktı" kimi pisləyərək İrandan rəsmi üzrxahlıq tələb edib. Tehran isə qonşu dövlətləri hədəf almadığını bəyan edərək araşdırma aparılacağını bildirib. Bu gərginlik səbəbindən dayandırılan yük daşımaları iki ölkə liderinin telefon danışığından sonra bərpa edilib. Ardınca Azərbaycan İrana humanitar yardım göndərib.

Son vaxtlar ABŞ İrana qarşı illərlə davam edən sanksiyaları daha da sərtləşdirib. Vaşinqton İranın nüvə proqramını dünya üçün təhdid sayır, Tehran isə bu proqramdan geri addım atmayacağını bildirir.

​
XS
SM
MD
LG