Şamaxı-İsmayıllı yolunun 24-cü kilometrində yerləşən "Şöhlətoğlu" ailəvi istirahət mərkəzinin rəhbəri Novruz Gülməmmədov uzun müddətdir əmlakını əlindən almaq istəyən məmurların basqısına məruz qaldığını deyir. Onun sözlərinə görə, barəsində Cinayət Məcəlləsinin 188-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsiylə açılan cinayət işi də bu basqının nəticəsidir.
İşadamı həbsdə olmasa da, onunla bağlı cinayət təqibi davam edir. N.Gülməmmədovun işi baxılması üçün Ağsu rayon Məhkəməsinə göndərilib. Ancaq o bu məhkəmənin sədri Babək Qasımovun həmin işə baxmasına etirazını bildirib. Mərkəz rəhbərinin fikrincə, B.Qasımov bu iş üzrə obyektiv və ədalətli hökm çıxarmayacaq.
İşadamının vəkili məhkəməyə təqdim etdiyi yazılı etirazında da göstərib ki, hakim daha öncə N.Gülməmmədovun zərərçəkmiş olduğu başqa bir cinayət işində B.Qasımovun mövqeyi və indi məhkəmə binasında yaşananlar ondan şübhələnməyə əsas verir.
"Ağsu rayon Məhkəməsində rəsmi işçi olmayan, lakin məhkəmə sədri Babək Qasımovun sürücüsü və qohumu olan şəxs məhkəmə binasının birinci mərtəbəsində əyləşir. Ayxan adlı həmin şəxs məhkəməyə gələn, orada işi olan vətəndaşlara qeyri-rəsmi münasibətlər qurur. O, işin xeyrimə həll olunması üçün mənimlə də danışmışdı, lakin təklifiylə razılaşmadım. Elə razılaşmadığıma görə Babək Qasımovun qərəzli olaraq əleyhimə hökm çıxaracağı məlumdur", - N.Gülməmmədov etirazını belə əsaslandırıb.
O, B.Qasımovun sürücüsünün daim Ağsu rayon Məhkəməsinin binasında olduğuna inanmaqdan ötrü müşahidə kameralarının görüntülərinə baxmağın yetərli olduğunu da vurğulayıb.
Təqsirləndirilən işadamı N.Gülməmmədovun işinə Ağsu rayon Məhkəməsində baxılmasına etiraz ərizəsini hakim B.Qasımov təmin edib. Etiraz baxılmasından ötrü martın 7-də yuxarı instansiyaya – Şəki Apellyasiya Məhkəməsinə göndərilib. İşin alınıb başqa rayon məhkəməsində baxılmasına burada qərar veriləcək.
Ağsu rayon Məhkəməsinin sədri B.Qasımov 2021-ci ildə bu vəzifəyə təyin edilib. Daha öncə o, Nizami rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb.
"O, nazir olandan sonra problemlər başladı"
Sahibkar N.Gülməmmədov deyir ki, onu qanunsuz torpaq zəbt etməkdə suçlasalar da, əlində bunun əksini sübuta yetirən sənədlər var. Onun sözlərinə görə, sahibi olduğu istirahət mərkəzini 2015-ci ildə Ağsu rayonunun Nüyüd bələdiyyəsindən, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətindən aldığı altı hektarlıq ərazidə yaradıb: "Ötən illər ərzində o ərazidə 18 min ağac və gül-çiçək əkmişəm, oraları abadlaşdırmışam, iki süni göl yaratmışam. Ora həm də onlarla ailə üçün dolanışıq yerinə çevrilib".
N.Gülməmmədov 2023-cü ilin avqustunda vəkili Türkel Süleymanlı ilə birlikdə mətbuat konfransı keçirərkən bildirmişdi ki, "Şöhlətoğlu" istirahət mərkəzini əlindən almağa çalışırlar. O, başına gələnlərə görə həmin dövrdə Ekologiya və Təbii Sərvətlər naziri olan Muxtar Babayevi suçlamışdı: "O, nazir olandan sonra problemlər yaradıldı. Müavini obyekti əlimdən alıb yaxın dostlarından birinə vermək istəyir".
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də M.Babayevin özü bu ittihamlara cavab verməyib.
2018-ci ilin aprelindən nazir olan M.Babayev 2025-ci il fevralın 5-də vəzifəsindən azad edilib.