Keçid linkləri

2024, 03 Noyabr, bazar, Bakı vaxtı 10:41

ATV-nin keçmiş prezidentinə qarşı 1 milyon manatlıq təzminat tələbi


“Bakı Ağac Emalı” ASC-nin emalatxanası yanğından sonra
“Bakı Ağac Emalı” ASC-nin emalatxanası yanğından sonra

“Azad Azərbaycan” telekanalının (ATV) keçmiş prezidenti Tağı İbrahimovdan 1 milyon manat təzminat tələb olunur. Səbəb isə onun rəhbərlik etdiyi “Bakı Ağac Emalı” ASC-nin emalatxanasında 10 nəfərin öldüyü, 23 nəfərin yaralandığı partlayış və yanğındır. 1 milyon təzminatı tələb edən də hadisə vaxtı həyatını itirənlərdən biri - Adil Rüstəmovun atası Aydın Rüstəmovdur. O, məhkəmədə bu tələblə çıxış edib.

62 yaşlı Tağı İbrahimovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, “Bakı Ağac Emalı” ASC-nin inzibati təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayevlə birlikdə mühakimə olunur. Hər ikisi Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham olunur və həbsdədirlər.

T. İbrahimova üstəlik, xüsusilə külli miqdarda vergidən yayınma ittihamı da verilib. Bu maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub

Amma təqsirləndirilənlərin heç biri özlərini təqsirli bilmir.

Bu cinayət işi üzrə 44 nəfər fiziki və hüquqi şəxs zərərçəkmiş qismində tanınıb. Onların arasında yanğında həyatını itirən şəxslərin yaxınları, hadisə vaxtı xəsarət alanlarla yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də var.

Cinayət işinin materiallarında iddia olunur ki, hadisə nəticəsində təbiətə də ziyan dəyib.

Hər ailəyə 5 min manat verilib

Oktyabrın 3-də zərərçəkənlərdən bir neçəsi məhkəmədə ifadə verib.

Hadisə nəticəsində həyat yoldaşını itirdiyini və iki azyaşlı uşaqla çətin vəziyyətdə qaldığını deyən Gülnar Məmmədova ona dəymiş ziyanın əvəzi kimi, təqsirləndirilən şəxslərdən yaşayış üçün ev istəyib.

Başqa bir zərərçəkmişin hüquqi varisi Elnarə Qubadovanın da həyat yoldaşı partlayış nəticəsində həyatını itirib. Fərid Qubadov “Bakı Ağac Emalı” ASC-dən icarəyə sex götürüb işlədirmiş. Amma o, rəsmi qaydada vergi ödəyicisi olmayıb. Həyat yoldaşı ailəsinə dəymiş maddi və mənəvi ziyana görə təzminat tələb etdiyini vurğulayıb.

Atasını itirdiyini deyən Bəhram Atakişiyev isə 60 min manat təzminat tələb edib.

Təqsirləndirilən T. İbrahimov deyir ki, partlayışda həlak olan şəxslərin ailələrinin hər birinə 5 min manat pul verilib. ATV-nin keçmiş prezidenti həmin ailələr üçün bundan sonra da nə lazımdırsa, olunacağına söz verib.

Məhkəmə prosesi isə oktyabrın 22-də digər zərərçəkənlərin dindirməsilə davam edəcək.

Xatırlatma

Partlayış 2024-cü il yanvarın 15-də Bakıda – Binəqədi rayonu, 7-ci mikrorayonda baş verib.

Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov, işadamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.

İ. Nehrəmli mediaya açıqlamasında bildirib ki, yanğının baş verdiyi obyekt hüquqi baxımdan qardaşının mülkiyyətində olsa da, onun istifadəsində deyildi. Onun sözlərinə görə, obyekti qardaşı icarəyə vermişdi və icarəçi də mebel sexi kimi istifadə edirdi.

T. İbrahimov həmçinin Bakıda çoxmərtəbəli binaların tikintisiylə məşğul olurdu.

XS
SM
MD
LG