Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:30

Nazim İbrahimovun qardaşı: 'Villaya görə 100 min borcum qalıb'


Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri N.İbrahimov
Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri N.İbrahimov

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, işadamı Sahib İbrahimovun həbsi tələb olunub. S.İbrahimovun haqqındakı cinayət işində zərərçəkən Etibar Allahverdiyevin vəkili Xaqani İmanov noyabrın 28-də məhkəmədə bu barədə vəsatət qaldırıb.

Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Ev dustaqlığında olan işadamına həbs tələbi

Zərərçəkən həm də 162 min 400 dollarlıq maddi ziyanın, 50 min manat isə mənəvi zərərin ödənilməsi tələbiylə mülki iddia qaldırıb. Məhkəmə iddianı icraata götürüb.

S.İbrahimov haqqında ev dustaqlığı qətimkan tədbirinin ləğv edilib onun həbs olunması barədə zərərçəkmişin tələbinə gəlincə, bu vəsatət təmin olunmayıb.

Dekabrın 5-də bu iş üzrə məhkəmə istintaqı başlayacaq.

Bu arada, S.İbrahimovun istintaqa ifadəsi məlum olub. 47 yaşlı işadamı deyir ki, 1996-cı ildən biznes fəaliyyətiylə məşğuldur.

1999-cu ildə «STS» şirkətini təsis edib. Şirkətin 95 faiz payı ona aid olub. Keçmiş Karl Marks dairəsi yaxınlığında - Səttar Bəhlulzadə-14 ünvanında sökülən 16-mərtəbəli bina haqqında danışan S.İbrahimov bildirib ki, 2006-2008-ci illərdə binanı tikib vətəndaşlara satıblar. Satışı da şirkətin direktoru Məzahir Cəfərov həyata keçirib. Təqsirləndirilən işadamı binanın 2008-ci ildə dövlət tədbiri ilə əlaqədar söküldüyünü desə də, həmin tədbirin nədən ibarət olduğunu açıqlamır. İttihamda da həmin binanın dövlət ehtiyacları məqsədilə satıldığı yazılıb.

«Mən sonradan bildim ki...»

S.İbrahimovun sözlərinə görə, həmin binadan ev alanların bəzilərinə nağd pul qaytarılıb. Bir çoxuna isə şirkətin direktoru M.Cəfərov «Sahil-D Company»nin tikdiyi binalarda mənzil verib. İttihama əsasən, sökülən binada evi olanlara yeni mənzil verilməsi barədə müqavilələr imzalansa da, məlum olub ki, həmin mənzillər başqalarına məxsusdur, müqavilələr saxtadır.

«Sahil-D Company» şirkəti isə 2004-cü ildə S.İbrahimovun qaynı Taleh Abdullayevin adına qeydiyyatdan keçib. İşadamı deyir ki, 2007-ci ildə T.Abdullayev bu şirkətdəki payının 25 faizini ona, 45 faizini İlham Qasımova, qalanını isə Mercan Hasan, Mercan Mövlana Ali, Mercan Ebubekir Bülent və Süleyman Ecevitə satıb. «Sahil-D Company»nin direktoru da M.Cəfərov olub: «Taleh şirkətin direktoru vəzifəsinə öz qohumu Məzahir Cəfərovu təyin etmişdi. Mənzilləri Məzahir Cəfərov satırdı».

Bir neçə il öncə mənzil fırıldaqçılığı suçlamasıyla M.Cəfərov haqqında da cinayət işi qaldırıb. Araşdırmalar gedən dövrdə o, intihar edib.

««STS» və «Sahil-D Company» şirkətlərinin möhürü həmişə M.Cəfərovda olub. Bir dəfə mən Məzahirdən möhürü istəyəndə vermədi, dedi ki, itirmişəm. Mən də Talehə müraciət edib, şirkətin yeni möhürünü çıxartdırdım. O möhürü də Məzahirə verdim. Sonradan mən bilmişəm ki, Məzahir bir neçə adamdan pul alıb, ikinci möhürlə də saxta müqavilələr tərtib edib, eyni mənzili bir neçə vətəndaşa satıb», – S.İbrahimov istintaqa ifadəsində bildirib.

Villanın əvəzində 500 min dollar və 7 mənzil

Zərərçəkənlərin bir qismi də «Sahil-D Company»nin Xətai rayonunda inşa etdiyi binada mənzil almaq istərkən aldadılanlardır. Onların pul verib aldıqları mənzillər öncədən başqalarına satılıbmış. S.İbrahimov bu barədə ifadəsində deyib ki, 2006-cı ildə «İSR Holdinq»lə şifahi razılaşma əldə olunub. Razılaşmaya görə, onların Xətai rayonunda yerləşən torpaq sahəsində çoxmərtəbəli yaşayış binasını «Sahil-D Company» tikməliydi, «İSR Holdinq» də bu işdən pay alacaqdı: «Mən «Sahil-D Company»nin tikdiyi yaşayış binası üçün 16.6 milyon dollar xərcləmişəm. Amma Məzahir Cəfərova «Sahil-D Company»nin tikdiyi binadan mənzilləri «STS» şirkəti adından satmaq göstərişini verməmişəm. Məzahir mənim xəbərim olmadan öz imzası isə «STS»in möhürünü vuraraq «Sahil-D Company»nin mənzillərini satıb, pulları isə İlham Qasımovla birgə xərcləyib. O binadan mənzil alan şəxslərin əksəriyyəti ilə görüşməmişəm, onlardan pul almamışam. O vətəndaşlarla Məzahir Cəfərov görüşüb, alqı-satqını da özü həyata keçirib».

İşadamına qarşı ittihamda 2.6 milyona aldığı villanın pulunu ödəməməsi məsələsi də var. S.İbrahimov bu haqda danışarkən deyib ki, evin sahibi Zabit Hüseynovla razılaşmaları belə olub - villanın əvəzində 500 min dollar və 7 mənzil: «Nağd pulu vermişəm, mənzillərin də əksəriyyətini onların adına keçirmişəm. Sadəcə, 100 min manat borcum qalıb, onunla bağlı borc müqaviləsi imzalamışam, qaytarmağa imkanım olmayıb».

S.İbrahimov Həsən Əliyev küçəsində «Galaxy Palace» MMC-nin tikdiyi binadan satılan mənzillərə görə yaranan vergi borcu ilə bağlı özünü təqsirli bilib. Deyib ki, 1 milyon 438 min manat vergi borcundan istintaq dövründə 370 min manat ödəyib. Qalan pulu isə ödəmək imkanı olmayıb: «Həmin binanın satışından gələn vəsaitləri dövlətin göstərişiylə Səttar Bəhlulzadə küçəsində sökülən binanın sakinlərinə verilib. Çünki o bina mənzillər satıldıqdan sonra dövlət ehtiyacları üçün sökülüb. Lakin biz dövlət tərəfindən veriləcək kompensasiyanı ala bilmədiyimizə görə vergini ödəyə bilməmişik».

S.İbrahimov avqustda həbs olunub. Ona qarşı CM-nin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq), 192 (qanunsuz sahibkarlıq), 213 (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. Xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluğa görə 10 ildən 14 ilə qədər, qanunsuz sahibkarlıqla külli miqdarda qazanc əldə etməyə görə 5 ilə qədər, xüsusilə külli miqdarda vergidən yayınmaya görə 7 ilə qədər həbs nəzərdə tutulub.

S.İbrahimov bir aya qədər həbsdə saxlandıqdan sonra sentyabrın əvvəlində ev dustaqlığına buraxılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG