Yeni tikilən binalarda eyni mənzillərin bir neçə nəfərə satılmasıyla bağlı onlarla cinayət işləri, yüzlərlə məsuliyyətə cəlb olunan, minlərlə zərərçəkən var. Lakin nə bu yolla vətəndaşları aldadanların sayı azalır, nə də inanıb aldananların...
Paytaxtın Binəqədi rayonu, Arif Məmmədov küçəsi 10 ünvanında «Avro Qrand» Mənzil-Tikinti Kooperativinin inşa etdiyi binadan mənzil almaq istərkən pullarını da itirən daha 24 nəfər var. Onlar tikinti gedə-gedə ev almaq istəyiblər ki, daha ucuz başa gəlsin. Çünki inşası başa çatmış binada mənzillər daha baha qiymətə satılır. Nəticə də budur ki, indi məhkəmə qapılarında qalıblar.
Hakim önünə çıxarılan isə «Avro Qrand»ın rəhbəri 63-yaşlı Xanlar Cəfərovdur. Ona CM-in 178.3.2 (killi miqdarda ziyan vurmaqla dələduzluq), 213 (vergidən yayınma) və başqa maddələriylə ittiham verilib. Oktyabrın 26-da məhkəmədə X.Cəfərov özünü qismən təqsirli bildiyini söyləyib.
Cinayət işində 12 mənzilin hər birinin iki nəfərə satılmasından söhbət gedir, ona görə zərərçəkmişlərin sayı 24 nəfərdir.
2 milyonluq əmlak üzərində həbs
İşadamının vəkilləri bildirir ki, zərərçəkmişlərlə barışıq əldə olunub, bircə Natiq Ağamirzəlidən başqa.
İttihamda yazılıb ki, təqsirləndirilən X.Cəfərov mənzil satmaq adıyla N.Ağamirzəlinin 13 min manatını ələ keçirib. Amma zərərçəkmiş özü məhkəmədə deyib ki, 13 min yox, 42 min ödəyib və pulun hamısını da tələb edir. Onun sözlərinə görə, pulun 13 min manatını X.Cəfərovun özünə verib, qalanını isə Vüqar Əliyev və başqaları vasitəsilə ona çatdırıb.
Şirkət rəhbəri isə bildirib ki, ona ittihamda yazıldığı kimi, 13 min qaytaracaq.
X.Cəfərov həm də 1 milyon 30 min manat vergidən yayınmaqda suçlanır.
Vəkilləri deyir ki, şirkət rəhbərinin səhhətində problem var. Müdafiəçilər onun üzərində cərrahiyyə əməliyyatı aparılması barədə sənədləri məhkəməyə təqdim ediblər. Müdafiəçilər onun məhkəmə hökm çıxarana qədər ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb: «Xanlar Cəfərova 1 milyon 30 min manat vergidən yayınma ittihamı verilib. Amma onun 2 milyondan artıq dəyəri olan əmlakına həbs qoyulub. Yəni məhkəmə sonda əmlakı ziyanın ödənilməsinə yönləndirə bilər. Bütün bunları nəzərə alaraq, X.Cəfərovun ev dustaqlığına buraxılmasını xahiş edirik».
Hakimlər vəsatəti rədd edib.
Məhkəmə araşdırmaları davam edir.
«Avro Qrand»dan ev almaq istəyən zərərçəkənlər tikintinin yarımçıq qaldığını görəndə şübhələnib, özləri araşdırma aparmağa başlayıblar. Onda üzə çıxıb ki, eyni mənzil bir neçə nəfərə satılıb. Sonuncu dəfə ikiotaqlı mənzil ucuz qiymətə növbəti müştəriyə satılanda Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları X.Cəfərovu saxlayıb.
Külli miqdarda ziyan vurmaqla dələduzluğa görə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə, xüsusilə külli miqdarda vergidən yayınmaya görə isə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 4 mislindən 5 mislinədək cərimə, yaxud da 5 ildən 7 ilə qədər həbs nəzərdə tutulub.