Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 13:07

Saharanı böyük günəş batareyasına çevirəkmi


Sahara
Sahara

Sahara səhrası, əsasən, daş, qum və dyunlarla örtülüdür. Tək-tük vadilər istisna olmaqla, bitki örtüyü cüzidir. Nottingem Trent Universitetinin mühəndislik sistemləri professoru Amin al-Habaibeh «The Conversation» jurnalı üçün yazdığı məqalədə Sahara günəşinin bütün planeti külli miqdarda enerji ilə təmin edəcək qədər güclü olduğunu iddia edir.

«Statistikaya görə, bütün səhralar birlikdə bir ölkəyə çevrilsəydi, bu, dünyanın beşinci ən böyük ölkəsi olardı. Bu, Braziliyadan böyük, Çin və ABŞ-dan bir qədər kiçik ərazi deməkdir. NASA-nın hesablamalarına görə, səhranın hər kvadratmetri ildə orta hesabla 2000-3000 kilovat/saat günəş enerjisi qəbul edir. Saharanın sahəsinin 9 milyon kvadratkilometr olduğunu nəzərə alsaq və bütün ərazinin günəş enerjisinə qərq olduğunu ehtimal etsək, bu, ildə 22 milyard qiqavatt-saatlıq enerji deməkdir.

…Bu o deməkdir ki, bütün səhranı örtən hipotetik günəş batareyası sahəsi hətta …dünyanın ən iri elektrik stansiyasından belə 2 min dəfə çox enerji istehsal edərdi. Onun verdiyi enerji gündə 36 milyard barrel neftdən (bu isə adambaşına gündə 5 barrel neft deməkdir) alınan enerjiyə bərabər olardı. Bu ssenari baş tutsaydı, Sahara Avropanın elektrik enerjisi tələbatından 7 min dəfə artıq enerji istehsal edə bilərdi. Bu isə karbon emissiyalarının az qala yerli-dibli olmaması deməkdir», – məqalədə deyilir.

Avropaya yaxınlıq

Müəllif daha sonra Saharanın Avropaya çox yaxın olma faktını vurğulayır: «Şimali Afrika ilə Avropa arasında ən qısa məsafə Cəbəllütariq boğazında cəmi 15 kilometrdir. Ancaq hətta bundan xeyli uzaq, Aralıq dənizindən keçən məsafələr belə kifayət qədər praktikdir. Nə qədər olmasa, dünyanın ən uzun sualtı kabeli Norveçlə Niderland arasındakı təqribən 600 kilometrlik məsafədən keçir».

Son 10 il ərzində professor Amin al-Habaibeh və həmkarları də daxil olmaqla alimlər səhraların artmaqda olan enerji tələbatını ödəmə və Avropanı enerji ilə təmin etmə potensialını öyrəniblər. Bütün bu düşüncələrin praktik məcraya keçirilməsi istiqamətində planlar qurulub. Bunların arasında ən çox nəzərəçarpan plan «Desertec» layihəsidir. 2009-cu ildə elan olunmuş bu layihə qısa zamanda bankların və enerji şirkətlərinin diqqətini və sərmayəsini cəlb etməyə nail olub. Ancaq 5 il sonra layihə baha başa gəldiyindən əsas investorların çoxu geri çəkilib. Məqalədə deyilir ki, müxtəlif siyasi, ticari və sosial amillər, o cümlədən regionda sürətli inkişafın olmaması belə layihələrin reallaşmasına mane olur.

Nisbətən daha yaxın zamanlarda irəli sürülən layihələrdən biri Tunisdə gerçəkləşən «TuNur» layihəsidir. Onun məqsədi Avropada 2 milyondan artıq evi enerji ilə təchiz etməkdir. Mərakeşdə həyata keçirilən Nur Günəş Elektrik Stansiyası (Noor Complex Solar Power Plant) layihəsi də Avropaya enerji ixrac etməyə iddialıdır.

İki texnologiya

Al-Habaibeh yazır ki, hazırda bu kontekstdə günəşdən elektrik enerjisi almaq üçün iki praktik texnologiya mövcuddur: konsentrasiya olunmuş günəş enerjisi (CSP) və adi fotovoltaik günəş panelləri. Hər birinin yaxşı və pis tərəfləri var.

Konsentrasiya olunan günəş enerjisi üçün linza, yaxud güzgülərdən istifadə edilir. Bu linza və güzgülər günəşin enerjisini müvafiq nöqtəyə fokuslandırır. Nəticədə həmin nöqtə son dərəcə qızır. Daha sonra bu istilik ənənəvi buxar turbinləri vasitəsilə elektrik enerjisinə çevrilir. Bəzi sistemlər enerjini qoruyub saxlamaq üçün ərinmiş duzdan istifadə edir. Bu, gecə saatlarında da elektrik enerjisi hasil etməyə imkan verir.

Habaibeh hesab edir ki, CSP Sahara üçün daha uyğundur. Səbəb düz günəş şüalarının intensiv təsiri, buludların olmaması və çox yüksək temperaturlardır. Ancaq qum fırtınaları linza və güzgülərin üstünü örtə bilər. Turbin və buxar sistemləri isə kifayət qədər mürəkkəb texnologiyalardır. Bu işin ən mənfi hissəsi isə bu sistemlərin onsuz da kasad olan su resurslarını işlətməsidir.

Fotovoltaik günəş panelləri isə yarımkeçiricilərin köməyi ilə günəş enerjisini birbaşa elektrik enerjisinə çevirir. Bu, günəş enerjisi istehsalının ən yayğın formasıdır. Bu şəkildə əldə olunan enerji ümumi şəbəkəyə də qoşula bilər, ayrı-ayrı binalara da. Bu üsul buludlu havada da yetərincə enerji hasil etməyə imkan verir.

Bu üsulun mənfi tərəfi odur ki, panellər həddindən artıq qızanda səmərəlilik aşağı düşür. Yayda temperaturların asanlıqla kölgədə 45ºC-ni keçdiyi Saharada isə bu, işləri çətinləşdirir. Üstəlik, günün ən isti vaxtında kondisionerlərə ehtiyac artdığından daha çox enerji tələb olunur. Qum fırtınaları bu üsula da problem yarada bilər. Qum günəş panellərinin üstünü örtüb məhsuldarlığı azalda bilər.

XS
SM
MD
LG