2026, 23 Noyabr, bazar ertəsi, Bakı vaxtı 17:05

İcra başçısı ilə kənd sakini arasında '15 ton arpa' qalmaqalı

Şabranın icra başçısı Asif Hüseynov
Şabranın icra başçısı Asif Hüseynov

Şabranın icra başçısı Asif Hüseynovla bu rayonun Uzunboyad kənd sakini Vüsal Muradov arasında qalmaqal yaşanır. Kənd sakini deyir ki, icra başçısı 7 ildir ondan aldığı 15 ton toxumluq arpanın pulunu vermir. İcra başçısı isə bunun yalan olduğunu, V.Muradovdan nə arpa, nə də başqa məhsul aldığını bildirir. Onun sözlərinə görə, kənd sakini müxtəlif saytlara müsahibələrində və sosial şəbəkələrdəki paylaşımlarında ona böhtan atıb.

A.Hüseynov kənd sakininin böhtan ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə məhkəmədə iddia qaldırıb.

52 yaşlı V.Muradov mediadakı müsahibə və paylaşımlarında iddia edir ki, icra başçısı 2019-cu ilin oktyabrında köməkçisi ilə onun təsərrüfatına gəlib, anbara baxıb və 15 ton toxumluq arpa istəyib. Onun sözlərinə görə, yaxın günlərdə maşın və fəhlələrin gələrək 15 ton toxumluq arpanı aparacağı barədə razılaşıblar: "Kiloqramı 70 qəpikdən razılaşdırılıb — 15 ton üçün 10 min 500 manat. Bir neçə gündən sonra Şabran rayon Yaşıllıq və Təmizlik İdarəsinə aid yük maşını və iki nəfər fəhlə təsərrüfata gəlib, iki dəfəyə (birinci dəfə 10 ton, ikinci dəfə 5 ton) 15 ton toxumluq arpanı daşıyıb aparıb. Lakin pulu bugünədək ödənilməyib".

O, eyni fikirləri icra başçısı ilə məhkəmə prosesində də təsdiqləyib.

İcra başçısı isə bu barədə deyilənlərin böhtan olduğunu bildirir.

A.Hüseynovun xüsusi ittiham qaydasında qaldırdığı iddiaya Xaçmaz rayon Məhkəməsində baxılıb. Buna səbəb V.Muradovun müsahibəsinin yayımlandığı saytlardan birinin həmin rayonun ərazisində yerləşməsidir.

Fotolar təqdim edib

Məhkəmənin gedişində V.Muradov 10 ton arpa ilə bağlı qaimə-faktura sənədini və Şabran rayon kommunal müəssisəsinə məxsus yük avtomobilinin onun evinin qarşısında olarkən çəkilmiş fotosunu təqdim edib. Fotolarda avtomobilin yük yerində kisələr, fəhlə geyimində olan şəxslərin həmin kisələri daşıması və digər detallar görünür.

Arpa
Arpa

Məhkəmə Şabran rayon Yaşıllıq və Təmizlik İdarəsinə sorğu göndərərək fotolardakı avtomobil və şəxslər haqqında cavab istəyib. İdarədən avtomobilin bu müəssisəyə məxsus olduğu təsdiqlənsə də, fotoşəkildə əks olunan Rəşad adlı şəxsin orada işləmədiyi bildirilib. Amma Əmək Müfəttişliyi Xidməti sorğuya cavabında həmin şəxsin Şabran rayon Yaşıllıq və Təmizlik İdarəsində bağ fəhləsi vəzifəsində çalışdığını göstərib.

İcra başçısını məhkəmədə təmsil edən nümayəndə isə deyib ki, bu arqumentlər sübut kimi qəbul oluna bilməz: "Şabran rayon Yaşıllıq və Təmizlik İdarəsinin xidməti avtomobili vasitəsilə arpa aparılması haqda deyilənlər yalandır. Bu idarənin avtomobilləri gün ərzində xidməti vəzifə ilə əlaqədar rayonun müxtəlif ərazilərində olur. Rayonun istənilən yerində həmin maşınları görmək mümkündür".

İcra başçısının başqa bir arqumenti də V.Muradovun bu illər ərzində məhkəməyə şikayət verməməsi və ondan pulunu istəməməsi ilə bağlıdır: "Hər həftənin çərşənbə günləri icra hakimiyyətinin binasında, ildə azı iki dəfə Uzunboyad və Məliklər kəndlərində səyyar qəbullar keçirirəm. Heç vaxt qəbula gəlməyib. Əsaslı tələbi var idisə, niyə yaxınlaşıb öz sözünü deməyib? Ona görə də baş verənləri qərəzli yanaşma, böhtan kimi qiymətləndirirəm".

Xaçmaz rayon Məhkəməsi icra başçısının iddiasını əsassız sayaraq V.Muradov haqqında bəraət hökmü çıxarıb. A.Hüseynov hökmdən narazı qalıb və apellyasiya şikayəti verib.

"Səbəbini icra başçısında görüb"

İcra başçısının nümayəndəsi apellyasiya məhkəməsində vurğulayıb ki, V.Muradovun qardaşı bələdiyyə sədri vəzifəsini itirdiyinə görə icra başçısına böhtan atmaqla ondan qisas almağa çalışıblar: "Onun qardaşı Rafiq Muradov uzun müddət Şabran rayonunun Uzunboyad kənd bələdiyyəsinin sədri vəzifəsində çalışıb. Sonradan həmin kənd də daxil olmaqla bir neçə kənd bir bələdiyyədə birləşdirilib. Ona görə Rafiq Muradovun da fəaliyyətinə xitam verilib. Rafiq Muradov bələdiyyə sədri kimi fəaliyyətini bərpa edə bilməməsinin səbəbini icra başçısında görüb. Bundan sonra sosial şəbəkədə böhtan xarakterli paylaşımlar edilib".

V.Muradov isə məhkəmədə bu iddianı təkzib edib. O, satdığı arpanın pulunu tələb etdiyini söyləyib.

Ötən illər ərzində ödənişlə əlaqədar məhkəməyə şikayət verməməsini isə belə izah edib: "Bu adam icra başçısıdır, dəfələrlə də pulun ödəniləcəyi barədə vəd vermişdi, mən də inanmışdım. Ona görə şikayət verməmişdim".

Noyabrın 5-də Sumqayıt Apellyasiya Məhkəməsi hökmü dəyişib və Şabran sakini haqqında ittiham hökmü çıxarıb. V.Muradov Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimələnib.

​
XS
SM
MD
LG