Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:40

Saatlıda pambıq tarlasında işləyənlərin halı pisləşib


İyunun 28-də Saatlı rayonunun Əbil kəndində pambıq tarlasında alaq otlarını təmizləyən işçilərin halının pisləşdiyi deyilir.

Bu barədə AzadlıqRadiosuna həmin kənddən olan sakinlər məlumat verib. Onların sözlərinə görə, vəziyyəti ağır olan işçilər əvvəlcə tarladan bir həyətə gətirilib, buradan isə təcili yardımla rayon xəstəxanasına aparılıb.

Saatlı Rayon Mərkəzi Xəstəxanasından da bu deyilənləri təsdiqlədilər. Baş həkimin müavini Adəm Əliyev bildirib ki, müraciət edənlər rayonun Əbil və Sarıcalar kəndində olan, tarla işi görən fəhlələr olub: “9 nəfərdə günvurma olub. Onlara ilkin yardım göstərildi. Heç iki saat da keçməmiş vəziyyətləri yaxşılaşdı və evə buraxıldılar.”

Azərbaycanın əmək qanunvericiliyinə görə havanın temperaturu 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda, başqa iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

Son günlər Mərkəzi Aran rayonlarında havanın temperaturu kəskin yüksəlsə də, tarla işlərinin dayandırılmadığı bildirilir.

İki gün əvvəl, iyunun 26-da da rayonun Azadkənd kəndi ərazisindəki pambıq sahələrindən birində çalışan bir neçə işçinin rayon xəstəxanasına aparıldığı bildirilirdi.Onları da gün vurduğu açıqlanmışdı.

Xatırlatma

Son 3 həftədə Azərbaycandakı pambıq sahələrindən narahatedici məlumatlar yayılır. Bu zaman ölkənin ayrı-ayrı bölgələrindəki pambıq sahələrində 4 kütləvi zəhərlənmə hadisəsinin qeydə alındığı bildirilir.

Bu hadisələrlə əlqədar artıq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb.

Söhbət Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma - ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi - ağır nəticələrə səbəb olduqda) maddələrindən gedir.

Bu işlə əlqədar həbs edilənlərin də olduğu bildirilir.

XS
SM
MD
LG