Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:00

7 saatlıq danışıqlarla bağlı yozumlar


Cenevrədə Qarabağ danışıqları. 29.01.2020
Cenevrədə Qarabağ danışıqları. 29.01.2020

Yanvarın 29-da Cenevrədə ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və onun Ermənistandan olan həmkarı Zöhrab Mnatsakanyan arasında danışıqlar olub. Son illər ilk dəfədir ki, görüş 7 saat davam edib. Yanvarın 30-da isə danışıqların ikinci raundunun davam etməsi gözlənilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib ki, «ümumilikdə tərəflər, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsi və gündəliyindəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış edirlər».

H.Hacızadə
H.Hacızadə

«Amma ola bilər ki,...»

Politoloq, Azərbaycanın Rusiyada keçmiş səfiri Hikmət Hacızadə AzadlıqRadiosuna deyib ki, gülməli də olsa, əslində danışıqların belə uzun çəkməsinin özü də pozitiv işarədir, heç nə olmayan yerdə bu danışıq da bir qənimətdir. O, əlavə edib ki, Azərbaycanın öz mövqelərindən geri çəkiləcəyinə inanmır: «Amma ola bilər ki, Rusiya Ermənistanı möhkəm sıxsın. Onu hansısa güzəştlərə razı sala bilsin. Tutaq ki, hansısa rayonları qaytarmaq, Kəlbəcər və Laçın rayonları ilə bağlı məsələləri müzakirə etmək, bölgəyə sülhməramlı qüvvələrin gətirilməsi müzakirə oluna bilər».

Keçmiş səfir habelə vurğulayıb ki, Rusiya Ermənistana onu Azərbaycandan himayə etmək təklifi də verə bilər: «Bu himayə hansısa sülhməramlı qüvvələrin bölgəyə gəlməsi ola bilər. Ermənistan, əlbəttə, Rusiya sülhməramlılarının gətirilməsini istəyə bilər».

H.Hacızadə daha sonra da ehtimallarını belə ifadə edib:

«Demək, nəsə var»

«Bir zaman var idi ki, Ermənistan torpaqları qaytarmayacağını deyirdi. Amma indi 7 saat danışıblarsa, demək, nəsə var. Demək, Rusiya bunları sıxıb, hansısa rayonlar müzakirə edilir. Nəsə, müzakirə başladı. Böyük ümidim yoxdur, ancaq bu danışıqlar özü də da bir qənimətdir».

Başqa bir politoloq Qabil Hüseynlinin «Turan» agentliyinə bildirməsinə görə də, indi danışıqlarda pozitiv dəyişikliyə ümid bəsləyənlər də var. O düşünür ki, ATƏT-in Minsk qrupunun Ermənistana təzyiq göstərdiyi barədə fikirlər var və bu, danışıqlar prosesini keçmiş Ermənistan prezidenti Serj Sarkisyan zamanında qaldığı nöqtədən tərpətmək üçün edilir.

Politoloqun vurğulamasına görə, indiki baş nazir Nikol Paşinyanın qondarma «Dağlıq Qarabağ Respublikası»nın danışıqlarda iştirakına dair irəli sürdüyü fikirlər qətiyyətlə rədd edilir.

Q.Hüseynli
Q.Hüseynli

«Fikrimcə, söhbət...»

«Fikrimcə, söhbət 7 rayonun qaytarılmasından, Laçın dəhlizindən gedir. Düzdür, Laçın və Kəlbəcər rayonları Dağlıq Qarabağın statusunun müəyyən olunmasına qədər tam azad edilmir. Amma hər halda, 7 rayonun azad olunması, bölgəyə sülhməramlı qüvvələrin gətirilməsi müzakirə edilir».

Danışıqların bu qədər uzanmasına gəlincə, Q.Hüseynli bunun Ermənistan xarici işlər naziri Z.Mnatsakanyanın hansısa real olmayan təkliflərlə çıxış etməsiylə bağlı ola biləcəyini düşünür.

«Güman edirəm ki, danışıqların bu qədər uzanması Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın müxtəlif təklifləri ilə bağlı ola bilər. ATƏT həmsədrləri də bilir ki, bu təkliflər bölgəni müharibəyə aparar. Ona görə də, danışıqlar bu qədər uzanır», - Q.Hüseynli belə deyir.

Xatırlatma

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb.

1994-cü ildə atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG