Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:20

S.Lavrov: 'Bu təşəbbüsün müəlliflərindən biri Rusiyadır'


Mətbuat konfransı
Mətbuat konfransı

Bu gün, dekabrın 3-də Bakıda səfərdə olan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycandan olan həmkarı Elmar Məmmədyarovla görüşündən sonra onların birgə mətbuat konfransı olub.

«Turan» agentliyinin xəbərinə görə, konfransın əvvəlində S.Lavrov Azərbaycan prezidenti İlham Əliyevlə dekabrın 2-də keçirilmiş görüşündə dialoqu «çox zəngin və ətraflı söhbət» adlandırıb. «Dünən Azərbaycan prezidenti ilə çox məzmunlu görüş keçirdik. Görüşün yekunlarına görə çox əhəmiyyətli razılaşmalar əldə olunub», - S.Lavrov qeyd edib.

Jurnalistlərin suallarını cavablandıran Lavrov qeyd edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə (bu ilin aprelində-red.) qeyri-formal sənəd ətrafında müzakirələr aparılıb:


«Əhali və xalqlar arasında münasibətlərin qurulması vacibdir. İstənilən qərarı bu torpaqlarda yaşayan həm Ermənistan, həm Azərbaycan, həm də Dağlıq Qarabağın bütün əhalisi verməlidir. İcmalararası görüşlər əvvəllər də keçirilib və bərpa olunmalıdır. Bu, perspektivli mövzudur. Dağlıq Qarabağın icmaları gələcək yaşayış barədə müzakirələr aparmalıdır».

S.Lavrov əlavə edib ki, Rusiya Dağlıq Qarabağ məsələsində kompromis imkanı olduğunu anlayır. Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi, Dağlıq Qarabağ münaqişəsinin həllinə tam töhfə verəcək.

O, iki ölkənin jurnalistlərinin qarşılıqlı səfərlərini vacib sayıb: «Bu təşəbbüsün müəlliflərindən biri də Rusiyadır. Jurnalistlər bu istiqaməti nə qədər çox işıqlandırsa, əldə etməyə ümid etdiyimiz hədəflər daha dayanaqlı olacaq».

Məmmədyarov: «Ümid edirəm ki, Bratislavada…»

Azərbaycanın Xarici İşlər naziri E.Məmmədyarov isə Qarabağ məsələsində ölkəsi üçün mövcud status-kvo vəziyyətinin uyğun olmamasından danışıb. O, dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşə ümidli baxdığını qeyd edib: «Ümid edirəm ki, Bratislavada irəli addım atacağıq. Biz irəli addım atmağı dəstəkləməliyik, mövcud status-kvo heç kəs üçün uyğun deyil».

E.Məmmədyarov bildirib ki, Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Dağlıq Qarabağın statusu və təhlükəsizliyi məsələsini qaldırmaq niyyətindədir. «Bəli, təhlükəsizlik vacibdir. Amma bu, həm də Azərbaycan, onun Qarabağdakı əhalisi üçün vacibdir. Dağlıq Qarabağdan olan qaçqınlar normal həyatlarına qayıtmalıdırlar. Vəziyyətin qiymətləndirilməsi və təhlükəsizlik məsələsinin həlli ilə bağlı hesabatın hazırlanması ilə əlaqədar həmsədrlərə müraciət etdik…», - E.Məmmədyarov deyib.

O, Qarabağ münaqişənin mərhələli şəkildə həll olunmasını vacib sayıb.

S.Lavrov da Bratislavada keçiriləcək görüşdən nəticə gözlədiyini vurğulayıb. O, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq barədə sualları cavablandıraraq bunu Moskva ilə Bakı arasında strateji partnyorluğun ən vacib sahələrdən biri adlandırıb. «Biz hərbi-texniki əməkdaşlığı beynəlxalq qanunvericilik çərçivəsində inkişaf etdiririk. Regiondakı qüvvələr balansını və sabitliyin qorunmasının əhəmiyyətini nəzərə almaqla».

O, yeni müqavilənin imzalanmasını istisna etməyib.

E.Məmmədyarov da S.Lavrovun sözlərini təsdiqləyib.

Xatırlatma

Rusiya Xarici İşlər naziri S.Lavrov dekabrın 2-dən Azərbaycanda səfərdədir. O, səfərinin ilk günü Prezident İlham Əliyevlə görüşmüşdü.

Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildən başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır.

ABŞ, Rusiya və Fransa Minsk qrupunun həmsədr dövlətləridir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG