Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 17:36

Saakaşvili hərbi hospitala köçürüləcək və aclığı dayandıracaq


Mixeil Saakaşvili
Mixeil Saakaşvili

Hökumət Saakaşvilinin Qoridəki hərbi hospitala köçürülməsini təklif etmişdi

Gürcüstanın həbsxanada olan keçmiş prezidenti Mixeil Saakaşvili hərbi hospitala köçürülməsinə razılıq verib və 50 gündür davam edən aclıq aksiyasını dayandıracağını deyib.

Onun vəkili Nika Gvaramiya bu bəyanatı noyabrın 19-da Saakaşvili ilə həbsxanada görüşdükdən sonra verib.

Noyabrın 19-da habelə onun tərəfdarları Tbilisidə aksiya keçirərək keçmiş prezidentin özəl klinikaya köçürülməsini tələb edirdilər.

Saakaşvili bundan əvvəl mülki xəstəxanaya köçürülməsini tələb etsə də, hökumət onun bu tələbini qəbul etməmişdi.

Hökumət bildirirdi ki, Saakaşvilinin tərəfdarları mülki xəstəxanaya hücum edə bilərlər. Hökumət Saakaşvilinin Qoridəki hərbi hospitala köçürülməsini təklif etmişdi.

Vəkil Qvaramiya bu barədə deyib:

"Saakaşvili Qori hospitalına köçürülməsinə razılıq verib və bildirib ki, xəstəxanaya yerləşdirilən kimi aclığı dayandıracaq. Biz bu hospitalla tanış deyilik, hərçənd onu vaxtilə Saakaşvilinin özü tikdirib və yüksək tibb texnologiyaları ilə təchiz olunduğu deyilir. Biz düşünür ki, orada yüksək ixtisaslı həkimlər var”.

Saakaşvili huşunu itirib

Gürcüstanda həbsdə aclıq aksiyası keçirən keçmiş prezident Mixeil Saakaşvili qısa müddətə huşunu itirib.

Vəkili Beka Basilaya noyabrın 18-də həbsxana xəstəxanasında Saakaşviliyə baş çəkərkən onun huşunu itirdiyini və yıxıldığını deyib.

Penitensiar Xidmət sonradan yaydığı bəyanatda Saakaşvilinin durumunun sabit olduğunu bildirib.

Tibbi komissiyanın tövsiyəsi

Bir gün öncə ombudsman aparatının təşkil xüsusi tibbi komissiya Saakaşvilinin sağlıq durumunun “kritik” olması qənaətinə gəlib, onun həbsxanadan mülki klinikanın reanimasiyasına köçürülməsini tövsiyə edib.

Komissiya keçmiş prezidentin böyrək və nevroloji problemlərdən əziyyət çəkdiyini açıqlayıb. Onun vəziyyətinin “yaxın gələcəkdə” pisləşə biləcəyi, ürək çatışmazlığı, mədə-bağırsaq qanaxmasının yarana biləcəyi ilə bağlı xəbərdarlıq olunub.

Hökumət Saakaşvilini həbsxana klinikasından çıxarmaqdan imtina edir, onun adekvat müalicə aldığını bildirir, tərəfdarlarının mülki xəstəxanaya girə biləcəyini vurğulayır.

ABŞ Dövlət Departamenti Saakaşvilinin vəziyyətini yaxından izlədiyini açıqlayıb.

“Gürcüstan hökumətini Saakaşvili ilə ədalət və ləyaqətlə davranmağa, müvafiq müalicəyə dair ombudsmanın tövsiyələrinə qulaq asmağa çağırırıq”, – departamentin sözçüsü Ned Prays noyabrın 18-də bəyanatında deyib.

Xatırlatma

Keçmiş prezident oktyabrın 1-də səkkiz illik mühacirətdən sonra Gürcüstana qayıdandan sonra saxlanıb, onun ölkəyə qanunsuz girdiyi bildirilib. Elə həmin gündən aclıq aksiyasına başladığını açıqlayıb.

2004-2013-cü illərdə prezident olmuş Saakaşvili 2013-cü il prezident seçkisindən az sonra ölkəni tərk edib. O, 2018-ci ildə hakimiyyətdən sui-istifadədə və müxalifətdən olan deputatın döyülməsinə dair dəlilin ört-basdır olunmasında qiyabi təqsirli bilinib.

Saakaşvili ittihamların hamısını siyasi motivli sayır. Tərəfdarları isə onun həbsinə etiraz edir, siyasətçinin mülki klinikaya köçürülməsini tələb edirlər.

XS
SM
MD
LG