Bakı şəhəri İcra Hakimiyyətindən bildiriblər ki, sənədsiz evlər ilə bağlı yaradılmış komissiyalar öz işini davam etdirir.
İcra hakimiyyətindən «Turan» agentliyinə deyilib ki, hər rayon üzrə komissiya üzvləri aidiyyəti ərazilər üzrə araşdırmalar aparırlar. Sonradan bütün məlumatlar Bakı şəhəri İcra Hakimiyyətinə təqdim edilməlidir.
Komissiyaların tərkibinə rayon icra hakimiyyətlərinin, bələdiyyələrin, Fövqəladə Hallar Nazirliyinin, keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin (Komitə yaxınlarda İqtisadiyyat Nazirliyinin tərkibinə daxil edilib-red.), SOCAR-ın, «Azərsu», «Azərişıq» açıq səhmdar cəmiyyətlərinin və «Azəriqaz» İstehsalat Birliyinin təmsilçiləri daxildir.
Hər rayon üzrə araşdırma gedir
«Hər rayon üzrə nə qədər evin sənədsiz olması, həmin evlərin sənədləşdirilə bilmə imkanları araşdırılır. Amma indidən nə qədər evin sənədləşdiriləcəyini demək hələ çox tezdir. Bircə bunu demək olar ki, sənədsiz evlər Bakının bütün rayonlarını əhatə edir və bütün rayonlar üzrə hər bir komissiya öz işini davam etdirir», - Bakı şəhəri İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.
İ.Kərimov əlavə edib ki, araşdırma müəyyən meyarlarla aparılır: «Nəticə ilə bağlı məlumatlar verildikdə bu məlumatlar ictimailəşdiriləcək».
«Suallar çoxdur...»
Onu sözlərinə görə, yüksəkgərginlikli elektrik xətləri altında, kommunikasiya xətlərinin üstündə, neft kəmərləri zonasında, Neft Şirkətinə aid ərazilərdə tikilən evlər var: «Odur ki, suallar çoxdur. İşlər bitəndən sonra bu sualların cavabları tapılacaq».
İqtisadçı Natiq Cəfərlinin AzadlıqRadiosuna deməsinə görə isə, sənədsiz evlərin sənədləşdirilməsi məsələsinin uzanması çox güman ki, dövlət qurumları arasında maraqların toqquşmasının nəticəsidir. «İlin sonuna çox az qalır. Gələn ildən daşınmaz əmlakın icbari sığortası ilə bağlı qanun da işə düşməlidir. Ölkədə təqribən 450-500 minə yaxın sənədsiz ev varsa, bunlar da, əsasən, Bakı və ətraf ərazilərdə cəmləşibsə, ən azından bunun sığortasının necə olacağı sualı yaranır. Yəni, bu məsələ birdəfəlik həll olunmalıdır. Hansi sənədlərlə ev tikməsindən və ya mənzil almasından asılı olmadan bu məsələlər də birdəfəlik həllini tapmalıdır».
İqtisadçı hesab edir ki, əgər vaxtında bu insanlara hansısa yollarla ev tikməyə icazə verilməsəydi və buna göz yumulmasaydı, bu problem yaşanmazdı. Onun fikrincə, bu məsələdə məsuliyyət həm də dövlət orqanlarının üzərindədir.
Beynəlxalq təcrübə
N.Cəfərli deyib ki, vəziyyətdən çıxmaq üçün beynəlxalq təcrübədəki yanaşmaları Azərbaycana da tətbiq etmək olar: «Beynəlxalq təcrübədə belə yanaşma var ki, hər hansı daşınmaz əmlakda, mənzildə vətəndaş yaşayıbsa və orada kommunal xərcləri ödəyibsə, artıq onun mülkiyyət hüququ yaranır. Azərbaycanda da bu yanaşma tətbiq olunmalıdır. Birdəfəlik bu sənədsiz evlərlə bağlı məsələ kökündən həll edilsin».
«Əmlak amnistiyası olmalı...»
İqtisadçı hesab edir ki, əmlak amnistiyası elan olunmalı, yaxın bir-iki ay ərzində evlərin sənədləşməsi ilə bağlı qərar verilməlidir: «Bundan sonra isə dövlət orqanları tikinti məsələsinə məsuliyyətli yanaşmalıdır ki, hər hansı yerdə sənədsiz ev tikilməsin... Bunun məsuliyyətini daşıyan dövlət orqanları olmalıdır, vətəndaş bunun əziyyətini çəkməməlidir».
Xatırlatma
Sənədsiz evlərlə bağlı Bakı şəhəri İcra Hakimiyyətində komissiya yaradıldığı bu ilin mayında açıqlanmışdı. Amma hələ 2011-ci ildə prezident İlham Əliyev bu məsələni gündəmə gətirmişdi. Yerli mətbuatın yazdığına görə, dövlət başçısı bu məsələnin həll edilməsi ilə bağlı Bakı şəhəri İcra Hakimiyyəti qarşısında məsələ qaldırmışdı. Amma bu məsələnin həlli illərdir ki, uzanır.