Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:58

Səməd Seyidov: ‘İlqar Məmmədovla bağlı sözlərimi geri götürmürəm’


Səməd Seyidov
Səməd Seyidov

“Ancaq hesab edirəm ki, normal, konstruktiv və sanballı, hər iki tərəfə xidmət edən bir rəy, münasibət söylənilməzdən öncə qərar diqqətlə öyrənilməlidir. Tərəfdarı deyiləm ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarından hansısa qüvvələr öz maraqları çərçivəsində istifadə etsinlər”.

Mayın 29-da Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatası ReAl Partiyasının sədri İlqar Məmmədovun işi üzrə qərarını elan edib.

Böyük Palata hesab edir ki, Azərbaycan dövləti siyasətçini azadlığa buraxmamaqla Avropa Şurası qarşısındakı öhdəliyini (Konvensiyanın 46.1-ci maddəsi) pozub. Söhbət Azərbaycan hökumətinin İlqar Məmmədovla bağlı AİHM-in 22 may 2014-cü il tarixli qərarını icra etməməsindən gedir.

Siyasətçi özü bunu sosial mediada “həlledici” və “nəhəng qələbə” kimi dəyərləndirib.

Səməd Seyidov: “Qərar Nazirlər Komitəsinə göndərilir”

AzadlıqRadiosuna açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, hakim partiyanın parlamentdəki təmsilçisi Səməd Seyidov sözügedən məhkəmə qərarı haqqında fikir söyləməyə tələsməyib:

“Mən biləni prosedur qaydalara görə qərar qəbul ediləndən sonra müzakirə olunmağa Nazirlər Komitəsinə göndərilir. Qərar hələ göndərilməli, müzakirə edilməlidir. Ona görə yekun fikrin söylənilməsi həddən artıq tezdir”.

Səməd Seyidov AİHM-in hər hansı qərarının icrası və ya tətbiqi ilə bağlı Nazirlər Kabinetinin sözü gedən ölkə ilə müzakirələr apardığını da qeyd edir:

“Müzakirələr başlamayıb. Biz qərarı diqqətlə oxumalıyıq, araşdırmalıyıq, baxaq görək hansı istiqamətdə, hansı arqumentlərlə bu qərar qəbul olunub. Ondan sonra mövqe bildirməliyik”.

Hüquqşünas Xalid Ağaliyev “bu, yekun qərardır, dərc olunduğu andan qüvvəyə minir və şikayət vermək mümkün deyil”, deyə bildirir.

Nümayəndə heyətinin rəhbəri bu qərarı presedent kimi təqdim etməyin tərəfdarı deyil:

“AİHM müxtəlif məsələlərlə bağlı qərarlar qəbul edir. Azərbaycan da onları tam şəkildə yerinə yetirir. Bu qərarlara münasibətini də bildirir. Ancaq qəbul edilən qərarı diqqətlə öyrənmək lazımdır. Tez-tələsik münasibət bildirmək düz deyil”.

İlqar Məmmədov seçkilərə qatıla biləcəyini deyir

İlqar Məmmədovun vəkili Fuad Ağayev qərarı şərh etmək üçün vaxt istəyib.

REAL sədri özü isə sosial mediada yazır:

“Avropa Məhkəməsində dünən qazandığımız nəhəng qələbə haqqında bu gün mətbuat konfransı keçirməyi fikirləşirdim, amma indi düşünürəm ki, mən də, jurnalistlər də söhbətə daha yaxşı hazırlaşa bilək deyə, əvvəlcə geniş bir arayış hazırlayım. Qərarın mürəkkəbliyi arxasında Əliyev rejiminin mənə qarşı qurduğu bütün bu 6 illik fitnənin darmadağın olunduğunu hamı görməlidir. Ən azından bunu deyim: Avropa Məhkəməsinin qərarı həbsdən öncəki hüquqi vəziyyətimin TAM bərpa olunmasını tələb etməklə, ən azından HƏM parlament, HƏM də prezident seçkilərində namizəd kimi iştirakıma yol açır və ümumiyyətlə, bəraət deməkdir”.

Azərbaycanla bağlı addım olacaq?

Bəziləri AİHM-in qərarından sonra Azərbaycanla bağlı hansısa addımların atılıb-atılmayacağını gözləyir. Hüquqşünas Xalid Ağəliyev Azərbaycanla bağlı “xüsusi tədbirlər olmayacaq” söyləyir:

“Sadəcə, Avropa Məhkəməsi İlqar Məmmədova münasibətdə Azərbaycanın pozuntuya yol verdiyini qəbul edib. AİHM-də ilk dəfədir ki, belə qərar qəbul edilib. Həmin qərar Avropa Məhkəməsində qərarların icrasıyla bağlı işlərə baxılması zamanı örnəyə çevriləcək. Başqa bunun xüsusi təsiri olmayacaq”.

Xalid Ağaliyevin sözlərinə görə, adətən belə qərarlardan sonra Avropa Şurasına üzv ölkələr “pis təcrübənin aradan qalxması üçün” addımlar atırlar:

“Bizim hökumətdən də gözlənilən odur ki, çıxıb belə bir pozuntu olduğunu və bir daha baş verməməsi üçün hansı addımları atacağını bildirsin”.

Səməd Seyidov: “Sözlərimi geri götürmürəm”

ReAL Partiyasının sədri ötən ilin yayında şərti azadlığa buraxılanda Səməd Seyidov mətbuata İlqar Məmmədov məsələsinin beynəlxalq təşkilatlarda Azərbaycan üçün başağrısına çevrildiyini bildirmişdi. O, siyasətçinin azadlığa çıxandan sonra bu problemin geridə qalacağını söyləmişdi. Amma belə görünür ki, İlqar Məmmədovla bağlı hüquqi prosedurlar bitmir.

Səməd Seyidov bununla bağlı deyir:

“Kimsə məsələni siyasiləşdirmək istəyirsə, bu, başqa məsələ. Ancaq mən sözlərimi geri götürmürəm. Təsdiqləyirəm ki, o həbsdə olanda bundan istifadə edib Azərbaycana xeyli problemlər yaratmaq istəyən qüvvələr var idi. İndi də ola bilsin, bu qərardan bəhrələnən və Azərbaycana hansısa problem yaratmaq istəyən qüvvələr işə düşəcək. Ancaq hesab edirəm ki, normal, konstruktiv və sanballı, hər iki tərəfə xidmət edən bir rəy, münasibət söylənilməzdən öncə qərar diqqətlə öyrənilməlidir. Tərəfdarı deyiləm ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarından hansısa qüvvələr öz maraqları çərçivəsində istifadə etsinlər”.

Xatırlatma

Sözü gedən qərarla 2013-cü il İsmayıllı hadisələri ilə bağlı həbs edilən İlqar Məmmədovun hüquqlarının pozulduğu tanınıb.

2014-cü ilin dekabrında Nazirlər Komitəsi ilk dəfə olaraq işə baxıb və İlqar Məmmədovun azad edilməsinə çağırıb. Sonradan Komitə dəfələrlə bu çağırışı təkrar edib, lakin İlqar Məmmədov bir müddət azad edilməyib.

2017-ci ilin oktyabrında Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanı rəsmən xəbərdar edib ki, AİHM-in 2014-cü il qərarına əməl etmək barədə Konvensiya öhdəliyini yerinə yetirməyib. Bununla əlaqədar Avropa Şurası tarixində ilk dəfə Avropa Konvensiyasının 46-cı maddəsinə uyğun olaraq üzv dövlətin təşkilat qarşısında öhdəliyini yerinə yetirməməsi üzrə prosedur başlayıb.

Nazirlər Komitəsinin müraciəti baxılmaqdan ötrü 2017-ci il dekabrın 11-də AİHM Katibliyinə verilib və sonra Strasburq məhkəməsinin Böyük Palatasına daxil olub.

İlqar Məmmədov 2013-cü ilin fevralında İsmayıllı hadisələri ilə əlaqədar həbs edilib, iğtişaşda ittiham olunaraq 7 il həbs cəzası alıb.

Nəhayət, 2018-ci ilin avqustunda Şəki Apellyasiya Məhkəməsi qalan cəzanı 2 il sınaq müddəti olmaqla şərti cəza ilə əvəz edərək, onu həbsdən azad edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG