Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Sürətlə oxumağı öyrənmək mümkündürmü?


Oxuma
Oxuma

Bəzi adamların böyük sürətlə kitab oxuduğunu eşitmişik. Bəs görəsən, onlar bunu necə bacarır? Görəsən, oxuduqlarını yadda saxlaya bilirlərmi?

Ən yayğın üsul mətnə tez göz gəzdirməkdir. Bəzən də adamlar hər abzasın ilk və son cümləsini oxumaqla mətnin məğzini anlamağa çalışırlar.

Əlbəttə, bu yolla siz mətni tez bitirə bilərsiniz. Ancaq mətnin məzmununu nə qədər anlamağınız sual altında qalacaq.

Gözün hərəkəti

San-Dieqodakı Kaliforniya Universitetinin mərhum psixoloqu Keith Rayner bu üsulların bəzilərini araşdırmağa illərlə vaxt sərf edib. O, tədqiqatlarını əsasən gözün hərəkəti üzərində qurub.

Rayner-in 2016-cı ildə yazdığı məqalədə deyilir ki, sözlərin tanınması əsasən gözün torlu qişasının mərkəzində yerləşən fovea adlı hissədə baş verir. Bu nahiyədəki hüceyrələr səhifənin üzərindəki açıq və tünd hissələri müəyyən edib bu informasiyanı deşifrə olunmuş sözlər şəklində beyinə ötürür.

Bəzi sürətli oxuma metodları insanlara oxuyan zaman periferik görmədən daha çox istifadə etməyi öyrədir. Bu halda oxucu eyni anda birdən artıq sözü görüb anlamağa qadirdir. Ancaq torlu qişanın periferiyasında daha həssas hüceyrələr sayılan konusvari hüceyrələrin sayı az, həssaslığı daha az çubuqvari hüceyrələrin sayı isə çox olur. Bu hüceyrələr də səhifənin üzərindəki tünd və açıq hissələri qavramaqda çətinlik çəkir.

Daxili səsləndirmə

Bəs görəsən, sözlər bir-bir, ancaq sürətlə beyinə ötürülsə, necə olar? BBC yazır ki, Rayner-ə görə, bu üsulu cümlələrə tətbiq edərək çox yaxşı nəticə almaq olar. Ancaq oxuma sürətini məhdudlaşdıran təkcə gözlər deyil. İdrakla bağlı amillərin də bu məsələdə öz rolu var. Rayner-in gəldiyi nəticəyə görə, bu metodla bütün səhifəni əhatələmək mümkün olsa belə, beynin bütün mətni emal etməyə vaxtı çatmır. Nəticədə gözlərimiz sözlərin üstündən sürətlə keçir, ancaq onları anlamırıq.

Biz mətni oxuyan zaman daxili səsimiz oxuduqlarımızı beynimizdə səsləndirir. BBC yazır ki, bunun oxuma sürətinə elə bir təsiri yoxdur. Göz hərəkətini tədqiq edən digər bir psixoloq Mallorie Leinenger-in qənaətinə görə, əksinə, daxili səsləndirmə mətni daha yaxşı anlamağımıza kömək edir.

«Bəzən mətnin içərisində müəyyən bir faktı axtarıb tapmaq istəyirik. Bu halda mətnə qısa nəzər yetirmək köməyimizə gələ bilər. Bəzənsə mətnin detallarını yox, ümumi məzmununu anlamaq kifayət edir. Bunun üçün başlıqları oxumaq, bu zaman əsas sözlərə xüsusi fikir vermək, hər hissənin ilk abzasını, daha sonra növbəti abzasların ilk cümləsini oxumaq işə yaraya bilər. Əlbəttə, hər şey oxuduğunuz materialın növündən asılıdır. Bu üsul dərsliyi oxuyan zaman faydalı ola bilər, eksperimental roman oxuyarkənsə işə yaramaya bilər», – BBC-nin məqaləsində deyilir.

Sürətli oxuma «mümkün deyil»

Prinston Universitetinin 1998-ci ildə apardığı, «PX Project» kimi tanınan təcrübənin gəldiyi nəticələrə görə, əsas məqamlardan biri mətni oxuyan zaman geri qayıtmaqdan çəkinməkdir. Digər əsas məqam hər sətrə sərf olunan vaxtı minimuma endirməyə çalışmaqdır.

Bu təcrübənin nəticələrində də eyni anda qavranılan sözlərin sayının artırılmasının əhəmiyyəti vurğulanır. Bunun üçün üfüqi periferik görməni təkmilləşdirmək tövsiyə olunur.

Cənubi Florida Universitetində idrak sahəsini araşdıran alim Elizabeth Schotter sürətli oxumanın, ümumiyyətlə, mümkün olmadığını deyir. O, oxumanın əslində son dərəcə mürəkkəb proses olduğunu vurğulayıb. Əvvəlcə gözlərimiz məlumatı toplayıb beyinə ötürür. Beynin müvafiq mərkəzləri bu informasiyanı anlayır, təhlil edir, üstəlik, bu məlumatla assosiasiya olunan başqa məlumatı da yaddaşdan tapıb çıxarır. Hər bir sözün cümlədəki qrammatik rolu və geniş mənasına diqqət yetirir. Əlbəttə, daxili səsi də unutmaq olmaz. Bu səbəbdən Schotter də daxil olmaqla elm icmasının böyük hissəsi sürətli oxumanı qeyri-mümkün sayır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG