Keçid linkləri

Təcili xəbərlər
2023, 29 Sentyabr, Cümə, Bakı vaxtı 21:16

“Bütün sovet adamları casus idilər”


Yuli Rıbakov

Tanınmış peterburqlu, Dövlət Dumasının keçmiş deputatı, “Terra İnkoqnito” jurnalının təsisçisi və keçmiş siyasi məhbus Yuli Rıbakov belə deyir

AzadlıqRadiosunun müxbiri Andrey Korolyov tanınmış peterburqlu, Dövlət Dumasının keçmiş deputatı, “Terra İnkoqnito” jurnalının təsisçisi və keçmiş siyasi məhbus Yuli Rıbakovla maraqlı müsahibə edib.

Korolyov yazır ki, Rıbakov prezident Vladimir Putinə münasibətini heç vaxt gizlətməyib və keçmiş DTK polkovnikinin Rusiya prezidenti vəzifəsinə təyin edilməsini Peterburqun tarixindən keçən “qara bir sətir” adlandırır.

Rıbakov deyir ki, o sovet cəmiyyətini böyük ölüm düşərgəsi ilə müqayisə edir. O hesab edir ki, onun sərt rejimli düşərgədə olması, əslində bir rejimin başqa rejimi əvəz etməsi idi.

Köhnə xozeyinin xiffəti

“Təsəvvürünüzə bir ada gətirin. Bu adada həbsxana yerləşir. Burada məhbusların üçüncü, beşinci, yeddinci, onuncu nəsli yaşayır. Elə bu zaman yem qurtarır. Düşərgənin rəhbərliyi başa düşür ki, məhbuslar onların ətlərini didəcəklər. Rəhbərlik yoxa çıxır. Və budur, məhbusların altıncı və ya onuncu nəsli özbaşına qalıb. Onlar nə edəcəklər?” – deyir Rıbakov.

O bu qənaətə gəlir ki, bir müddətdən sonra zəhmətkeşlər yenə də işləyəcəklər, daha zirək olanlar isə özləri üçün keşikçi dəstəsi düzəldəcəklər.

“Bir müddət bu belə davam edəcək, - deyir Yuli Rıbakov, - Lakin sonra zəhmətkeşlər deyəcəklər: Keçmiş sahiblərin vaxtında daha yaxşı idi. Və keçmiş sahiblər qayıdacaqlar və bu adada artıq quldurlarla şərikli hökmranlıq sürəcəklər. Loru dildə deyilsə, Rusiya Federasiyasının ərazisində məhz bu baş verib”.

Rıbakov deyir: 1990-cı illərdə xalq kolbasa və havayı Avropa həyatı barədə xəyal edəndə, başa düşdü ki, nə iş, nə qanun-qayda, nə də çörək var və xalq geri çəkildi.

“Biz Sovet İttifaqının, içində yaşadığımız imperiyanın çökməsindən sonra təbii olaraq zamansızlıq və qanunsuzluq boşluğuna düşdük”.

Keçmiş siyasi məhbus deyir ki, həmin vaxt bütün məcburiyyət orqanları bir müddət iflic olmuşdu və sonradan onu az-çox bərpa etmək üçün tamamilə yeni qanunvericilik sistemi yaradılmalıydı. Buna isə resurslar və pul yox idi.

“Bax onda xalq geriyə hərəkət elədi – deyir Rıbakov, - Elə onda xalq dedi ki, köhnə xozeyin daha yaxşı idi”.

Pandoranın sandığı

Yuli Rıbakov deyir ki, əlbəttə, indi mövcud olan bəzi qəsd nəzəriyyələrinə görə, 1980-ci illərin sonlarında 5 ağsaçlı general hardasa Barvixadakı daçalardan birində görüşərək “Politbürodan olan axmaqlara” tabe olmamaq barədə qərar qəbul etmişdi.

Rıbakovun fikrincə, ola da bilərdi ki, birbaşa MK-ya tabe olan xüsusi xidmətlər harda və necə olduqlarını belə qanmayan və ağlını itirmiş qocalara itaətdən bezmişdi.

Demək olar ki, bütün cəmiyyət DTK-nın gizli əməkdaşı idi. “Xalq Cəbhəsi”, elə mənim üzv olduğum“Demokratik İttifaq” bundan necə kənarda qala bilərdi?

Rıbakov deyir ki, elə o zaman generalitetin içində hakimiyyət və mülkiyyətin bir hissəsinə sahib olmaq fürsətinin yetişdiyini hiss edən adamlar ola bilərdi.

“Demək olar ki, bütün cəmiyyət DTK-nın gizli əməkdaşı idi, - söyləyir Rıbakov, - “Xalq Cəbhəsi”, elə mənim üzv olduğum “Demokratik İttifaq” bundan necə kənarda qala bilərdi? Bizim aramızda da mənim tanıdığım elə adamlar var idi ki, onları sıralarımıza sırımışdlar və onlar ən müxtəlif təxribatlar törədirdilər”.

Yuli Rıbakov xatırlayır ki, avqust qiyamından sonra Lensovetin bir qrup deputatı DTK-ya yollanıb və Piter DTK-sının qiyamda nə kimi rol oynadığını öyrənməyə çalışıb. Onlara deyilib ki, bütün arxiv yandırılıb.

Rıbakov buna inanmır. O deyir ki, heç bir xüsusi xidmət öz əməkdaşlarına təzyiq vasitəsi olan belə materialları məhv etməz.

“Bu kartoteka hələ də onlardadır və biz çətin ki, onu nə vaxtsa görək” – deyir keçmiş düşərgə sakini.

Rıbakov deyir ki, o vaxt hər halda deputatlara müxtəlif müəssisələrin, universitet və institutların birinci şöbələrinin bəzi sənədlərini göstəriblər.

“Lakin onların dediyinə görə, bu “Pandora sandığını” azca açıb içindəkiləri görən kimi onu yenidən dəhşət içində bağlayıblar. Orada doğrudan da dəhşət var imiş. Hamı hamıdan çuğulçuluq edirmiş…Agentlərinin bir birinin ardınca özlərini evlərinin pəncərə və balkonlarından atması da məlumdur” – deyilir müsahibədə.

Öldürmək icazəsi

Rıbakovun fikrincə, Putinin özü şəxsən çətin ki, hansısa əmrləri verib, hərçənd bu da mümkündür.

O qeyd edir ki, xüsusi xidmətlərə Putinin vaxtında xaricdə əməliyyatlar keçiirmək icazəsinin verilməsi qanunlaşdırılıb.

Xüsusi xidmətlər kimisə aradan götürmək istəyəndə, heç vaxt birbaşa hərəkət etmirlər. Onlar kimisə bu əməli törətməyə onun özü də bilmədən təhrik edirlər

“Odur ki, xüsusi xidmətlərin bu səlahiyyətdən istifadə etmədiklərini düşünmək üçün heç bir əsasımız yoxdur” – deyir Rıbakov.

Dissidentin fikrincə, ölkənin daxilində baş verən cinayətkarlıq və qanunsuzluğun törətdiklərini isə araşdırmaq lazımdır.

Rıbakov deyir ki, xüsusi xidmətlər kimisə aradan götürmək istəyəndə, heç vaxt birbaşa hərəkət etmirlər. Onlar kimisə bu əməli törətməyə onun özü də bilmədən təhrik edirlər.

“Boz siçan”, “güvə” ayamalı polkovnik Putin

Nəzəri az cəlb edən, çoxlarının “boz siçan” və ya “güvə” adlandırdıqları DTK polkovnikinin hakimiyyətə necə sahibləndiyi barədə suala cavab verərkən Rıbakov deyir ki, “burada böyük bir sirr var”.

Hakimiyyətin Yeltsindən Putinə ötürülməsi
Hakimiyyətin Yeltsindən Putinə ötürülməsi

Dissidentin sözlərinə görə Putinin prezidentliyə yüksəlməsini öz adına çıxanlar çoxdur. Məsələn, Berezovski bu barədə özü və açıq şəkildə deyirdi. Deyirdi ki, o, sonradan nankor çıxıb.

“Belə deyənlər çox idi. Lakin bunun üçün ilk növbədə “ailənin” razılığını almaq lazım idi. “Ailə” deyəndə o vaxt Boris Nilkolayeviç Yeltsinin ailəsini, yaxın çevrəsini və qızlarını başa düşürdülər, - deyir Rıbakov, -“Ailəni” başa saldılar: Elə bir adam lazımdır ki, sizə sonradan toxunulmayacağına söz versin. Ölkədə ehtiraslar coşur, düşmənləriniz isə az deyil, sizin ailəyə ilişmək üçün həmişə nəsə tapmaq olar”.

Beləcə tədricən, mənim bildiyimə görə özü də bunu gözləməyən və üzərinə qəflətən düşmüş məsuliyyət yükündən çaş-baş qalan birisini irəli çıxarmışdılar

“Belə bir etibarlı adam var. Baxın: O sakit, lakin güvəncli birisidir. Yadınıza salın, o, bir vaxtlar Sobçakı necə müdafiə edirdi, əslində öz şefinin üstünə hücum olanda, onu xilas etmişdi. Siz onunla öz toxunulmazlığınız üçün də qarantiya ala bilərsiniz”.

Rıbakov hesab edir ki, prezidentlik üçün adları çəkilən başqaları – Nemtsov, Stepaşin, Starovoytova – yalnız aralıq fiqurlar idi və bütün bunlar xüsusi orqanların çoxgedişli oyunu olmuşdu.

“Beləcə tədricən, mənim bildiyimə görə özü də bunu gözləməyən və üzərinə qəflətən düşmüş məsuliyyət yükündən çaş-baş qalan birisini irəli çıxarmışdılar” – deyir Rıbakov.

Onun sözlərinə görə, prezidentliyinin ilk aylarında Putin öz kabinetində yox, onun arxasındakı balaca otaqda otururdu.

“Amma necə deyərlər iştah diş altındadır” – deyə söhbətinə yekun vurub Yuli Rıbakov.

XS
SM
MD
LG