Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 21:57

Ryanair təyyarəsində bomba məsələsi ‘qəsdən uydurulub’


ICAO-nun hesabatı
ICAO-nun hesabatı

Belarusun müxalifət lideri Svetlana Tixanovskaya deyib ki, gəlinən nəticə “rejimin Ryanair insidenti haqda faktları gizlətməyə çalışdığını” göstərir

Belarusun Ryanair təyyarəsinin istiqamətini dəyişmək üçün istifadə etdiyi bomba təhdidi “qəsdən uydurma” olub, BMT-nin mülki aviasiya agentliyi bu haqda hesabat yayıb.

Ötən il mayın 23-də Afinadan Vilnüsə uçan Ryanair təyyarəsi hərbi qırıcı vasitəsilə Minskə endirilib, təyyarədə olan belaruslu jurnalist Raman Prataseviç və onun rusiyalı sevgilisi saxlanıb.

Belarus hakimiyyəti hərəkətini Fələstinin Həmas silahlı qrupundan bomba təhdidi ilə izah edib. Amma bu informasiyanın saxta olduğu üzə çıxıb.

Dünyanın bir sıra ölkələri Belarusun avtoritar lideri Alyaksandr Lukaşenkanı Prataseviçi və sevgilisi Sofiya Sapeqanı həbs etmək üçün sərnişin təyyarəsini “dövlətin iştirakıyla qaçırmaq”da ittiham edib. Onlara 2020-ci ilin avqust seçkisindən sonrakı mülki iğtişaşlarla əlaqədar ittihamlar irəli sürülüb. Hazırda jurnalist və sevgilisi Belarusda ev dustağıdırlar.

Hiylənin mənbəyi

BMT-nin Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) insidentin araşdırılması üçün faktaraşdırıcı missiya yaradıb. Qurum yanvarın 17-də 193 üzvü üçün hesabatını yayıb.

“Afinada uçuş öncəsi yoxlamalar, Belarusda və Litvada təyyarədə müxtəlif axtarışlar zamanı nə bomba, nə də onun mövcudluğuna dəlil tapılmadığından bomba hədəsinin qəsdən uydurulduğu hesab edilir”, – hesabatda deyilir.

Amma bu qanunsuz hiylənin mənbəyi kimi hər hansı dövlət, yaxud şəxs müəyyənləşdirilməyib, qurum qeyd edir.

Belarus hakimiyyəti təhqiqatla əməkdaşlıq etməyib, vacib informasiyanı faktaraşdırıcı missiyaya verməyib, yaxud informasiyanı saxlamadığı üzə çıxıb.

Hesabatda o da qeyd edilir ki, bir sıra ölkələr öz təhqiqatlarını aparırlar, “çatışmayan faktların müəyyənləşdirilməsinə” kömək edə bilərlər.

Polşada ötən ay açıqlanmış təhqiqata görə isə, “bütövlükdə durum pilotu təyyarəni Minskə endirməyə vadar etmək üçün bəhanə idi”.

“Sərt mövqe”

ICAO-nun hesabatına cavab olaraq, Belarusun müxalifət lideri Svetlana Tixanovskaya deyib ki, gəlinən nəticə “rejimin Ryanair insidenti haqda faktları gizlətməyə çalışdığını” göstərir.

O, qurumu Belarus hökumətinə qarşı “sərt mövqe” tutmağa, məsələni BMT Təhlükəsizlik Şurasında qaldırmağa çağırıb.

ICAO şurası yanvarın 21-də bir araya gələrək hesabatda deyilənlərlə bağlı mümkün addımları nəzərdən keçirəcək.

Britaniya və Avropa İttifaqı (Aİ) hava şirkətlərinə Belarusun hava məkanına girməmək göstərişi verib, bu ölkənin Belavia şirkətinə də qadağa qoyub. Birləşmiş Ştatlar, Kanada, Britaniya daxil bir sıra ölkələr, eləcə də Avropa İttifaqı insidentə cavab olaraq Belarusa təzə sanksiyalar tətbiq edib.

Lukaşenka rejimi 2020-ci ilin prezident seçkisindən sonra dinc etirazlara qəddarlıqla divan tutduğuna görə beynəlxalq aləmdə təcrid olunub. Müxalifət və Qərb seçkinin saxtalaşdırıldığını deyir.

Aİ, Birləşmiş Ştatlar və digər ölkələr Belarusa bir neçə raundda koordinasiyalı sanksiyalar açıqlayıblar.

XS
SM
MD
LG