Keçid linkləri

2026, 10 Aprel, Cümə, Bakı vaxtı 14:05

Rutte: Rusiya-İran əməkdaşlığı dərinləşir, Yaxın Şərqdə sabitsizliyi kürəkləyir

NATO baş katibi Mark Rutte
NATO baş katibi Mark Rutte

Rusiya və İran arasında artan əməkdaşlıq hər iki ölkənin hərbi imkanlarını gücləndirir, bu isə Ukraynadakı müharibəyə, eləcə də Yaxın Şərqdə sabitliyin pozulmasına birbaşa təsir göstərir. Bunu NATO-nun baş katibi Mark Rutte aprelin 9-da Vaşinqtonda bir konfransda bildirib.

Rutte Rusiya, İran, Çin və Şimali Koreya arasında koordinasiyanın genişləndiyini vurğulayıb, bu ortaq səylərin bir neçə regionda təhlükəsizlik dinamikasını tamamilə dəyişdirdiyini deyib.

O, Moskva ilə Tehran arasında əməkdaşlığa diqqət çəkib. Rutte bildirib ki, İran Rusiyaya müasir dron və hərbi texnologiya verir, bunlar Ukraynada istifadə olunur. Rusiya isə bunun əvəzini pulla ödəyir.

"Rusiyaya texnologiya, Rusiyadan İrana isə pul axını deməkdir. Bu pullar İranın… xaos yaratması üçün xərclənir", – Rutte vurğulayıb

Rutte İranı Yaxın Şərqdə sabitliyi pozan əsas qüvvə olmaqda günahlandırıb, onun regiondakı proksi qruplara dəstək göstərdiyini, raket, nüvə imkanlarını inkişaf etdirdiyini vurğulayıb.

İran raketlərinin mənzilinin böyüməsi

NATO baş katibi xəbərdarlıq edib ki, İran raketlərinin uçuş məsafəsinin böyüməsi bu texnologiyanın əməliyyat baxımından yetkin mərhələyə yaxınlaşdığını göstərir. Bəzi məlumatlara görə, raket mənzili 4 min kilometrə çatır.

Onun sözlərinə görə, ABŞ-nin İranın nüvə və ballistik raket proqramlarını məhdudlaşdırmaq səyləri bu təhdidləri azaltmaq baxımından vacibdir.

Rutte NATO-nun strateji baxımdan vacib Hörmüz boğazında dəniz təhlükəsizliyinin təmin olunmasında rol oynaya biləcəyini vurğulayıb.

"NATO kömək edə bilirsə, əlbəttə ki, kömək etməmək üçün heç bir səbəb yoxdur", – o vurğulayıb.

Rutte siyasi gərginliklərə baxmayaraq, transatlantik əməkdaşlığın davam etdiyini deyib. Onun sözlərinə görə, Avropada müdafiə xərclərinin artırılması, ABŞ silahlarının alınması NATO-nun hərbi gücünü artırıb.

Bundan öncə ABŞ prezidenti Donald Tramp alyansı tənqid etmiş, ölkəsinin NATO müttəfiqləri qarşısında hərbi öhdəlikləri azaltmaqla hədələmişdi.

XS
SM
MD
LG