Keçid linkləri

Təcili xəbərlər
2021, 31 İyul, şənbə, Bakı vaxtı 04:38

280 min manat rüşvətlə bağlı cavabsız sual: əsəb həkimi necə kardioloq ola bilər?


Keçmiş baş həkimin ittiham olunduğu maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

Uzun illər paytaxt Bakının 1 saylı Dəri-zöhrəvi Xəstəxanasının baş həkimi olmuş Rəşad İsmayılov indi dəmir barmaqlıqlar arxasındadır. O, “səhiyyə naziri olub, səni də baş həkim təyin edəcəyəm” vədiylə qrup yoldaşını aldatmaqda suçlanır. İddia edilir ki, keçmiş baş həkim bu vədlə 280 min manat alaraq qaytarmayıb.

“Mən də aldadılmışam”

R. İsmayılov, əksinə, özünün aldadıldığını deyir. Onun sözlərinə görə, xaricdəki məşhur şirkətlərdən birindən 1 milyon 300 min manat alacağını ala bilməyib. Vüsal Əliyev adlı şəxs həmin vəsaiti almaqda yardımçı ola biləcəyini deyib. Bir şərti olub ki, ona da pul verilsin: “Mən də borc alıb, Vüsala vermişəm. Hətta elə olub ki, Sürəyya xanımın yoldaşı pulu mənə yox, birbaşa aparıb Vüsala verib. Bu da pulların Vüsala verildiyini sübut edir. Aldadılmağımla bağlı 29-cu polis bölməsinə də şikayət olunub”.

Cinayət işinin materiallarında iddia edilir ki, baş həkim olmaqdan ötrü 280 min verən şəxs Sürəyya Qasımovadır. Amma o, zərərçəkən yox, şahid statusunda tanınıb. Prokurorluq belə nəticəyə gəlib ki, S.Qasımova baş həkim olmaqdan ötrü rüşvət verib. Bu üzdən R.İsmayılova CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə yanaşı, 32.312 (rüşvət verməyə təhrik) maddəsilə də ittiham verilib.

“Evi silib-süpürüb verdim”

Sürəyya Qasımova rüşvət verməsi haqda deyilənlərlə razılaşmır: “Biz Rəşadla qrup yoldaşı olmuşuq, ünsiyyətimiz vardı. Bir dəfə 700 manat borc istədi, - verdim. Bir neçə gün sonra 1500 manat istədi, yenə verdim. Sonra dedi ki, yüksək vəzifəyə gedir, nəyi var, ora yığıb verib. Məndən də kömək istədi, mən də evi silib-süpürüb verdim. Həm dollar, həm avro, həm də manatla pul vermişəm. Ümumilikdə 280 min manat olub. Bir qəpik də qaytarılmayıb”.

S. Qasımova məhkəmədə dindirmə zamanı bu haqda danışmaq istəməsə də, məlum olub ki, o, istintaqa ifadəsində baş həkim təyin olunmaqdan ötrü pul verdiyini söyləyib. Bildirib ki, qrup yoldaşı ona yaxın vaxtlarda səhiyyə naziri təyin olunacağını, onu da Elmi-Tədqiqat Kardiologiya İnstitutuna baş həkim gətirəcəyini vəd edib.

Bu da məlum olub ki, S. Qasımova ixtisasca nevropatoloqdur.

“Bəs siz düşünmədiniz ki, nevropatoloq Kardiologiya İnstitutuna necə baş həkim gedə bilər” kimi təbii sualsa cavabsız qalıb.

“Demişdi ki, pulları yüksək vəzifəli adama verir”

R.İsmayılov deyir ki, baş həkim təyin olunmaq təklifi qrup yoldaşının özündən gəlib. S. Qasımova bu haqda deyilənləri qəbul etmir.

Dindirmələrdən o da aydınlaşıb ki, S.Qasımova baş həkimlə danışıqlarının audioyazısını aparıb, onları disk formasında prokurorluğa təqdim edib.

“Mənə demişdi ki, pulları yüksək vəzifəli adama verir. O adamın adını burada çəkmək istəmirəm”, - Qasımova məhkəmədə belə deyib.

Keçmiş baş həkimin ittiham olunduğu maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

Şərhlər

XS
SM
MD
LG