Keçid linkləri

2018, 23 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 18:13

Rüstəm Behrudi: 'İlham Əliyevə deyərdim ki, bu xalq xoşbəxt olmağa layiqdir'


Rüstəm Behrudi

Şair Rüstəm Behrudi yeni ilin astanasında AzadlıqRadiosuna müsahibə verib. Şair söhbətə başa çatmaqda olan ilin onun üçün nələrlə əlamətdar olduğunu sadalamaqla başlayıb:

– Bir ildə üç ağır əməliyyat keçirdim. Ürək əməliyyatı, onurğada əməliyyat... Ordubad limonu haqqında eşitmisiniz. Başqa limonun biri 50 qəpikdirsə, Ordubad limonunun biri 15 manatdır. Üçüncü dəfə o limonun güdazına getmişəm. Kənddə limon ağacını qaldıranda çiynimdəki vətər qırıldı. Onu əməliyyat etdilər. Çox şükür, artıq düzəlirəm. Bu boyda ağrıların içində kitablar da yazdım. Almaniyada «Meşədə dəlixana» adlı kitabım çap olundu, Ukraynada antologiyada çap edildim. Bakıda «Şaman dualarından dar ağacına» adlı sanballı kitabım çıxıb. Həm xəstəliklər, həm də yaradıcılıq baxımından əlamətdar il oldu. Elə bilirəm, az qalıb, bu il çıxsa, gələn ilə vəziyyət düzələr.

– Bu il həm də yubileyiniz idi.

– Yubileyimi qeyd etmək üçün mənə Yazıçılar Birliyindən təklif də gəldi. Amma mən kənddə keçirməyə üstünlük verdim, həm uşaqlıq, həm də Bakıdan gələn dostlarımla bir yerdə. Kənddə qoyub gəldiyim anama, dostlarıma, yaşıdlarıma uzun illərin hesabatını da verdim. Sən demə, bu uzun illəri boşuna yaşamamışam.

– Ötən il yubiley ərəfəsində Sizi yada salmadıqları üçün Yazıçılar Birliyindən narazılıq etmişdiniz. Buna görə hətta sizi qınayanlar da oldu. Bəs nə əcəb Birliyin keçirəcəyi yubileydən imtina etdiniz?

– Mən o mənada deməmişdim, vallah-billah. Bir ad gününə görə Yazıçılar Birliyindən çıxmadım ki. Sadəcə, yaradıcı adamın bir təşkilata üzv olmasını düzgün qəbul etmirəm. Dövlətin himayəsində olan, dövlətin maliyyələşdirdiyi bir qurumda olmağı düzgün saymadığım üçün oradan çıxdım. Ad gününə görə getməmişəm. Bu uzun illər ərzində mənim çox ad günlərim olub, bir dəfə də təbrik etməyiblər. Niyə onda çıxmadım ki? Ad günü bəhanədir. Boş-boş yazırlar. Guya Yazıçılar Birliyi məni təbrik etsəydi, nə olacaqdı, etməsəydi nə olacaqdı? Qupquru söz deyəcəkdilər. O sözlərin də ən gözəlini mən bilirəm. Mənim o sözə ehtiyacım varmı?

– Dövlətin maliyyələşdirdiyi Yazıçılar Birliyində qalmağı düzgün hesab etmirdinizsə, niyə qurumdan indi çıxdınız? Tutalım, 20 il öncə yox.

– 1996-cı ildə rəhmətlik Heydər Əliyevlə görüşüm vardı, orda mən həm prezidentdən, həm də Yazıçılar Birliyindən soruşmuşdum: «Belə bir yaradıcı orqanın olması vacibdir?». Bu sualın iki başı vardı. Dünyanın heç yerində dövlətin himayəsində olan yaradıcı qurum yoxdur. Belə bir qurum olsa nə olacaq, olmasa nə olacaq? Yaradıcılıq tək adamın işidir. Həmin adamın hansısa qurumda olub-olmamasının yaratdığı əsərə nə dəxili var? Buna görə istefa verdim. Oradakı adamlarla problemim yoxdur. Sədr yazıçı Anara hörmətim var. Amma yaradıcı qurumda olmaq fikrim yoxdur.

– Sizinlə müsahibənin vaxtını müəyyənləşdirəndə bir misal çəkdiniz. Biri gedir Molla Nəsrəddinin yanına ki, saçım ağrıyır...

– Hə, o, məşhur məsəldir. Biri gedir Mollanın yanına, o da soruşur ki, haran ağrıyır? Bu da cavab verir ki, saçım ağrıyır. Molla xəstədən bu dəfə soruşur ki, yeməyin nədir? Cavab verir ki, buzla qarpız yeyirəm. Molla da deyir ki, nə sənin yeməyin adam yeməyidir, nə də xəstəliyin adam xəstəliyi. Bu gün Azərbaycan cəmiyyətinin vəziyyəti də Molla Nəsrəddinin lətifəsindəki xəstənin vəziyyəti ilə üst-üstə düşür. Biz kənardan bu millətin faciəsini görmürük. Hər şey ilk baxışdan gözəldir, şəhərlər qurulub, yollar salınıb, hər şey var. Ancaq nə yoxdur? Bizim ortaq dəyərlərimiz məhv olub getdi. Bir millətin millət olması üçün ortaq dəyərləri, ortaq hədəfləri olmalıdır. Bakı küçə-küçə bölünüb, dəniz bölünüb, iş-güc bölünüb, hər şey.... Hamının olacağı, «mənimdir» deyəcəyi bir şey yoxdur. Bir böyük faciəmiz, Qarabağ dərdi var. Hətta orda da ortaq deyilik. Siz heç gördünüzmü bir saraydan, bir villadan şəhid çıxsın? Bu ortaq dərdimizdir də. Beş kasıb balası döyüşə gedəndə bir də varlının balası, iqtidarda oturanın, nazirin, icra başçısının oğlu da cəbhəyə getməlidir. Vətən hamımızın olmalıdır. Amma indi vətən hamımızın deyil. Vətən döyüş vaxtı kasıblarındır, sülh vaxtı isə zənginlərin... Bir şey deyim. Siz heç varlı adamın toyunda kasıb gördünüzmü? Və ya kasıb bir kişinin toyunda varlını? Bakıda hər şey bölünüb, məhəllələşib, varlı məhəlləsi, milyarderlər məhəlləsi. Bunlar ağrılıdır. Varlı adamın kasıb qonşusu da olmalıdır. Bir-birlərinin xeyrində-şərində görünmürlər. Cəmiyyət iyerarxiyaya uğrayıb, yuxarıdan aşağı. Bu, millətin faciəsidir.

– Bəlkə vəhşi kapitalizm elə budur? Sürətli təbəqələşmə, qütbləşmə...

– Olsun kapitalizm. Ancaq kapitalizm cəmiyyətin idarə edilməsi üçün ən gözəl yol deyil. Axı, kapitalizmin özündə də belə şey yoxdur. Azərbaycan son 20-25 ildə inkişaf etməyinə edib. Bu da normaldır. Bu qədər neft pulları gəldi. Amma bunun əvəzində ortaq dəyərlərimizi itirdik. Bir də bu millətin heç nəyə həvəsi yoxdur, sual etmir: «Biz hara gedirik?». Hər bir xalqın, hər bir dövlətin 40 illik, 50 illik strateji hədəfləri, maraqları olur, planı-proqramı olur. Bizdə yoxdur. Bu 20-30 ildə bunu yazıb hazırlamadılar. Biz haradan gəlib hara gedirik? İndiki gəncliyin hədəfi yoxdur. Bu gənclik hara gedir? Bizdə fərdlərin eqosu öldüyünə görə millətin də eqosu ölüb. Eqodan, qürur hissindən məhrumuq. Azərbaycan toplumu xalq olmaqdan, etnos olmaqdan çıxıb şeytanlaşmış topluma çevrilib. Heç kim heç kimi eşitmir.

– Cəmiyyətin, fərdlərin eqosunun öldüyünü deyirsiniz. Səbəb nədir? Bəlkə, hakimiyyətin apardığı siyasətin nəticəsidir? Bəlkə, ideologiyasızlıqdan doğur?

– Təbii ki, ən böyük günah hakimiyyətdədir. Ancaq cəmiyyət də özünü formalaşdırmalıdır. Bizim cəmiyyətdə ictimai qınaq yoxdur. Heç kim kənardan verilən qiyməti qəbul etmir. Utanmaq, çəkinmək yoxdur. Bunun bir səbəbi də ictimai qınağın olmamasıdır. Buna iqtidar neyləsin? Düzdür, iqtidar cəmiyyətin idarə edilməsində günahkardır. Amma ictimai qınağın olmaması təkcə iqtidarın günahı deyil, cəmiyyətin öz günahıdır. Cəmiyyət başıpozuq halda özünü buraxıb, biz millət olmaqdan çıxmışıq.

– Sizdən elə bu ilin əvvəlində müsahibə alanda «heykəl məhbusu» kimi tanınan iki gəncdən, onlara yazdığınız şeirdən danışmışdınız. Həmin gənclərdən biri Qiyas İbrahimovun atası məhkəmədə hökmə etirazını bildirdiyinə görə ilyarım islah işlərinə cəlb edildi, özünün cəzası 3 ay artırıldı. Və ya Bayram Məmmədov soyuq, tualetin yaxınlığında yerləşən kamerada yerləşdirilib. Siyahını uzatmaq da olar. Siyasi hakimiyyətin bu davranışını görən toplumun sınması, susması, sizin dediyiniz kimi, eqosunun ölməsi normal deyilmi?

– Mən burda iqtidarın günahının olub-olmadığını dartışmıram, axı. Cəmiyyətin də günahı var. İqtidarın gücü cəmiyyətin gücsüzlüyündən qaynaqlanır. Biz güclü olsaq, iqtidar o qədər güclü ola bilməz. Azərbaycanda iqtidara qarşı, onun apardığı siyasətə qarşı mitinqlər olur. Siz o mitinqlərə baxın. Bəyəm mitinqə getməsinlər deyə, iqtidar insanların əllərini tutub bağlayır?

– Bir-iki ay öncə Milli Şura korrupsiya əleyhinə silsilə mitinqlər keçirirdi. Və bu zaman üç aktyor Abbas Qəhrəmanov, İlqar Cahangir və Ayşad Məmmədov da ora getmişdilər. Nəticədə nazir Əbülfəs Qarayev bu məsələyə münasibət bildirdi, onların dövlətdən aldıqları adları, mükafatları xatırlatdı, onlardan iş yerində izahat tələb olundu, işdən çıxmaları üçün basqı göstərildi. Bu, basqı deyilmi, Sizcə?

– Mən demədim ki, iqtidarın günahı yoxdur. Nitsşenin gözəl sözü var: «Ən gözəl iqtidar belə cəza aparatıdır». Ən gözəl, demokratik iqtidar belə qisasalıcıdır və zorakıdır. Bu mənim sözüm deyil, böyük filosofun sözüdür. Bütün iqtidarlar hakimiyyətini qorumaqdan ötrü hər vasitəyə əl atır. Onların gücü bizim gücsüzlüyümüzdən qaynaqlanır. Biz özümüzü gücsüz aparırıq. Məsələn, mitinqə getmirik. «Quran»dan bir misal çəkim. Deyir ki, bir qövm öz halını dəyişmək istəməsə, tanrı da onun vəziyyətini dəyişməyəcək. Hamı içinə çəkilib, hamıda qorxu var. Bu qorxu hissi bitsə, hər şey yoluna düşəcək. Sənin haqqını alan insan səndən qorxmur. O, etiraz etməyəcəyini, qiyam qaldırmayacağını bilir. O bilir ki, sən buna layiqsən. Etiraz etməyəcəyini bildiyindən güclüdür.

– Sizcə, niyə etiraz edə bilmir Azərbaycan vətəndaşı?

– İnsanı nəzarətə, ləyaqətsiz olmağa vadar edən itirmək qorxusudur. Yəni «Mən nəsə etsəm tutarlar, əlimdəkini alarlar» düşüncəsini, qorxu hissini öldürmək lazımdır.

– Rüstəm bəy, başa çatmaqda olan 2017-ci il Azərbaycan üçün nəylə yadda qalır?

– Mən elə başa düşürəm, bu il Azərbaycanda çox ağır iliydi. Deyəcəyim sözdən heç kim inciməsin. Bu il Azərbaycan jurnalistikası özünün bütün ölçülərini itirdi. Çox gözəl bir şeydir ki, prezident ev verdi, dünyanın heç yerində bu nümunə yoxdur. Bu adamlar da o evi almağa layiqdirlər. Mən sizdən başqa şey soruşum. Məndən bir şey qəbul edən adam mənim yanlışıma etiraz edə bilər, ya yox? Prezidentin addımını düzgün hesab edirəm, seçdiyi adamlara ev verdi. O adamları ləyaqətli sayaram ki, evi alandan sonra prezidentə mədhiyyə oxumaqdansa cəmiyyətdəki yanlışları yaza bilsin. Onu bacaracaqmı bu jurnalistika? Çox çətin. Mən bir dəfə yazmışdım ki, bizim Azərbaycanın «ziyalı»sı xalqın üz qarasıdır. Danışmır. Mənim bu düşündüklərim doğrudursa, uğrunda vuruşacağımız çox şey var. Uçurumun kənarında dayanan bir topluma «Dur» deməyin gərəkliliyini duymayan adam zalımdır. Gələn fəlakəti görüb onu hayqırmayan adam hiyləgərdir. Bizim Azərbaycan «ziyalı»sı bu gündədir. Həm hiyləgərdir, həm də zalımdır. Gördüklərini qorxub danışmırlar. Əslində, danışmaq bu iqtidara qarşı nə qiyam qaldırmaqdır, nə də üsyan. Cəmiyyəti normal vəziyyətə gətirmək üçün bəlkə də elə prezidentə köməkdir. Bizim «ziyalı» bu cür düşünə bilmir. Azərbaycanda zəngin adamlar da azad, asudə, qorxusuz yaşaya bilmir. Bunun üçün də həmişə gərgindir. Basqı və qorxu altındadır. Topladığı sərvəti qorumaq üçün qorxu altında yaşayır. Kasıb, fəqir adamlarınsa ümidi, arzusu, uğrunda öləcəyi şeylər var. Kim daha xoşbəxtdir? Basqı, qorxu altında yaşayan harınlar sürüsü, yoxsa ümidin, arzunun, sevginin dost-doğma balaları, kasıb və ləyaqətli adamlar? Təbii ki, kasıblar. Onların can atacağı bir şeylər var, hədəfləri var. Zəngin adamların pul toplamaqdan, qazandıqlarını qorumaqdan başqa hədəfləri yoxdur. Bizim toplum şeytanlaşıb.

– Bəs, çarə nədir?

– Ana doğum sancısına hazırdırsa, uşaq doğulacaq. Doğum sancısından qorxacaqsa, uşağı doğmayıb bətnində saxlamağa çalışacaqsa, ana da, uşaq da ölümə məhkumdur. Mütəxəssislərin sözlərinə görə, qadının təbii yolla uşaq doğarkən aldığı zövq və həzz qədər füsunkar və fövqəladə hiss yoxdur. O ağrıya baxmayaraq. Belə olmasaydı, qadınlar təkrar-təkrar dünyaya övlad gətirərdilər? Qurtuluş da doğum sancısına bənzəyir. Cəmiyyətin bu pislikdən, natamamlıqdan qurtulması doğum sancısına bənzəyir. Mənə belə gəlir artıq bu cür gözəl, fövqəladə hissi yaşamağın vaxtıdır. Bu məsələdə təkcə iqtidarı günahlandırmaq da yanlışdır. İqtidarın işi budur ki, hakimiyyət qurub, onu qorusun. Bu, onun özəl haqqıdır. O hakimiyyətini qorumaq üçün nəyə desən hazırdır. Bütün zamanlarda belə olub, belə də olacaq, ən demokratik quruluşda belə. Xalqda da günah var. «Ay xalq qorxur, basqı altındadır» da söz deyil. Bir şey itirməsən, başqa şey əldə etmək mümkün deyil.

– Hakimiyyətlər təkcə öz iqtidarını qorumaq üçün deyil, axı. Onun ümdə borcu vətəndaşın rahatlığını təmin etməkdir. Elə etməlidir ki, kasıb varlana bilsin və ya özünü realizə edə, imkanlarını ortaya qoya bilsin, zəngin qazandığını gizlətməsin, halal yolla qazandığından utanmasın, qorxmasın, ədalətli məhkəmə sistemi qursun, yeri gələndə islahatlar aparsın və s...

– Hakimiyyətin işi elə sizin dediyinizdir. Ancaq Nitsşe deyir ki, iqtidar həmişə bunun tərsini edir. Bu, onun işidir. Cəmiyyətin də işi ona qarşı dayanıb, gözəl cəmiyyət qurmağa hesablanmalıdır.

– Prezidentlə görüşsəydiniz, ona deyəcəyiniz nə olardı?

– Mən rəhmətlik Heydər Əliyevlə saatlarla qabaq-qabağa oturub danışmışam, o da qulaq asıb. Hətta 1996-cı ildə təkbətək etdiyimiz söhbəti seçilmiş əsərlərinə salıb. O məni dinlədi və dedi ki, çox düzgün düşünürsən. Sonradan dediklərimin bəzi nəticələrini də görmüşəm. Mən Ayaz Mütəllibovla da görüşmüşəm, Əbdürrəhman Vəzirovla, Əbülfəz Elçibəylə də qabaq-qabağa oturmuşam. Mən İlham Əliyevlə görüşsəydim, deyərdim ki, bu xalq xoşbəxt olmağa layiqdir. Bunu tanrı da təsdiq edir, çünki bizə hər şey verib. Bu xalqın xoşbəxt olmağa haqqı var. Sən də bu ölkənin hökmdarısan, rəhbərisən bu xalqı xoşbəxt etməyə çalış. Bu, onun həm borcudur, həm də işi.

– Sadaladınız ki, Mütəllibovla, Vəzirovla, Elçibəylə, Heydər Əliyevlə görüşmüsünüz. Bəs İlham Əliyevlə niyə görüşmürsünüz?

– Mən heç bir prezidentlə görüşə can atmadım. Mən Rüstəm Behrudiyəm, şairəm. Mən sıradan adam deyiləm ki, görüşə can atım. Ədəbiyyat adamıyam, öz işimlə məşğulam. Mən bir ziyalının gücü çatan nə varsa hamısını etmişəm. Amma mənə elə gəlir, İlham Əliyevlə görüşsəm, o məni başa düşər, dediklərimi qəbul edər. Bu xalq xoşbəxt olmağa layiqdir... «Azneft»də Azərbaycan bayrağını yenicə asmışdılar. Qardaşımla gedib onun altında oturanda hönkür-hönkür ağladım. Qardaşım soruşdu ki, niyə ağlayırsan? Dedim ki, bunun nə qədər möhtəşəm bayraq olduğunu, nələrin hesabına dalğalandığını bilmirsən. Minlərlə adam, adlı-adsız bu yolda can qoyub. Amma bizim xoşbəxtliyimizə bax, mən gəlib o bayrağın altında oturmuşam... Bir də Qarabağ haqda danışmaq istəyirəm. And olsun Allaha, yerə, göyə, tanrıya and olsun, mən hər gün xəcalətdən ölürəm. Qarabağ Azərbaycanın bətnində qara yaradır. O silinmədikcə, heç nədən danışa bilmərik, nə iqtidar-müxalifət münasibətindən, nə də xalqın gələcəyindən. Bu dərd bizi nakişi edib. Bir dəfə xaricdə türkçülüklə bağlı çıxış etdim. Bir kürd ziyalı mənə yaxınlaşdı ki, Rüstəm Behrudi, əvvəlcə Qarabağı azad edin, sonra Turan deyilən bir şey qurarsınız. Bu adamın sözü ölümdən betər idi. Azərbaycanı ölüm yatağında yatan, yarasından qan daman əsgərə bənzədirəm. O qurşun oradan çıxarılmalıdır, amma əsgər ölməməlidir. Nəsə yolunu tapmalıyıq. Azərbaycanda ağıllı adamlar çoxdur, bir yolunu tapa bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG