Britaniyanın «The Guardian» qəzeti Gürcüstandan yazır.
Dünən – fevralın 19-da Tbilisidə kütləvi aksiya olub. 10 minə yaxın adam parlamentin önünə – Rustaveli prospektinə toplaşaraq «Rustavi-2» kanalının bağlanmasına etirazını bildirib. Yayımı kanal özü şənbə günü dayandırıb. Telekanalın direktor müavini Zaal Udumashvili deyib ki, bununla onlar hökumətin mətbuata hücumuna etirazlarını bildirirlər.
«KANALA NƏZARƏTİ ƏLƏ KEÇİRMƏYƏ ÇALIŞIRLAR»
Kanal rəhbərliyinin fikrincə, rəsmilər bir işadamının – Kibar Khalvashi-nin əliylə kanala nəzarəti ələ keçirmək istəyirlər. 54 yaşlı milyonçu K.Khalvashi əvvəllər kanal səhmlərinin böyük hissəsinə sahibmiş, amma təxminən 10 il öncə – M.Saakashvili administrasiyası dövründə səhmlərə nəzarət paketini satıb. İndi o, səhmlərini satmağa məcbur edildiyini deyir və onları məhkəmə yolu ilə geri almağa çalışır.
Yerli məhkəmələr 2015-ci və 2016-cı illərdə keçirilən toplantılarda işadamının xeyrinə qərar çıxarıblar. Bu günlərdə isə Gürcüstan Ali Məhkəməsinin məsələylə bağlı son qərarı verəcəyi gözlənir. Kanal rəhbərliyi K.Khalvashi-nin yuxarılarla əlaqəli olduğunu, buna görə məsələni öz xeyrinə həll edə bildiyini deyir.
Gürcüstan prezidenti, hakim «Gürcü Arzusu» Partiyası ilə yola getməyən Giorgi Margvelashvili bütün media orqanlarına, özəlliklə də tez-tez basqıya məruz qalan «Rustavi-2» kanalına dayaq duracağına söz verib.
Gürcüstanın insan haqları təşkilatları da məhkəmələrin telekanal haqda qərarlarına etiraz edib, yaydıqları bəyanatda bu qərarların mətbuat azadlığına zərbə vurduğunu bildiriblər.
«HÖKUMƏT TOXUNA BİLMƏYƏCƏK»
«Hökumətin mətbuat azadlığını məhdudlaşdırmasına imkan verməyəcəyik». Bunu kanalın xəbər proqramının aparıcısı Diana Jojua aksiyaçılar qarşısında çıxışında deyib: «Birlikdə biz «Rustavi-2» kanalını, Gürcüstanda söz azadlığını qoruyacağıq».
Telekanalın direktor müavini Z.Udumashvili isə «Biz bu gün bir olmalı, hökumətə bu ölkənin söz azadlığına toxuna bilməyəcəyini söyləməliyik», – deyib.
Gürcüstan rəsmiləri ittihamları rədd edir, kanala nəzarəti ələ keçirmək niyyətində olmadıqlarını bildirirlər.
«Rustavi-2» kanalının rəhbərliyi bir neçə dəfə, «qaranlıq» müqavilələr əsasında dəyişdirilib.
2014-cü ildə kanalın yaradıcısı Erosi Kitsmarishvili maşınında ölmüş halda tapılıb, polisin dediyinə görə, onu başından güllə ilə vurublarmış. Hadisədən bir az əvvəl E.Kitsmarishvili hökumətin telekanala nəzarəti ələ keçirməyə, özününsə buna əngəl olmağa çalışdığını deyibmiş.