Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 00:04

Rusların gözündə ən pis əməl...


Foto:arxiv

Rusiya sakinləri nəqliyyatda pulsuz gedişdən, söyüş söyməkdən və alkoqol düşkünü olmaqdan tutmuş, narkomanlığa və həyat yoldaşına xəyanətə kimi münasibətlərini bildiriblər.

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi rusların müxtəlif hüquqazidd əməllərə münasibətini bilmək üçün araşdırma aparıb. Bu məqsədlə nisbətən adi əməllərdən tutmuş, ciddi əməllərədək ən müxtəlif hüquqazidd davranışlara Rusiya əhalisinin necə yanaşdığını əks etdirən sorğu keçirilib.

Barəsində respondentlərin rəyi soruşulan həmin əməllərin bəziləri inzibati və hətta cinayət məsuliyyəti doğursa da, digərləri yalnız ictimai qınağa tuş gəlir.

Buna da bax: Tolstoy. Hakimiyyətə soxulan yaltaq və axmaqlara niyə tabe olmalıyam?

Sorğunun nəticələrinə görə, rusların gözündə ən pis hərəkət narkomanlıqdır. Rəyi soruşulanların 93 faizinin fikrincə, bu hərəkət qəbuledilməzdir. Yalnız 4 faiz bunu bəzi hallarda yol verilə bilən davranış sayır.

İnfoqrafika, Rusiyada sorğu
İnfoqrafika, Rusiyada sorğu

Rüşvət alıb-verməyi respondentlərin 83 faizi yolverilməz hesab edib, amma 13 faiz ara-sıra rüşvətə əl atmağı mümkün sayıb. Bu nəticə Transpery International təşkilatının hər il tərtib etdiyi Korrupsiya İndeksində Rusiyanın tutduğu mövqeyə heç də uyğun gəlmir. Həmin siyahıda Rusiya İran, Qazaxıstan, Nepal və Ukrayna ilə 131-ci yeri paylaşır. Ermənistan (113), Belarus (79), Gürcüstan (44), Latviya (44), Litva (38) və Estoniya (22) kimi qonşularındansa xeyli geri qalır.

Rəyi soruşulanların 80 faizi fərqli millətə və ya dinə mənsub şəxslərə nifrət bəsləməyi qəbuledilməz sayıb. Yalnız 10 faiz qeyd edib ki, bu hissləri epizodik olaraq büruzə vermək olar.

Sosioloqlarsa Rusiyada ksenofobiyanın yüksək olduğunu bildirirlər.

Buna da bax: "Təbriz rus işğalı günlərində" - Xan nənənin dilindən...

Həyat yoldaşına xəyanət edə bilərsən, əsgərlikdən də yayınmaq olar...

Sorğu sonuclarından belə anlaşılır ki, rusların gözündə vergidən yayınmaq, hərbi xidmətdən boyun qaçırmaq, həyat yoldaşına xəyanət etmək və polisə dirənmək pis əməllər sırasında nisbətən yol verilə bilənləridir. Respondentlərin yalnız üçdə ikisi sadalanan əməllərdən uzaq durmağın vacibliyini vurğulayıb. Üçdə biri isə düşünür ki, hərdən belə hərəkətlərə yol vermək olar.

Rusların ən dözümlü yanaşdıqları pis əməl söyüş söymək olub. Respondentlərin yarıya yaxını – 44 faizi qeyri-etik ifadələr işlətməyi mümkün, 10 faizi anlaşılan sayır. 45 faiz bunun tam əleyhinədir.

Sərnişinlər avtobusa minirlər, Moskva
Sərnişinlər avtobusa minirlər, Moskva

Rəy sorğusu göstərir ki, Rusiyada ictimai nəqliyyatdan gedişhaqqı ödəmədən istifadə edənlərə anlayışla yanaşırlar. Rəyi soruşulanların 39 faizi müəyyən vəziyyətlərdə bunun yolverilən olduğunu, 10 faizi belə insanları anladığını bildirib. İctimai yerlərdə siqaret çəkilməsinə isə respondentlərin 42 faizi tolerant münasibət bəsləyib.

Yaşlılar pis əməllərlə daha çox barışmırlar

Sorğu təşkilatının ümumiləşdirməsinə əsaslansaq, pis əməllərə münasibətdə yaşlı insanlar gənclərə nisbətən daha tələbkar və barışmaz mövqe nümayiş etdirirlər. Yalnız həyat yoldaşına xəyanət məsələsində gənclər yaşlılardan daha sərt mövqe ortaya qoyublar.

18-24 yaş qrupu arasında olanların 74 faizi xəyanətə haqq qazandırmağın mümkünsüzlüyünü düşündüyü halda, 60 yaşdan yuxarı insanlar arasında bu göstərici 65 faiz olub.

Bəzi məsələlərə münasibətdə gender fərqi də özünü göstərib. Məsələn, alkoqolizmə (68 faizə qarşı 86 faiz), ictimai yerlərdə siqaret çəkilməsinə (50 faizə qarşı 61 faiz) və qeyri-etik ifadələr işlədilməsinə (38 faizə qarşı 50 faiz) münasibətdə qadınlar kişilərdən daha barışmaz mövqe nümayiş etdiriblər.

XS
SM
MD
LG