Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Krımın ilhaqını danan ruslara otaq verməyən otel sahibi məhkəməni udub


Tomas Krcmar
Tomas Krcmar

Tomas Krcmar deyir ki, ona ünvanlanan ölüm hədələrinə baxmayaraq Çexiyanın Moraviya bölgəsindəki mehmanxanasında Krımın Ukrayna torpağı olduğunu danan rusiyalılara nömrə verməməsindən peşman deyil. Otel sahibi AzadlıqRadiosuna bunları deyib:

"Mən Krımın ilhaqına çox ağrılı reaksiya vermişəm. Elə o vaxt özümə söz verdim ki, Krımın ilhaqını danan rusları mehmanxanama buraxmayacağam. Amma heç ağlıma da gəlməzdi ki, bu hərəkətim belə təlatüm yaradacaq, heç yuxuma da girməzdi ki, bütün bunlar 5 il davam edəcək. Amma indi şadam ki, belə etmişəm”.

2014-cü ildə Çexiyanın Ostrava şəhərindəki dördmərtəbəli Brioni Boutique Hotel mehmanxanasında rusiyalılara yer olmadığı barədə lövhə asılandan bir neçə həftə sonra Tomas Krcmara 50 min kron (2170 dollar) cərimə yazıblar. Çexiyanın Əmək Müfəttişliyi ona antidiskriminasiya qanunlarını pozduğunu bildirib.

O yerli məhkəməyə müraciət edərək cəriməni ləğv etdirə bilib.

Otelin qapısındakı elan
Otelin qapısındakı elan

Lakin bundan sonra Çexiyanın Ali İnzibati Məhkəməsi həmin məhkəmə qərarını ləğv edib və işi təkrar Ostravadakı regional məhkəməyə göndərib. 2018-ci ildə birinci instansiya məhkəməsi yalnız bunu edə bilib ki, Krcmarın cəriməsini 5 min krona endirib.

Amma bu Krcmarı qane etməyib. O deyib ki, “heç bir kron da ödəməyəcəyəm”.

Ən nəhayət Çexiyanın Konstitusiya Məhkəməsi çox incə və tədbirli bir hökm verib. Həmin hökmdə deyilir ki, mehmanxanada kiməsə etnik və ya dini mənsubiyyəti zəminində yer verilməməsi antidiskriminasiya qanunlarını pozsa da, kimi isə vətəndaşlığına görə otelə buraxmamaq qanunu pozmur.

Aprelin 30-da çıxarılmış hökmdə deyilir ki, hətta hansı ölkələrin vətəndaşlarının Çexiyaya vizasız gələ biləcəyini müəyyən edən Çexiya hökuməti də diskriminasiyaya yol vermiş olur.

Üstəlik yüksək məhkəmə instansiyası bildirib ki, bundan əvvəlki hökmlər və cərimə Krcmarın “siyasi ifadə azadlığını” məhdudlaşdırıb.

İndi Krcmar özünü tamamilə qalib hesab edir.

Tomas Krcmarın Ostravadakı oteli
Tomas Krcmarın Ostravadakı oteli

Amma o bunu da deyir ki, son məhkəmə qərarına neqativ reaksiyalar var və hətta ona qarşı təhdidlər də səslənir.

Mehmanxana sahibi deyir ki, ona göndərilən bir neçə məktubları polisə təqdim edib. Amma burası da var ki, hədələri yazanlar rus yox, çexlərdir.

Krcmarın babalarından biri ukraynalıdır və o buna görə də Krımın işğalı ilə 1968-ci ildə sovetlətin Çexoslovakiyaya hərbi müdaxiləsi arasında bağlılıq görür.

"Paralel burasındadır ki, adam bir quyuya iki dəfə düşməməlidir. Putin Krımı ilhaq etməklə yeni nəsə icad eləməyib. Belə çıxır ki, çox adamlar tarixdən ibrət dərsi almırlar. Mən həmin adamların yaddaşını bir qədər təzələmək istəmişəm”.

Krımın ilhaqından dərhal sonra BMT “Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən” qətnaməni böyük səs çoxluğu ilə qəbul edib. Həmin qətnamədə Krımın Rusiya qüvvələri tərəfindən işğal edildiyi təsbit olunub.

Krcmar da ilkin qadağandan sonra strategiyasını dəyişmişdi. O rusiyalı qonaqlara Krımın Ukraynaya aid olduğuna dair deklarasiya təqdim edirdi.

O hesablamışdı ki, əslində bu kağızı imzalamaq istəməyənlər rusların təxminən 10 faizini təşkil edirdi. Bəyannaməni imzalayan ruslar isə mehmanxanada qala bilərdilər.

Otel sahibliyi ilə yanaşı həm də siyasi fəallıq nümayiş etdirən Krcmar Qərbin Moskva ilə yumşaq davranışından narazıdır. Onun fikrincə təcavüzün qarşısından çəkiləndə, təcavüz daha pis formalar alır. Putinin ukraynalılara Rusiya pasportları paylamaq barədə qərarı buna sübutdur:

"Hər şey aydındır. O öz sözünü deməkdə davam edir. Qonşu dövlətlərin, Avropa İttifaqının sanksiyaları, əlbəttə təsirsiz ötüşmür, amma ümumilikdə, hadisələr çox pis istiqamətdə gedir. Rusiyanın imperiya siyasəti dəyişməyib”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG