Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:54

Ruslar Sovet İttifaqının çöküşünə təəssüflənir


SSRİ bayrağı Kremldən endirilir - 31 dekabr 1991
SSRİ bayrağı Kremldən endirilir - 31 dekabr 1991

Araşdırmalar rusların 56%-nin Sovet ittifaqının çökməsinə heyfsiləndiyini göstərib, 51%-nin fikrincə, süqutun qarşısını almaq olarmış. Bu barədə Rusiyadakı «Levada» müstəqil sorğu mərkəzindən «Interfax»a verilən bilgidə deyilir.

Respondentlərin cəmi 29%-i Sovet hökumətinin dağılmasının qaçılmaz proses olduğunu düşünür.

Sorğuda iştirak edənlərin 53%-i deyib ki, Sovet İttifaqının süqutunun ən pis nəticəsi vahid iqtisadi sistemin dağılması olub. Respondentlərin 43%-nin fikrincə, bu hadisə insanları böyük dövlətin vətəndaşı olmaq hissindən məhrum edib. Rəyi soruşulanların 3-dən 1-i sonucda «hər yeri öz evi hesab etmək» hissini itirdiyini söyləyib. Respondentlərin 15%-i səyahət etməyin, istirahətə getməyin çətinləşməsindən şikayətlənib.

BƏRPASINI İSTƏYƏNLƏR AZDIR

Respondentlərin 29%-i Sovet İttifaqının dağılmasında Yeltsin, Kravchuk və Shushkevich-in Belovej sazişini, 23%-i SSRİ-yə düşmən xarici qüvvələri günahlandırır.

Maraqlıdır ki, sorğuya qatılanların çoxu Sovet İttifaqının dağılmasına təəssüflənsə də, onun yenidən bərpasını arzu edənlərin sayı azdır. Respondentlərin cəmi 12%-i əvvəlki ittifaqın bərpası arzusunu dilə gətirib. Rəyi soruşulanların 4-dən 1-i isə yalnız bəzi respublikaların Rusiyayla, həm də daha sıx şəkildə birləşməsinə tərəfdar olduğunu deyib. 21% bütün keçmiş Sovet respublikalarının Avropa Birliyindəki kimi birləşməsinin daha yaxşı ola biləcəyini söyləyib. Sorğuda iştirak edənlərin 13%-i bütün respublikaların müstəqilliyinə tərəf çıxıb.

Belovej sazişinin imzalanması - 8 dekabr 1991
Belovej sazişinin imzalanması - 8 dekabr 1991

Ukraynaya gəlincə, qurum Rusiya əhalisi arasında bu məsələyə marağın azaldığını müşahidə edib. «Levada» sorğu mərkəzinin araşdırmaları nəticəsində bəlli olub ki, rusların, az qala, yarısı – 44%-i Ukraynada baş verənlərlə bir o qədər maraqlanmır, 26%-ni isə Ukrayna heç maraqlandırmır.

UKRAYNAYLA ÇOX DA MARAQLANAN YOXDUR

Respondentlərin 63%-i düşünür ki, Ukraynanın müstəqilliyi, Kiyevlə Moskvanın münasibətlərinin yaxşılaşması Rusiyaya daha çox xeyir verə bilər.

Digər tərəfdən, sorğuya qatılan rusların 64%-i Ukraynanın Krım vilayətinin Rusiyaya ilhaqının ölkəyə xeyir gətirdiyini söyləyib. Əvvəl belə düşünənlərin sayı nisbətən az (2015-ci ildə 59%) idi.

Sovet İttifaqının mövcudluğuna 1991-ci il dekabrın 8-də Rusiya, Ukrayna və Belarus liderlərinin Belovejdə bağladığı sazişlə son qoyulub. Saziş eyni zamanda Müstəqil Dövlətlər Birliyinin yaranmasını nəzərdə tuturdu. Azərbaycan ittifaqdan ayrıldığını və müstəqilliyini bundan iki ay öncə, oktyabrın 18-də elan edib.

«Levada» mərkəzi sorğunu həm kəndlərdə, həm də şəhərlərdə apardığını, yaşı 18-i keçmiş 1600 Rusiya vətəndaşına şəxsən sual verildiyini yazır.

XS
SM
MD
LG