Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:36

Ruslan İzzətli hərbi xidmətə aparılıb


R.İzzətli

D18 Hərəkatının sədri Ruslan İzzətli mayın 25-də hərbi xidmətə aparılıb.

Bu barədə AzadlıqRadiosuna Hərəkatın sədr əvəzi Samirə Ağayeva məlumat verib. Onun sözlərinə görə, R.İzzətlinin səhhətində ciddi problemlərin olmasına baxmayaraq, artıq N saylı hərbi hissədə xidmətdədir:

"Məsuliyyət hakimiyyətin üzərində olacaq"

"Bunu gözləyirdik, çünki balaca bir siyasi təşkilata qarşı hər şeydən istifadə etdilər. İdarə Heyətinin üzvlərindən biri işdən çıxarıldı. Bundan əlavə, seçkilərdə kifayət qədər təzyiqlər oldu, ofisdən çıxarıldıq. İndi isə təşkilatın sədri hərbi xidmətə aparıldı. Əsgərlikdə olduğu zaman R.İzzətliyə qarşı hansısa qanunsuzluq və onun səhhətində ağırlaşma olsa, bütün məsuliyyət hakimiyyətin üzərində olacaq".

Bu açıqlamaya, hələlik, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, bəyan edirlər ki, ölkədə heç kim dinc siyasi fəaliyyətə görə basqılara məruz qalmır.

R.İzzətli hələ ötən həftə AzadlıqRadiosuna bugün, mayın 25-də hərbi xidmətə aparılacağını demişdi. R.İzzətlinin həmin vaxt bildirməsinə görə, 2007-ci ildən bəri ona həkim komissiyası rəy verib ki, dinc dövrdə hərbi xidmətə yararsızdır. Həkim komissiyasından 3 ildən bir keçdiyini qeyd edən müxalif fəal bundan əvvəl axırıncı dəfə komissiyadan ötən ilin avqust ayında keçdiyini söyləmişdi. "Mayın 4-də (2020-ci il) məni Ağdam hərbi komissarlığına çağırdılar ki, orada müayinədən keçim. Mayın 6-da isə Ağdam Mərkəzi Klinikasından tibbi müayinə barədə yekun akt aldım. Aktda hərbi biletimdə yazılmış diaqnoz, yəni, böyrəyimin xəstə olması öz təsdiqini tapdı. Mayın 8-də isə mən gördüm ki, işimin içində yazılan yekun akt dəyişdirilib (Bakıda yenidən müayinə olunur-red.) və yazılıb ki, mən sağlam adamam, sadəcə, hərdən ürəkbulanmalarım olub. Bakıda özəl klinikaların birində müayinədən keçəndə bilindi ki, 5 mm səviyyəsində bel yırtığım var və bu bel yırtığı sinir sistemini sıxır. Bu mənə nə çox bir yerdə oturmaq, nə də çox gəzmək imkanı verir. Həkimlər mənə təcili fizioterapiyadan keçmək lazım olduğunu bildirdilər və hərbi xidmətə aparılmamı mümkünsüz saydılar", - o, AzadlıqRadiosuna hərbi xidmətə getməzdən əvvəl bildirmişdi.

R.İzzətli demişdi ki, o, hərbi xidmətdən yayınmır, vətənə xidmətə həmişə hazırdır.

Xatırlatma

Ruslan İzzətli bu il fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkilərində namizəd olub. Onun namizəd olduğu 33 saylı Xətai ikinci seçki dairəsində seçkilərin nəticələri ləğv edilib. Həmin dairədə yenidən seçki keçirilməlidir.

R.İzzətli və bəzi namizədlər həmin dairədə saxtakarlıq olduğunu iddia edərək Mərkəzi Seçki Komissiyasına şikayət vermişdilər. Şikayətlər qəbul olunduğundan dairə üzrə nəticələr ləğv edilmişdi.

Multimedia

XS
SM
MD
LG