The New York Times qəzetinin təhqiqatçı jurnalisti Kristian Tribert Rusiya tərəfindən ilhaq olunmuş Krımdakı Belbek hərbi aerodromuna mayın 15-də və 16-da ATACMS raketləri ilə endirilmiş hava zərbələrindən sonrakı peyk fotolarını dərc edib.
Bu fotoları təhlil edən Tribert bu qənaətə gəlib ki, hücum nəticəsində aerodromdakı iki MiG-31 və bir Su-27 qırıcıları məhv edilib, daha bir MiG-26 qırıcısı isə zədələnib.
Jurnalist yazır ki, habelə əsas uçuş-eniş zolağının yaxınlığındakı yanacaq anbarı məhv edilib.
Fotolarda tüstü görünür, çünki o vaxt hələ yanğın söndürülməmişdi.
Planet.com saytının dərc etdiyi peyk fotolarında da 16 may hücumundan sonra Belbek aerodromu əks olunub.
Fotolarda ATACMS raketləri ilə zərbələrdən sonra Su-27, Su-30 və MiG-31 təyyarələrinin dayanacaq yerində yanğın izləri görünür.
Zədələnmiş texnikanın sayı və onlara dəyən zədənin miqyası məlum deyil.
Müqayisə üçün yalnız 1 may tarixli peyk fotolarına istinad edilə bilər.
Rusiya hərbi blogerləri narazılıq edirlər
Bundan əvvəl Ukrayna mənbələri də rusiyalıların 2 qırıcı təyyarə itirdiklərini yazmışdılar. Şəkillərdən habelə aerodromun yanacaq-sürtkü anbarının tamamilə yandığı məlum olur.
AzadlıqRadiosunun müxbiri Mark Kutuzov hesab edir ki, iki gecə ərzində Belbek aerodromuna endirilmiş zərbələr nəticəsində azı bir neçə MiG-31 və yanacaq anbarı məhv edilib.
Rusiyanın hərbi teleqram kanallarından biri mayın 17-də yazıb ki, hərbi hava bazasına hücum nəticəsində iki MiG-31 və bir Su-27 qırıcısı məhv edilib, daha bir MiG-29 isə zədələnib:
"Bunu deməyə dəyərmi ki, hətta adi örtüklər təyyarələri xilas edə bilməsə də, heç olmasa zərbələrdən dəyən ziyanı azalda bilərdi, çünki Ukrayna silahlı qüvvələri kasetli ATACMS raketlərindən istifadə ediblər və M74 kasetli bombalarının çoxu elə örtüyün üstündə partlayardı. Amma örtük olmayıb və yoxdur. Bizim öz yolumuz var”.
ATACMS zərbələri
Krımın yerli teleqram kanallarından – "Krımski veter” teleqram kanalı mayın 16-da Belbek aerodromunda yanğını görüntüləyən videolar dərc etmişdi.
Peyk fotoarından görünür ki, aerodromda ayrı-ayrılıqda üç yanğın baş verib.
AzadlıqRadiosunun məklumatına görə Belbek aerodromunda Rusiya hərbi hava qüvvələri 38-ci qırıcı aviasiya polku və Rusiya fövqəladə hallar xidməti Sevastopol aviasiya xilasedici mərkəzi dislokasiya olunur. Burada 12 ədəd Su-27, elə o qədər də Su-27M və bir neçə hərbi təyyarələri saxlanır.
Rusiya Müdafiə Nazirliyi Belbek aerodromuna hücumların təfərrüatları barədə məlumat verməyib.
Bunun əvəzində nazirlik mayın 16-da gecə Krım üzərində 5 ATACMS raketinin vurulduğunu bildirib.
Ukrayna hərbçiləri bir qayda olaraq raket zərbələri barədə şərh vermirlər.
Bundan əvvəl Kiyev bildirmişdi ki, ilhaq edilmiş Krımdakı hərbi obyelktlərə hava zərbələri artırılacaq.
Tuapsedə neftayırma zavodu vurulub
Mayın 17-də gecə Krıma və Rusiyanın bir neçə regionuna dron hücumları edilib.
Krasnodar vilayətində Ukrayna dronları Tuapse neft emalı zavoduna hücum ediblər. Hücumda iki dronun iştirak edildiyi bildirilir.
Yerli hakimiyyət orqanlarının məlumatına görə Tuapse şəhərindəki neftayırma zavodunda yanğın baş verib. Daha sonra yanğının lokallaşdırıldığı barədə məlumat verilmişdi.
Qara dəniz sahilindəki kurort şəhəri Tuapse Soçi və Krasnodarın yaxınlığında yerləşir.
Tuapsedə Rosneft şirkətinin neftayrıma zavodu yerləşir. Yanvar ayında bu zavodun ərazisində vakuum qurğusunda ehtimalən dron zərbəsi nəticəsində yanğın baş vermişdi.
Novorossiysk portuna hücum
Astra teleqram kanalının məlumatına görə Novorossiyskdə yerli sakinlər 35 partlayış səsi eşidiblər.
Mash saytı dəniz portunun hücuma məruz qaldığını bildirir. Başqa teleqram kanallarının məlumatına görə Novorossiyskdə ictimai nəqliyyat işləmir.
Təhsil müəssisələrində dərslər dayandırılıb, bir sıra küçələr bağlanıb, dəmir yolu vağzalında isə neft qurğusu yanır.
Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev bəyan edib ki, mayın 17-də gecə Ukrayna silahlı qüvvələri Novorossiysk ərazisindəki mülki obyektlərə “uğursuz hücum cəhdləri” edib.
Onun özlərinə görə hava hücumundan müdafiə sistemi 10-dan çox dronu vurub, lakin dronların yerə düşməsi nəticəsində “lokal yanğınlar” baş verib.
Kütləvi dron zərbələri
Bu da xəbər verilir ki, mayın 17-də Krımdakı Sevastopol şəhəri də dron hücumuna məruz qalıb.
Şəhərin Rusiya tərəfindən təyin edilmiş qubernatoru Mixail Razvozjayev iddia edir ki, Rusiya hərbçiləri onlarca dronunun və 5 “ekipajsız katerin” hücumlarını dəf ediblər.
Hücum nəticəsində “Sevastopol” elektrik yarımstansiyası zədələnib. Razvozjayevin sözlərinə görə bərpa işləri başa çatanadək şəhərə kifayət qədər elektrik enerjisi verilə bilməyəcək.
Burada da bütün məktəblər və uşaq bağçaları bağlanıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Krım üzərində 51, Krasnodar diyarında 44 dron vurulub. Rusiyanın Belqorod və Kursk vilayəti üzərində də dronların vurulduğu xəbər verilir. Məlumata görə Qara dənizdə Ukraynanın 6 dəniz PUA-sı məhv edilib.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirir ki, avtomobilə kamikadze dronunun zərbəsi nəticəsində bir qadın və onun dörd yaşlı uşağı həlak olublar.
Daha bir dron Bessonovka kəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsinə hücum edib. Hücum nəticəsində buradakı rezervuarlardan biri alışıb. Yanğın söndürülüb.
Ukrayna bu hücumlar barədə heç bir rəsmi məlumat vermir.