Ukraynadakı savaşa görə kim məsuliyyət daşıyır: Vladimir Putin və hökuməti, yoxsa Rusiya dövləti və xalqı? Beynəlxalq hüquq baxımından, cavab aydındır. Orduya hücum əmrini Rusiya prezidenti verib və əsas məsuliyyəti də o daşıyır. Ancaq bu qorxunc qərardan sonrakı 26 ay ərzində ukraynalılar bu sualın cavabını çox düşünüblər.
"Time" dərgisi yazır ki, indi bir çox ukraynalı müharibə əleyhinə hərəkatın zəif olmasını rus xalqının Putin ilə suç ortaqlığının göstəricisi sayır. Ölkədə Putinə güvən faizi də təlaşlandırır. İki ildən çoxdur savaş sürsə də, müstəqil sorğular insanların 80 faizindən çoxunun Putini dəstəklədiyini üzə çıxarıb. Hətta prezident Volodimir Zelenski və komandası da Rusiyada xalq arasında müharibə əleyhinə etirazların başlayacağına ümidlərini itiriblər. Onlar artıq "yaxşı" rusların varlığına inanmağa meylli deyillər.
Rusiya müxalifət hərəkatının aparıcı fiqurlarından olan Mixail Xodorkovski bir zamanlar Rusiyanın ən zəngin adamı idi. O, həyatını Rusiyadakı rejimin dəyişdirilməsinə həsr edib və Putinin savaşı uduzmasına nail olmağı öz missiyası kimi görür. Xodorkovski Kremlə qarşı müxalifətdə olduğundan 10 ilini Rusiya həbsxanalarında keçirib. O öz sosial media hesablarındakı şərhlərdən ukraynalıların ona da nifrət etdiyini görür. "Bu, sonu olmayan nifrətdir. Bir çox ukraynalı üçün mən, sadəcə, onların ölkəsinə hücum edən daha bir rusiyalıyam", - Xodorkovskinin sözləridir.
Siyasi dissidentlərin çoxu…
Bugünlər yalnız Ukraynanın içində silaha sarılıb Ukrayna ordusu ilə birlikdə döyüşən rusları hamı qəbul edir və onlara minnətdarlığını bildirir. Döyüş meydanlarında ruslardan oluşan, azı, iki partizan birliyi var: Rus Könüllü Korpusu və Azad Rusiya Legionu. Onların hər ikisi son iki ildə Rusiya ərazisinə kiçik, ancaq güclü basqınlar gerçəkləşdirib və bu zaman Ukrayna ordusunun verdiyi silah və sursatdan yararlanıb.
Di gəl, Rusiyanın aparıcı siyasi dissidentlərinin çoxu bu qrup və taktikaları dəstəkləmir. Onların çoxu Rusiya ərazisinə təşkil edilən basqınların Rusiya təbliğatına mövzu verdiyini və, beləcə, xalqın dəstəyini almaqda və Ukraynaya göndərməyə daha çox əsgər toplamaqda Putinə yardım göstərdiyini düşünür.
Xodorkovski Ukraynaya hücuma cavab olaraq savaşa qarşı Rusiya Komitəsinin qurulmasına kömək edib və indi onu yönəldir. Bir qrup dissident və ictimai fiqurdan oluşan komitə fəaliyyətini koordinasiya etmək üçün ardıcıl olaraq Berlində görüşür. Onların manifestindəki əsas məqamlardan biri budur: "Müharibəni başlayan rusiyalılar deyil, dəli diktatordur".
Prezident Zelenski müharibənin ilk günlərində bu mövqe ilə razı idi. O, hücum ərəfəsində rus dilində Rusiya xalqına ünvanladığı tarixi çıxışında onları Putinin müharibəyə başlamaq üçün uydurduğu bəhanələrə inanmamağa çağırırdı. Sonrakı günlərdə Rusiyada etirazların başlaması Zelenskiyə müharibənin xalqın etirazları sayəsində bitəcəyi ilə bağlı ümid vermişdi.
"Bu o demək deyil ki…"
Ancaq həbslər dalğası və kütləvi repressiya nəticəsində etirazlar bitdi, ümidlər də yox oldu. Ukrayna rəsmiləri Rusiya xalqını müharibənin ortağı kimi görməyə başladı.
Rusiya ordusu Ukraynada ən böyük vəhşiliklərindən birini Kiyev yaxınlığındakı Buça qəsəbəsində törədib. Ukrayna Prezident Ofisinin rəhbəri Mıxaylo Podolyakın təbirincə desək, bu hadisə "Rusiyaya yanaşmanın emosional zəminini tam dəyişdi". Bu dəyişikliklər bir çox ukraynalının Rusiya cəmiyyətinə baxışına təsir göstərdi. Bura təkcə hökumət nümayəndələri deyil, müxalifət, o cümlədən Aleksey Navalnı da daxildir.
Savaş başlarkən, Navalnı bir ildən çox idi həbsdə idi. O öz açıqlama və məktublarında dərhal savaşı qınadı, onu "yalanlar üzərində qurulmuş müharibə" adlandırdı. O, 2022-ci ilin mayında məhkəmə zalında Putinə xitabən belə demişdi: "Siz başladığınız bu səfeh müharibədə tarixi məğlubiyyətə uğrayacaqsınız. Onun heç bir məqsədi və mənası yoxdur".
Ancaq bu bəyanatlar ona Ukraynada çox da rəğbət qazandırmadı. Çoxları Navalnının daha öncə Krımın ilhaqı ilə bağlı mövqeyini unutmamışdı. O zaman o, Krımın Ukraynanın nəzarətinə qaytarılmalı olduğunu dilinə gətirməkdən imtina etmişdi. Navalnının bu yanaşması və siyasi karyerasının başlanğıcında rus millətçiləri ilə bağları onun ukraynalılar arasındakı reputasiyasını ləkələmişdi.
Rusiya cəmiyyətinin xeyli hissəsi müharibəyə qarışıb. Xodorkovskinin hesablamalarına görə, hücumun başlanmasından bəri 300 minədək rusiyalı kişi Ukraynada vuruşmaq üçün orduya yazılıb. O deyir ki, Putinin hakimiyyəti bitəndən sonra hakimiyyətə gələcək istənilən hökumət bu əsgərlərin Rusiya vətəndaşının hüquqlarına sahib olması faktını qəbul etməli olacaq. "Biz bu 300 min adamı yedirməli, onlara təhsil və təqaüd ödəməli olacağıq. Onlar yenə də bizim cəmiyyətin üzvləri qalacaqlar. Bu o demək deyil ki, mən onların Ukraynada etdikləri ilə razıyam", - Xodorkovski belə deyir.