Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 02:37

ABŞ prokuroru Bharara-nın uzaqlaşdırılması Rusiyanı sevindirib


Preet Bharara, keçmiş ABŞ federal prokuroru.
Preet Bharara, keçmiş ABŞ federal prokuroru.

Trump administrasiyasının Nyu Yorkun Cənub dairəsi üzrə keçmiş ABŞ federal prokuroru Preet Bharara-nı vəzifəsindən uzaqlaşdırması Vaşinqtonda mübahisələrə yol açıb.

Bu vəzifəyə 2009-cu ildə təyin edilmiş Bharara dəfələrlə Kremli qəzəbləndirən səs-küylü işlərə baxıb və nəticədə Kremlin qara siyahısına düşüb.

Federal prokuror fəaliyyəti dövründə Preet Bharara-nın baxdığı və Rusiya ilə bağlı bəzi işlərinə göz ataq.

«Ölüm taciri» işi...

Jurnalist Carl Schreck yazır ki, Bharara-nın işləri arasında Moskvanı ən çox qəzəbləndirən sovet hərbi-hava qüvvələrinin «ölüm taciri» kimi tanınan keçmiş zabiti, silah alverçisi Viktor But və pilot Konstantin Yaroshenko-nun işidir. Rusiyanın hər iki vətəndaşı qanunsuz silah və narkotik alverində təqsirli bilinib və indi ABŞ-da uzunmüddətli həbs cəzasını çəkir. Hər iki şəxs 3-cü ölkələrdə həbs edilərək ABŞ-a ekstradisiya olunub. Moskva bu əməli insan oğurluğu ilə müqayisə edib.

Buna da bax:​ ABŞ “xarici despot və korrupsiyaçılara qənim qanunu” qəbul etdi

Bu işdən sonra Rusiya Preet Bharara-nı 2013-cü ildə qəbul edilmiş sanksiyalar siyahısına daxil edib. Bu siyahı ABŞ-da qəbul edilən «Magnitsky qanunu»na («Magnitsky siyahısı» adıyla da tanınır – red.) cavab olaraq hazırlanmışdı. Rusiya Daxili İşlər Nazirliyi bəyanat verərək Preet Bharara-nı «xaricdə Rusiya vətəndaşlarının hüquq və azadlıqlarını pozmaqda» suçlayıb.

Rusiyanın rok ulduzu?

Preet Bharara-nın ofisi rus hakerlərinin və digər kibercinayətkarlarının çoxsaylı işlərinə də baxıb. Bunların arasında da Moskvanı özündən çıxaran işlər olub. Bir neçə rusiyalı şübhəli kart və bank hesablarından yararlanaraq, irihəcmli kiberoğurluq törətməkdə ittiham edilib. Şübhəli şəxslərdən biri Rusiyanın rok ulduzu Vladimir Kuzminin oğlu Nikita Kuzmin-dir.

Bharara-nın araşdırdığı kibercinayətlərlə bağlı işlərdə Rusiyanı ən çox vətəndaşlarının üçüncü ölkələrdə saxlanması özündən çıxarıb. 2015-ci ildə rusiyalı Vladimir Drinkman Niderlandda (Hollandiyada) saxlanılaraq, ABŞ-a təhvil verilib. Drinkman «NASDAQ», «Carrefour», «Dow Jones», «Jet Blue» və bir sıra başqa Amerika və transmilli şirkətlərinə ziyan vurmuş irimiqyaslı kibercinayət sxeminə qatıldığını boynuna alıb. Drinkman-ın ekstradisiyasından sonra Rusiya öz vətəndaşlarını ABŞ-la ekstradisiya müqaviləsi olan ölkələrə səyahət etməyin təhlükəli olduğu barədə xəbərdar edib. Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonu Rusiya vətəndaşlarını oğurlamaqda suçlayıb.

Buna da bax: Reza Zarrabı tutduran prokuror populyarlaşıb

Casus qalmaqalı

Bharara-nın ofisi SSRİ-nin dağılmasından bəri adı ən çox hallanan casusluq işinə də baxıb. 2010-cu ildə Rusiyanın ABŞ-da fəaliyyət göstərən 10 gizli casusu həbs olunmuş, sonradan casusların mübadiləsi zamanı Moskvaya təhvil verilmişdi.

2015-ci ildə Rusiyanın dövlət bankı olan «Bank VTB»nin əməkdaşı Yevgeny Buryakov həbs edilərək, Rusiya kəşfiyyatına işləməkdə ittiham olundu. «Soyuq savaşın sona çatdığını düşündüyümüz vaxtdan 20 ildən çox müddət keçəndən sonra casuslar bizim ətrafımızda gizli fəaliyyət göstərməkdə davam edirlər», — Preet Bharara-nın Buryakov-un həbsi ilə bağlı bəyanatında belə deyilirdi.

Buryakov-un həbsinin ardından Moskva ABŞ-ı «antirusiya kampaniyası aparmaqda» suçlayıb. Günahını etiraf etmiş Buryakov-asa 2,5 il həbs cəzası kəsilib.

Buna da bax:​ “Ölüm taciri” məhkəməyə çıxarıldı

Özünü yoxsul göstərən Rusiya diplomatları

2013-cü ilin dekabrında Preet Bharara-nın ofisi və Federal Təhqiqat Bürosu onlarla Rusiya diplomatını və onların həyat yoldaşlarını ABŞ-ın yoxsullar üçün səhiyyə proqramı olan «Medicaid»dən qanunsuz yararlanmaqda ittiham etdi. Prokurorların iddiasına görə, 49 ittiham olunan şəxs 10 ilədək sürən «fırıldaq sxeminə» qatılaraq, «Medicaid» proqramı çərçivəsində 500 min dollaradək vəsait qazanıblar. O zaman Bharara bildirmişdi ki, bu "ittihamlar Nyu Yorkda çalışan Rusiya diplomatları arasında biabırçı və sistemli korrupsiyadan xəbər verir".

Prokurorluğun məlumatında daha sonra deyilirdi ki, "İş üzrə ittiham olunanlar «Medicaid» proqramından yararlanmaq üçün gəlirlərini qəsdən aşağı göstərib, özləri isə kruizlərə gedib, «Tiffany & Co.», «Jimmy Choo», «Prada», «Bloomingdale's» və «Burberry» kimi dükanlardan ayaqqabı, saat, zərgərlik məmulatları və başqa dəbdəbəli əşyalar alıblar».

Həmin iş üzrə ittiham olunan şəxslərin yalnız 11-i hələ də ABŞ-da yaşayırmış və onların diplomatik toxunulmazlığı da varmış. Bharara ABŞ Dövlət Departamentinin Rusiyaya sorğu göndərərək bu şəxslərin üzərindən diplomatik immunitetin götürülməsini istəyəcəyini demişdi. Rusiyanın bundan boyun qaçıracağı halda diplomatlar ölkəni tərk etməli olacaqdılar. Moskva buna cavab olaraq, Vaşinqtonu Vyana Konvensiyasını pozmaqda ittiham etmişdi.

Buna da bax:​ ABŞ-dakı Rusiya diplomatik korpusu kütləvi fırıldaq ittihamları ilə üzləşir

Bitməyən iş - «Prevezon» məsələsi...

Bharara-nın ofisinin apardığı ən siyasi işlərdən biri Rusiyanın 230 milyon dollarlıq irihəcmli vergi fırıldağında ittiham olunan «Prevezon» şirkətinə qarşı açılan, mülki aktivlərin müsadirəsi hələ də bitməyən işdir. Bu sxemi ilk dəfə rusiyalı auditor Sergey Magnitsky-nin üzə çıxardığı deyilir. Magnitsky 2009-cu ildə istintaq təcridxanasında vəfat edib. Ailəsi və dostları onun ölümünün vergi və hüquq-mühafizə orqanlarını fırıldaqçılıqda ittiham etməsindən qaynaqlandığına əmindirlər. Onlar Magnitsky-nin təcridxanada işgəncələrə məruz qaldığını, ona lazmi tibbi xidmətin göstərilmədiyini düşünürlər. Kreml bu ittihamları rədd edir. Magnitsky-nin ölümü 2013-ci ildə ABŞ-da məşhur "Magnitsky qanununun" qəbulu ilə nəticələndi. Bu qanun insan hüquqlarının pozulmasında iştirak edən rusiyalılara qarşı sanksiyalar nəzərdə tutur.

Preet Bharara-nın mümkün xələflərindən biri kimi keçmiş Nyu York meri Rudy Giuliani-nin vəkili və tərəfdaşı Mark Mukasey-nin adı çəkilir. Mukasey Trump-ın ən tanınmış tərəfdarlarından biridir. Onun atası Michael Mukasey George W. Bush administrasiyası dövründə ABŞ-ın baş prokuroru olub. O, (ata Mukasey) federal məhkəmədə "Prevezon" şirkətini də təmsil edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG