Rusiyalıların təxminən üçdə biri (32 faiz) hesab edir ki, homoseksualları cəmiyyətdən təcrid etmək lazımdır.
Levada Mərkəzinin keçirdiyi rəy sorğusuna görə rusiyalıların beşdə biri (18 faiz) gey və lesbiyanların ümumiyyətlə “ləğv edilməsini” istərdi.
Mərkəzin sorğu üçün qoyduğu suallarda daha çox adamların “ümumi qəbul edilmiş normalardan kənara çıxanlara” münasibəti soruşulurdu.
Current Time yazır ki, Levada respondentlərin təkcə LGBT nümayəndələrinə yox, həm də feministlərə, evsizlərə, HIV virusunun daşıyıcılarına, qatillərə, terrorçulara, pedofillərə, dini təriqət davamçılarına, ruhi xəstəlikləri olanlara, narkoman və içki asılılığı olanlara münasibətini öyrənməyə çalışıb.
Pislərin içində azacıq rəğbət evsizlərədir
Sorğu nəticəsində məlum olub ki, rusiyalılar bu siyahıdan ən çox evsizlərə yaxşı münasibət göstərirlər.
Belə adamların “ləğvini” rəyi soruşulanların yalnız 2 faizi istəyib. 6 faiz belələrinin cəmiyyətdən təcrid edilməsini istərdi.
HIV virusunun daşıyıcısı olanların “məhv edilməsinə” də yalnız 2 faiz tərəfdar çıxıb.
Amma rəyi soruşulanların 14 faizi, yəni hər yeddi nəfərdən biri hesab edir ki, belə şəxsləri cəmiyyətdən ayırmaq lazımdır.
9 faiz feministlərin məhvini istəyir
Rusiyada HIV daşıyıcılarından bir qədər çox alkoqoliklərə daha pis münasibət var. Onların “məhv edilməsini” respondentlərin 5 faizi istəyib. 15 faiz düşünür ki, onları təcrid etməyə ehtiyac var.
Feministlərə gəlincə isə, rusiyalıların 9 faizi onların “ləğv edilməsini”, 18 faiz isə təcrid olunmasını istərdi.
Sorğudan məlum olub ki, LGBT nümayəndələrinə münasibət evsizlərə, əyyaşlara, HIV viruslularına, hətta fahişəliklə məşğul olanlara münasibətdən də pisdir.
Fahişələrin “məhv edilməsinə” 9, narkomanların “ləğvinə” isə 15 faiz tərəfdardır. Gey və lesbiyanlara belə münasibəti isə rəyi soruşulanların 18 faizi ifadə edib.
Ən sərt münasibət iki kateqoriyayadır
Rəy sorğusunun nəticələri göstərib ki, Rusiyada ən sərt münasibət iki kateqoriyaya - “terrora” və “pedofiliyaya” bağlı insanlara qarşıdır.
Belələrinin məhv olmasını rəyi soruşulanların üçdə biri istəyib. Respondentlərin 21 faizi eyni münasibəti dini təriqət nümayəndələrinə göstərib. 41 faiz onların cəmiyyətdən təcrid olunmasını istəyib.
Respondentlərin 44 faizi hesab edir ki, ekstremistlər fiziki məhv edilməlidirlər.
Sorğunu keçirənlərin fikrincə rusiyalıların seks və genderlə bağlı fərqli davranışlara (homoseksuallıq, fahişəlik və feministlik) münasibəti həssas olaraq qalır.
Amma dini təriqət davamçılarına münasibət son illərdə xüsusilə pisləşib.
Levada Mərkəzinin ekspertləri bildirirlər ki, Rusiyada LGBT nümayəndələrinə münasibətin son illərdə xüsusilə pisləşməsinə səbəb hakimiyyətin tutduğu mövqedir. Bu da qeyd olunur ki, 2016-cı ildən bəri ABŞ-dan sığınacaq istəyənlərin böyük əksəriyyətinin motivi siyasi və seksual səciyyə daşıyıb.