Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:16

Rusiyada mədəniyyət naziri də koronavirusa yoluxub


Olga Lyubimova
Olga Lyubimova

Rusiyada mədəniyyət naziri Olga Lyubimova koronavirusa yoluxub.

Bu haqda məlumatı nazirliyin mətbuat xidmətinə istinadən Interfax agentliyi verib.

Nazirliyin sözçüsü Anna Usacheva deyib ki, nazirin testindən onun COVID-19-a tutulduğu məlum olub və o hazırda evdədir.

Sözçü bunu da bildirib ki, nazir fəaliyyətini videokonfrans rejimində davam etdirir, onlayn formatda görüşlər keçirir.

Nazirin xəstəliyi yüngül formada keçirdiyi və xəstəxanaya ehtiyac olmadığı bildirilir.

Beləliklə, Lyubimova Rusiya hökumətinin koronavirusa yoluxan üçüncü üzvüdür.

Baş nazir Mikhail Mishustin koronavirusa tutulduğunu aprelin 30-da bəyan etmişdi.Onun xəstəliyi dövründə baş nazirin səlahiyyətlərini onun birinci müavini Andrei Belousovun davam etdirəcəyi bildirilmişdi.

Baş nazirin xəstəxanada olduğu xəbər verilib, lakin bunun hansı xəstəxana olduğu barədə məlumat verilməyib.

Onun da mətbuat xidməti bildirib ki, cənab Mishustin telefon vasitəsilə Nazirlər Kabinetinin işində iştirak edir.

Tikinti naziri və müavini

Rusiya tikinti və mənzil-kommunal təsərrüfatı naziri, keçmiş Tümen qubernatoru Vladimir Yakushev-in COVID-19-a yoluxduğu barədə məlumat mayın 1-də verilib.

Bu da qeyd olunur ki, təkcə nazir yox, həm də onun müavini Dmitry Volkov koronavirusa yoluxub.

Bundan əvvəl Rusiyanın müstəqil Proekt portalı Rusiya prezidenti administrasiyası başçısının müavini Sergei Kirienkonun da koronavirusa yoluxduğunu xəbər vermişdi.

Amma portal əlavə edir ki, Kirienkonun sonrakı iki testi onun yoluxmadığını göstərib.

Mayın 4-də verilən xəbərlərdə deyilirdi ki, Leninqrad vilayəti parlamentinin spikeri Sergei Babenin də COVID-19-a yoluxub.

Rusiya ilk beşliyə daxil olur

Mayın 6-a olan məlumata görə Rusiyada son bir sutka ərzində koronavirusa 10 mindən çox yeni yoluxma qeydə alınıb.

10 min yoluxma Rusiyada artıq üçüncü gündür ki, qeydə alınır.

Beləliklə Rusiya mayın 6-da yoluxma saylarına görə Almaniyanı ötüb və ilk beşliyə daxil olub. Almaniyada indiyədək 164 min 807 yoluxma qeydə alınıb.

Bundan əvvəlki dörd yeri yoluxma saylarına görə ABŞ, Britaniya, İspaniya və İtaliya tuturlar.

XS
SM
MD
LG