Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:20

'Bir az amerikalılara nifrət edək, sonra taciklərə qayıdacağıq'


Moskvada millətçilərin yürüşü.
Moskvada millətçilərin yürüşü.

1960-cı il martın 21-də Cənubi Afrika Respublikasının Şarpevil qəsəbəsində aparteid rejiminin qanunlarına dinc etiraz nümayişində polis 69 nəfəri qətlə yetirmişdi. O vaxtdan hər il martın 21-i beynəlxalq irqi ayrıseçkiliklə mübarizə günü kimi qeyd olunur.

Son illər ərzində Rusiya cəmiyyətində irqçi və ksenofob baxışları bölüşən qrupların nifrəti etnik müstəvidən ideoloji müstəviyə keçməkdədir. 2014-2015-ci illərdə dərin böhran keçirmiş ifrat sağçı qüvvələr yeni strukturlar yaradır, yeni ittifaqlar qurmağa can atırlar. Hakimiyyətsə «ekstremizmlə mübarizə»ni çox zaman yeni repressiyalarla gerçəkləşdirir.

7 ÖLÜ, 69 YARALI

Rusiyada ifrat sağçılar və cihadçılardan başqa, Ukraynanı dəstəkləyənlər və bir sıra dinc dini qruplar da hüquq-mühafizə orqanlarının təzyiqinə məruz qalır. «SOVA» analitik-informasiya hüquq müdafiə mərkəzinin martın 20-də dərc edilmiş illik hesabatında belə deyilir. Hesabat barədə AzadlıqRadiosunun rus xidməti yazır.

«SOVA»nın ötən ilin dekabrında verdiyi ilkin məlumatlara görə, 2016-cı ildə Rusiyanın 16 regionunda irqçi və neonasist motivli hücumlar 7 nəfərin həyatını bitirib və ən azı, 69 adam yaralanıb. Bundan başqa, 3 şəxs ciddi ölüm hədələrinə məruz qalıb.

Ultrasağçıların əsas qurbanları orta asiyalılar olub. Onların arasında 2 nəfər ölüb, 20 nəfərsə xəsarət alıb. «SOVA»nın «qeyri-slavyan görkəmli» kimi təsnif etdiyi şəxslər də ultrasağçıların əsas hədəfinə çevrilib. Onların arasında 10 nəfərin xəsarət aldığı bildirilir. Qafqaz əsilli şəxslər arasında 2 ölü, 1 yaralı qeydə alınıb. 1 qaradərili öldürülüb, 3 yəhudi isə yaralanıb.

Moskva metrosunda miqranta hücum.
Moskva metrosunda miqranta hücum.

Bundan başqa, hüquq müdafiəçiləri bu statistikaya dini qrup təmsilçilərinə hücumları da əlavə ediblər: onların arasında 20 yaralı olub. Bu müddət ərzində solçu və gənclər hərəkatlarının 6 üzvü xəsarət alıb, LGBT icmasının 1 üzvü öldürülüb, 4-ü yaralanıb, 1 evsiz adam öldürülüb, 1-i isə yaralanıb.

«QARALARLA AĞLARIN» MÜBARİZƏSİ

«SOVA» Mərkəzinin direktoru Aleksandr Verkhovsky deyir ki, Rusiyada insanlar «irqçi» və «irqçilik» ifadəsini eşidəndə, dərhal onu Qərb və «qaralarla ağların» mübarizəsi ilə bağlayırlar. Onlar bu ifadəni başqa etnik münasibətlər kontekstində anlamırlar.

«Məsələn, insan qafqazlıları sevməyə bilər. Ancaq bu... onun üçün böyük əhəmiyyət daşımır və onun davranışına, demək olar, təsir etmir. Başqa bir insan üçünsə, onun daxili emosional reytinqində bu amil yüksəkdə dayanır. Bu zaman bu nifrət onun davranışlarına daha güclü təsir göstərir. Halbuki, bu şəxslərin hər ikisi eyni sözlərdən istifadə edir», – o deyir. Ekspertin sözlərinə görə, sosial sorğular məhz bu məqamı gözdən qaçırır və dərindən işləmir.

«Hər hansı bir məmur, məmura bərabər bir adam, yaxud da Dövlət Dumasının deputatı çərçivədən çıxan bir şey deyəndə, onu dayandırsalar, deməli o, həqiqətən də həddini aşıb. Əgər onu dayandırmasalar, deməli, çərçivələr genişləndirilib. Ancaq bunu heç vaxt dəqiq bilmək olmur», – Verkhovsky deyir.

Rusiyada neonasistlər.
Rusiyada neonasistlər.

«TELEVİZİYA SON DƏRƏCƏ AQRESSİV SƏSLƏNİR»

A.Verkhovsky-nin sözlərinə görə, Rusiya telekanallarında guya Qərb ölkələrində nasistlərin və faşistlərin at oynatdığı, təkcə Rusiyada belə olmadığı barədə təbliğat 2014-cü illə müqayisədə azalıb. Ancaq o deyir ki, hər zaman hər şey bizim qavrayışımızdakı başlanğıc nöqtəsindən asılıdır: «2014-cü ilin yayı bir insanın beynində yeni norma kimi qalıbsa, onda ona elə gələcək ki, indi durum yaxşılaşıb. Əgər 2013-cü ildəki durum şərti norma kimi qəbul olunarsa, o halda bu gün televiziya son dərəcə aqressiv səslənir».

A.Verkhovsky-nin dediyinə görə, əvvəllər ruslar daha çox Cənub və Şərqlə assosiasiya etdikləri insanlara fokuslanırdılarsa, hazırda onların baxışı Qərbə yönəlib. «Ukrayna və ukraynalılara yox, ümumən Qərbə. Nifrət, sadəcə, etnik müstəvidən ideoloji müstəviyə keçib. Donbasdakı müharibənin qaynar dövrü başa çatsa da, televiziya təbliğatının qaynar dalğası azalsa da, düşmənçiliyi bir müstəvidən başqasına keçirməyin effekti yoxa çıxmayıb. Yeri gəlmişkən, bu mövzu ilə məşğul olanlar deyirdilər ki, «bir az amerikalılara nifrət edək, sonra yenidən taciklərə qayıdacağıq». Əslində isə qayıtmadıq!» - o deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG