Vladimir Sorokin “Növbə”, “Ziyafət”, “Norma”, “Buz trilogiyası” kitablarının, 12 pyes və 5 kinosenarinin müəllifidir. 2002-ci ildə Rusiyada onu pornoqrafiya yaymaqda ittiham edərək cinayət işi açıblar. Sonradan bu işə xitam verilib. O zaman “İduşie vmeste” adlı kremlyönlü gənclər hərəkatının üzvləri onun “Mavi donuz piyi” adlı kitabını nümayişkəranə məhv etmişdilər. Yazıçı bu aksiyanı “dövlət onanizmi” adlandırmışdı.
“Nastoyaşeye vremya” telekanalı Çernoqoriyada Sorokinlə görüşərək ondan əsərlərində “qrafik” və vizual zorakılığın bu qədər çox olmasının səbəblərini soruşub.
Yazarın əsərlərindən birində uşaq ilk dəfə qəddarlığı görür və sonradan özü də bunu təkrar edir. İnsan əvvəldən qəddar doğulmur, qəddarlıq onun ətrafında gördüyü nümunələrdən başlayır.
“Mən totalitar dövlətdə böyümüşəm. Burada qəddarlıq hər şeyə hopmuşdu. O, hava kimi hər şeyi doldururdu”, - Sorokin deyir.
Yazıçı doqquz yaşında atası ilə Krıma getməyini, gözəl bir şaftalı ağacına çıxıb şaftalı yığmağını və bu an şahid olduğu səhnəni xatırlayır:
“...Hasarın arxasından şappıltı səsləri eşitdim. Sonradan anladım ki, bu, qonşularımızdır. Orada bir ailə yaşayırdı: arvad, içən ər və arvadın atası. Mən anladım ki, ər yaşlı kişini döyür. Axırda o çarəsiz soruşdu: “Axı sən məni niyə döyürsən?” O da dedi ki, “Çünki kefim belə istəyir”.
O gözəllik, o şaftalı ilə o qəribə şappıltı və zərbələrin birləşməsi – bax bizim həyatımız budur.
Sovet dövründə keçmiş bütün uşaqlıq, gənclik – bunlar fasiləsiz zorakılıqla üz-üzə gəlməkdən ibarət idi. Hər yerdə: uşaq bağçası, məktəb, küçədə xuliqanlarla, evdə sovet valideynləri ilə və s. Sovet adamları seçə bilmirdilər. Onların yerinə dövlət seçirdi: almalı olduqları siqaretdən tutmuş bütün qalan şeylərə qədər. Nəyisə özü seçməyə başlayan ilk nəslin məncə indi yəqin 30-35 yaşı var.
Əlbəttə, bu nəhəng zorakılıq təcrübəsi buzlaq kimi postsovet adamının ardınca gəlir. Və bu zorakılıq təcrübəsindən indi hakimiyyət, mağara qorxusu kimi, kütlələri qorxutmaq üçün aktiv yararlanır”.
“Mən Berlinlə Moskvaətrafı arasında yaşayıram. Berlində polisləri az-az görürəm. Ancaq orada bir kilometrdən hiss olunur ki, sənin silahlı müdafiəçilərin gəlir və sən istənilən vəziyyətdə onlara güvənə bilərsən. Moskvada mən polisi görəndə anlayıram ki, silahlı quldurlar gəlir və onlardan yan keçmək lazımdır”.
Dünyada təxminən eyni vaxtda #MeToo və #ЯНеБоюсьСказать kimi hərəkatlar başlayıb. Çox sayda kişi və qadın bir-birinin gözünün içinə baxıb bir-birini zorakılığa məruz qoydurlarını anladı. Bəs bu tendensiya bütün dünya üçün universaldırmı?
“Rusiyada cəlladla qurban artıq çoxdan kentavra çevrilib. Onlar birlikdə mövcuddurlar. Onları bir-birindən ayırmaq çox çətindir. ...Hakimiyyətin bundan aktiv yararlandığını nəzərə alsaq, ona hər hansı peşmançılıq, etiraf sərf eləmir. Mənə elə gəlir ki, bu daha böyük şeyə doğru gedir, ancaq çox yavaş gedir. Ancaq yenə də gənclərdən soruşmaq lazımdır”, - Sorokin deyir.
Bir çoxları Sorokinin kitablarında ən yaxın gələcək haqda proqnozlar görürlər. Məsələn, “Bəyaz kvadrat” kitabının aspektlərindən biri hazırda televiziyada insanları yoldan çıxarmaqla məşğul olan və bunu peşəkarlıqla edən adamların ən ən yaxın gələcəyidir.
“Mən öz kitablarımda gələcəyi demirəm, mən müəyyən dalğaları qəbul edirəm. Yəni mənim müəyyən bir daxili antennam var. Bu antennada təcrübədən çox intuisiya var. Qələmdən çıxan şeylər məni ...təəccübləndirir. Ancaq əslində mən öncə özümü təəccübləndirməliyəm. Bu alınırsa, demək artıq işlər yaxşı gedir. Məni təəccübləndirəcək mətnin alınmadığını hiss edəndə özümü başqa bir işlə məşğul etməyə çalışıram.
Yazıçı masa arxasında oturub kağızı, yaxud ekranı hərflərlə dolduran maşındır. Sonradan insanlar deyirlər ki, “biz bu hərflərsiz keçinə bilmərik. Bu, çox sirli bir prosesdir”, - Vladimir Sorokin deyir.