Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:38

Moskva Qərbdə təhsil alan tələbələri vətənə dönməyə çağırır


MDU-nun jurnalistika fakültəsi

Moskva və Qərb arasında münasibətlərin getdikcə daha çox korlanması ilə bağlı Rusiyanın hökumət agentliklərindən biri xaricdəki universitetlərdə təhsil alan rusiyalı tələbələri təhsillərini davam etdirmək üçün vətənə qayıtmağa çağıran kampaniyaya başlayıb.

Xaricdəki rusiyalıların rifahına xidmət göstərən Rossotrudnichestvo “yeni marketinq kampaniyasına” aprelin 16-da start verib.

Kampaniyaya Highly Likely Welcome Back (Böyük bir ehtimalla evinizə qayıdın) devizi verilib. Hökumət agentliyi bu adla Britaniyanın baş naziri Theresa May-ə “söz atmağa” çalışıb. May keçmiş Rusiya casusunun zəhərlənməsi barədə bəyanat verərkən bunun “böyük bir ehtimalla” Rusiyanın işi olduğunu demişdi.

RIA-Novosti Rossotrudnichestvo agentliyinin adı çəkilməyən rəsmisinə istinadən yazıb: “Bildyiniz kimi, təhsil aldığınız bir sıra ölkələrdə, ələxüsus da Avropada daxili siyasət qatı anti-Rusiya səciyyəsi daşımağa başlayıb. Biz rusofob münasibətlərin xaricdəki həmvətənlərimizin fəaliyyətinə mənfi təsir göstərdiyini bəyan etməyə borcluyuq. Belə münasibət onların tərəqqisi üçün meydanı daraldıb”.

Rusiya Təhsil və Elm Nazirliyinin rəsmi məlumatına görə 2014-cü ildə ölkə xaricində 60 min rusiyalı təhsil alırdı.

Moskva Beynəlxalq Münasibətlər İnstitutunun menecment və siyasət fakültəsinin dekanı Genri Sardaryan deyib ki, onun universiteti və başqa təhsil ocaqları çox sayda rusiyalını təhsillərini vətəndə davam etdirmələri üçün qəbul etməyə hazırdır.

Rəsmi adı MDB-nin Xaricdəki Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq Federal Agentliyi olan Rossotrudnichestvo son illərdə xeyli fəallaşıb.

Bəzi Qərb kəşfiyyatları bu idarənin casusluğa cəlbetmə fəaliyyəti ilə məşğul olmasından şübhəlidir.

Rusiya ilə Qərb arasında münasibətlərin korlanması fonunda Moskva vaxtaşırı xaricdə yaşayan həmvətənlərə xəbərdarlıqlar edir. 2016-cı ildə Rusiya mediasının yazdığına görə hökumət məmurlarına və başqa rəsmilərə xaricdə yaşamaq qadağan edilib.

Rusiyanın bir sıra görkəmli hökumət rəsmilərinin və elitar biznes fiqurlarının uşaqları Qərb universitetlərində təhsil alıblar. Bunlara misal olaraq xarici işlər naziri Sergey Lavrovun, Kremlin sözçüsü Dmitri Peskovun, Duma üzvü Sergey Jeleznyakın, Kremlə yaxın bankirlər Pyotr Avenin və Mixail Fridmanın övladlarını göstərmək oalr.

Peskovun qızı Yelizaveta 2016-cı ildə Instagram-da yazdığı bir postla Rusiyada qalmaqala səbəb olmuşdu. Kreml sözçüsünün qızı yazırdı ki, o Fransada oxuduğu bir il ərzində Moskva Dövlət Universitetində aldığı biliklərdən daha çox bilik alıb.

Bu arada Qərb tələbələrinin, xüsusilə də amerikalıların Rusiyanın ali məktəblərində təhsil alması çətinləşib.

ABŞ Dövlət Departamentinin ötən yanvarda dərc etdiyi səyahət tövsiyələrində Rusiya terrorizm və qısnamalara görə dünyanın ən təhlükəli ölkələrindən biri elan edilib.

Bu xəbərdarlıqdan sonra Stanford Universiteti özünün Rusiyadakı tədris proqramını dayandırıb.

XS
SM
MD
LG