Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Rus Pravoslav Kilsəsi İstanbul patriarxlığı ilə münasibətləri kəsəcəyini deyir


Rus Pravoslav Kilsəsinin sözçüsü Vladimir Legoida
Rus Pravoslav Kilsəsinin sözçüsü Vladimir Legoida

Rus Pravoslav Kilsəsi bildirib ki, Ukrayna Pravoslav Kilsəsinə muxtariyyət verilərsə, dünya pravoslav icması ilə münasibətlərini kəsəcək.

Ukrayna Pravoslav Kilsəsi ona Rus Pravoslav Kilsəsindən müstəqillik verilməsi üçün dünya pravoslavlarının patriarxına müraciət edib.

Şərq pravoslavlığı ruhaniləri arasında “bərabərlər içində birinci” sayılan Patriarx I Bartholomew (Varfolomey) Ukrayna kilsəsinin müraciətini öyrənmək üçün Kiyevə iki yepiskopunu göndərib. Bir çoxları bu hadisəni Ukrayna Pravoslav Kilsəsinin müstəqilliyinə doğru atılmış addım kimi qiymətləndiriblər.

Dünyanın ən böyük pravoslav icmasına rəhbərlik edən Rusiya kilsəsi Ukrayna Pravoslav Kilsəsinin ondan ayrılmaq cəhdlərindən qəzəblidir.

Rus Pravoslav Kilsəsinin sözçüsü Vladimir Legoida sentyabrın 28-də deyib ki, əgər bu vaxtadək Rusiya kilsəsinin bir qolu sayılan Ukrayna kilsəsinə avtokefallıq verilərsə, Rusiya kilsəsi İstanbulda yerləşən dünya patriarxatı ilə əlaqələrini kəsəcək.

Bu ayın əvvəllərində patriarx Bartholomew Ukraynaya iki yepiskop göndərməklə faktiki olaraq Ukrayna kilsəsi ilə müstəqil münasibətə daxil olub.

Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodu sentyabrın 14-də toplaşaraq İstanbul partriarxının bu addımını müzakirə etmiş və bildirmişdi ki, bundan sonra “Konstantinopol patriarxlığı” ilə heç bir əlaqəyə girməyəcək.

Legoida o vaxt demişdi ki, bu, “dünyəvi aləmdə ölkələr arasında diplomatik münasibətlərin pozulmasına bənzəyir”.

Kiyev patriaxlığı Moskvadan 1992-ci ildə, SSRİ-nin dağılmasından sonra qırılsa da, onun müstəqilliyə can atımı 2014-cü ildə Rusiya Krımı ilhaq edəndən bəri güclənib.

Dünya pravoslav patriarxı titulunu hazırda I Bartholomew daşıyır. O həm də İstanbulun köhnə adı ilə Konstantinopol arxiyepiskopu kimi tanınır. İstanbul 1453-cü ildə türklər tərəfindən tutulsa da, İstanbul dünya pravoslavlığının mərkəzi şəhəri olaraq qalır.

XS
SM
MD
LG