Keçid linkləri

2025, 13 Dekabr, şənbə, Bakı vaxtı 17:16

Əliyev və Zelenski səfirliyin ərazisinə raket zərbəsini pisləyiblər [Video]


Rusiya Kiyevi vurdu: Azərbaycan səfirliyinə də ziyan dəydi
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00

Rusiya Kiyevi vurdu: Azərbaycan səfirliyinə də ziyan dəydi

Noyabrın 14-də Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycandan olan həmkarı İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dövlət başçıları Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasının növbəti dəfə Rusiyanın raket zərbəsinə məruz qalmasını qınayıblar.

Əliyev beynəlxalq hüququn norma və prinsiplərinə əsasən, diplomatik nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb.

Telefon söhbəti zamanı Zelenski Azərbaycanın Ukraynaya humanitar dəstəyinə görə təşəkkürünü bildirib.

Dövlət başçıları, həmçinin, ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıblar.

Azərbaycan Rusiyaya nota verib

Bu gün, noyabrın 14-də Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

XİN-in açıqlamasına görə, görüş zamanı noyabrın 14-də təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyevə raket və dron hücumları nəticəsində "İsgəndər" tipli raketlərdən birinin Azərbaycan səfirliyinin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və müvafiq nota təqdim edilib: "...Səfirliyin ərazisinin hasarının bir hissəsinin tamamilə dağıldığı, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və səfirliyin konsulluq şöbəsinin zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulduğu, xoşbəxtlikdən bu zərbənin insan tələfatına səbəb olmadığı bildirilib".

Vurğulandığına görə, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu kimi raket hücumlarının əvvəllər də baş verdiyi xatırlanıb: "Xüsusilə, 2022-ci il martın 10-da Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun binasına aviazərbə nəticəsində inzibati binanın ciddi dağıntılara məruz qaldığı və xidməti avtomobilin yararsız hala düşdüyü qeyd edilib".

Xatırladılıb ki, 2025-ci il avqustun 8-də və 18-də Odessa vilayətində SOCAR şirkətinin neft bazasına dron hücumları edilib, nəticədə işçilərin xəsarət aldığı infrastruktura böyük zərər vurulub: "Bütün bu faktların, raket hücumlarının məqsədli olması barədə suallar yaratdığı vurğulanıb".

XİN-in məlumatına görə, Ukraynadakı diplomatik nümayəndəliklərin yerləşdiyi binaların koordinatları hələ 2022-ci ilin aprelində Rusiyaya təqdim edilib, koordinatları Rusiya Müdafiə Nazirliyinin nəzərə alacağı bildirilib.

Azərbaycanın notasına və XİN-in rəsmi açıqlamasına Rusiya tərəfinin münasibəti bəlli deyil

Rusiya və Ukraynadan qarşılıqlı dron zərbələri

Noyabrın 14-nə keçən gecə Rusiya qüvvələri Kiyevə zərbə endirib, üç nəfər ölüb, 26 nəfər yaralanıb. Yaralılar arasında 7 və 10 yaşlı iki uşaq, hamilə qadın var.

Mer Vitali Kliçko ölü və yaralı sayının arta biləcəyini deyib, çünki xilasetmə işləri davam edir.

Rusiya dronları Odessa vilayətini də vurub, energetika obyektinə ziyan dəyib, bir nəfər yaralanıb.

Noyabrın 14-də səhər Ukraynanın Sumı vilayətinə də raket zərbəsi endirilib.

Ukrayna dronları isə ötən gecə Rusiyanın Qara dəniz sahilindəki Novorossiysk şəhərinə hücum ediblər, neft bazasına, altı evə, mülki gəmiyə və sahildəki obyektlərə ziyan dəydiyi bildirilir. 4 nəfər yaralanıb.

Rusiya Müdafiə Nazirliyi ötən gecə Krasnodar vilayəti üzərində 66, Qara dəniz akvatoriyasında 59 dronun vurulduğunu bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdəki Azərbaycan səfirliyinin binasına "İsgəndər" raketinin qəlpələrinin düşdüyünü bildirib.

Hücumda 430-dək dron və 18 raketdən istifadə olunduğu bildirilir.

Zelenski qeyd edib ki, bu, adamlara və mülki infrastruktura mümkün qədər çox ziyan vurmaq üçün xüsusi hesablanmış hücum olub.

XS
SM
MD
LG