Keçid linkləri

2026, 01 Aprel, çərşənbə, Bakı vaxtı 10:02

Rusiya Pokrovskdakı qüvvələrinin şimala doğru irəlilədiyini bildirir [Xəritə]

Donbas Putin üçün niyə bu qədər vacibdir?
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

Donbas Putin üçün niyə bu qədər vacibdir?

Rusiyanın Müdafiə Nazirliyi noyabrın 5-də bildirib ki, Pokrovskdakı qüvvələri şimala doğru irəliləyir, Ukraynanın mühasirəni yarmaq cəhdlərinin qarşısını alıb.

Moskva ötən ildən Pokrovsku tutmağa, Donbası tam ələ keçirməyə çalışır. Ukrayna hazırda regionun 10 faizinə nəzarət edir.

"Reuters" xəbər verir ki, Rusiya çərşənbə günü Pokrovsk və Kupyanskdakı Ukrayna qüvvələrinin mühasirəyə salındığını bildirib. Moskva deyir ki, ukraynalılar təslim olmalıdırlar, əks halda sağ qalmaq şansları yoxdur.

Cəbhə zonasının xəritələri Rusiya qüvvələrinin Pokrovsku tam mühasirəyə salmasına cəmi bir neçə kilometr qaldığını, Kupyanskın isə əhəmiyyətli hissəsinə nəzarət etdiyini göstərir.

Rusiyanın son açıqlamalarına Ukrayna, hələlik, münasibət bildirməyib.

Ancaq Ukrayna prezidenti Volodimir Zelenski noyabrın 3-də deyirdi ki, Ukrayna qüvvələri Kupyanskı 60 Rusiya əsgərindən təmizləməyə çalışır.

27 oktyabr

Rusiya qoşunlarının Pokrovska daxil olduğu bildirilir

Kiyev Rusiyanın quru qoşunlarının strateji əhəmiyyətli Pokrovsk şəhərinə daxil olduğunu təsdiqləyib. Prezident Volodimir Zelenski vəziyyəti "çətin" adlandırıb, şəhərin mərkəzi və ətrafında şiddətli döyüşlərin getdiyini bildirib.

Zelenski oktyabrın 26-da gecə müraciətində deyib ki, Rusiya çoxlu sayda hərbi qüvvəsini Pokrovsk və yaxınlıqdakı Mirnoqrad şəhəri ətrafında cəmləşdirib. Uzun müddətdir Ukraynanın bu şərq regionunda döyüşlər gedir.

"Rusiya əsas zərbə qüvvəsini məhz Pokrovsk yaxınlığında cəmləyib", – Zelenski deyib.

Amma prezident Ukrayna qüvvələri əsas müdafiə xətlərini saxladığını vurğulayıb.

Pokrovsk çoxdan hədəfdə idi

Müharibədən öncə 60 min əhalisi olan, indi isə təxminən 7 min nəfərin qaldığı Pokrovsk vacib yol və dəmiryol qovşağıdır. Bu ili şəhər Rusiya qüvvələrinin mühasirəsinə düşmə təhlükəsi altında keçirib.

Oktyabrın əvvəlində Rusiya prezidenti Vladimir Putin qoşunlarının şəhərə daxil olduğunu iddia edib. Amma Ukrayna rəsmiləri bunu təkzib edib, Kreml qüvvələrinin ağır itkilər verdiyini açıqlayıb.

Oktyabrın 26-da Ukrayna Baş Qərargahı bəyan edib ki, ümumi sayı 200 nəfər olan, bir neçə kiçik Rusiya piyada bölməsi müdafiə xətlərini keçərək Pokrovsk daxilində mövqelər qurur.

"Müdafiə qüvvələri düşmən hücumlarını dəf edir. Düşmən böyük itkilər verir", – Baş Qərargah bildirib.

Regiondan gələn xəbərlər hələ müstəqil təsdiqini tapmayıb.

Atəşkəs səyləri dalana dirənib

Təxminən dörd ildir gedən müharibədə atəşkəs cəhdləri nəticəsiz qalıb.

ABŞ prezidenti Donald Tramp oktyabrın 25-də bildirib ki, Kreml lideri Putinin müharibəni bitirmək üçün razılığa gəlməyə hazır deyilsə, onunla görüşə "vaxt itirməyəcək".

"Bilməlisiniz ki, biz razılaşma əldə edəcəyik. Vaxtımı boş yerə sərf etməyəcəyəm", – Tramp jurnalistlərə deyib.

"Vladimir Putinlə münasibətlərim həmişə yaxşı olub, amma bu durum çox məyusedicidir. Düşünürdüm ki, bu məsələ Yaxın Şərqdə sülh əldə olunmazdan əvvəl həllini tapacaq", – o əlavə edib.

Tramp daha öncə Putinlə bir neçə həftə ərzində Budapeştdə görüşməyi planlaşdırdığını bildirib. Ancaq ABŞ prezidenti sonradan görüşü ləğv edib, onun başqa vaxt keçirilə biləcəyini deyib.

XS
SM
MD
LG