Keçid linkləri

2026, 25 Fevral, çərşənbə, Bakı vaxtı 02:15

Jurnalistlər 200 mindən çox rusiyalı hərbçinin həlak olduğunu təsdiqləyiblər

Rusiya hərbçilərinin dəfn mərasimi zamanı fəxri qarovul atəş açır.
Rusiya hərbçilərinin dəfn mərasimi zamanı fəxri qarovul atəş açır.

Ukrayna ilə dörd ildir gedən müharibədə azı 200 min 186 rusiyalı hərbçi həlak olub. BBC-nin rus xidməti, "Mediazona" və könüllülər komandası belə bir nəticəyə gəlib.

2025-ci ildə təxminən 50 min rusiyalı hərbçinin ölümü təsdiqlənib. Formal olaraq bu say 2024-cü ildəkindən azdır, həmin il təxminən 84 min əsgər və zabit həlak olmuşdu. Amma jurnalistlər ötən il həlak olanların sayının 90 min nəfəri keçə biləcəyini bildirirlər, çünki on minlərlə ölümlə bağlı informasiya hələlik emal olunmayıb.

"Hazırda bilinən odur ki, 2025-ci ildə bir il öncə ilə müqayisədə 40 faiz daha çox nekroloq dərc olunub. Böyük ehtimalla, diplomatik görüşlər, sülh danışıqlarına baxmayaraq, 2025-ci il Rusiya ordusu üçün ən qanlı il olacaq", – materialda deyilir.

Həlak olanların 57 faizi əvvəlki kimi könüllülər, səfərbər olunanlar və cəzaçəkmə müəssisələrindən müharibəyə göndərilən məhkumlardır. Avropa Siyasətinin Təhlili Mərkəzinin əməkdaşı Aleksandr Kolyandrın fikrincə, iqtisadiyyatın zəifləməsi, maaşlarda artım tempinin azalması fonunda müqavilə imzalayıb müharibəyə getməyi düşünənlərin sayı artacaq.

Jurnalistlər müqaviləni ən çox kiçik şəhər və kənd sakinlərinin imzaladığını qeyd edirlər. Onlar sabit və yaxşı maaşlı iş tapmaqda çətinlik çəkirlər, yerli hakimiyyət orqanları isə iri şəhərlərlə müqayisədə daha aqressiv təşviqat aparır.

Dmitri Peskov
Dmitri Peskov

Kreml: Ukrayna münaqişəsi Qərblə daha geniş qarşıdurmaya çevrilib

Kreml bildirir ki, Qərb ölkələrinin Ukraynadakı münaqişəyə müdaxilə qərarı onu Rusiyanı məhv etmək istəyən dövlətlərlə daha geniş qarşıdurmaya çevirib.

Ukraynadakı təcavüzkar müharibənin başlamasının dördüncü ildönümündə Kremlin sözçüsü Dmitri Peskov deyib ki, döyüşlər davam edir, amma Moskva məqsədlərinə siyasi və diplomatik vasitələrlə nail olmaq məsələsində açıqdır.

"Qərbi Avropa ölkələrinin və ABŞ-nin bu münaqişəyə birbaşa müdaxiləsindən sonra xüsusi hərbi əməliyyat faktiki Rusiyayla Qərb ölkələrinin daha geniş qarşıdurmasına çevrildi. Onların məqsədi ölkəmizi məhv etmək idi, bu məqsəd dəyişməyib", – Peskov bildirib.

Moskva münaqişənin danışıqlar yolu ilə həllinə inanırmı? Peskov bu suala cavabında deyib: "Biz sülhə nail olmaq üçün səylərimizi davam etdiririk, mövqeyimiz çox aydın və ardıcıldır. İndi hər şey Kiyev rejiminin addımlarından asılıdır".

Zelenski: 'Putin məqsədlərinə çatmadı'

Ukrayna sülh və ədaləti təmin etmək üçün hər şeyi edəcək. Bunu prezident Volodimir Zelenski Rusiyanın işğalının dördüncü ildönümü ilə bağlı müraciətində deyib.

"Putin məqsədlərinə çatmadı. O, ukraynalıları sındıra bilmədi. Bu müharibəni udmadı. Biz Ukraynanı qoruyub saxlamışıq, sülh və ədaləti təmin etmək üçün hər şeyi edəcəyik", – o, fevralın 24-də yayımlanan videomüraciətində bildirib.

Lvov qəbiristanlığında insanlar Rusiyanın Ukraynaya hücumunun dördüncü ildönümünü qeyd edirlər.
Lvov qəbiristanlığında insanlar Rusiyanın Ukraynaya hücumunun dördüncü ildönümünü qeyd edirlər.

Ukraynada müharibənin beşinci ili başladı. Döyüş davam edir

Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğalının beşinci ili başlayıb. Bu, İkinci Dünya müharibəsindən bəri Avropada ən böyük silahlı münaqişə hesab olunur. Ukrayna hərbçiləri donmuş səngərlərdə ağır hücumlara sinə gərir, mövqelərini qoruyur, dron və raket zərbələri mülki əhalini şaxtalı havada işıqsız, istiliksiz qoyur.

İtkilərlə bağlı fərqli rəqəmlər göstərilir. Son hesabatlardan birinə görə, Rusiyadan 1.2 milyon, Ukraynadan 500-600 min nəfər yaralanıb, ölüb, yaxud itkin düşüb.

Milyonlarla ukraynalı evlərini tərk edib. Dünya Bankı bildirir ki, ölkə iqtisadiyyatının bərpasına 10 il ərzində 588 milyard dollar tələb olunacaq.

Amma bundan ötrü öncə müharibə bitməlidir.

Sülh danışıqları

2025-ci ilin yanvarında ABŞ-də prezidenti Donald Tramp vəzifəyə başlayandan sülh danışıqlarına təkan verib, amma hələlik aydın proqres əldə olunmayıb. Ukrayna hakimiyyəti bu həftənin sonuna yaxın əlavə görüşlər keçirilə biləcəyini bildirib.

Ötənhəftəki danışıqlardan sonra ABŞ-nin əsas elçisi Stiv Uitkoff "əhəmiyyətli" irəliləyişdən danışıb, deyib ki, "hər iki tərəf razılaşmaya doğru işi davam etdirmək barədə razılığa gəlib".

Siyasi təhlilçi Anton Penkovskinin "Current Time"a dediyinə görə, getdikcə hər iki tərəf ABŞ-dən daha güclü iqtisadi və xarici siyasət təzyiqi hiss edir. Onun sözlərinə görə, hazırda hər iki tərəf ərazilər, Donbas məsələsi ilə bağlı daha konkret suallar səsləndirir.

Elə ərazi məsələsi danışıqlarda əsas maneələrdən biridir. Rusiya Donbası tam ələ keçirə bilməyib, Ukraynadan vilayətdən qüvvələrini çıxarmağı tələb edir.

Döyüşlərin taleyini dəyişən 500 dollarlıq silah
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

Ukrayna prezidenti Volodimir Zelenski isə bu məsələdə geri çəkilmək istəmir. O deyib ki, belə bir qərar üçün referendum keçirilməlidir və ukraynalılar buna heç vaxt razılaşmazlar.

Zelenski fevralın 23-də hərbçilərlə görüşdə deyib ki, "Ukrayna təslim ola bilməz" və Rusiyanı müharibədən imtinaya məcbur etmək mümkündür.

"Ukrayna hazırda öz mövqelərində, güclü mövqedədir. Çox zərbəyə tab gətirmişik. Ukrayna həyatı bərpa edir və qoruyur, bütün hücumlara sinə gərir", – o vurğulayıb.

Kiyevdə mərasimlər

Fevralın 24-də Zelenski Avropa Parlamentinə videoəlaqə ilə müraciət edəcək, Kiyevdə Avropa İttifaqı liderlərini qəbul edəcək. Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və Avropa Şurasının sədri Antoniu Koşta rəsmi anım mərasiminə qatılacaq, Rusiyanın raket zərbələrindən ziyan görmüş enerji infrastrukturuna baş çəkəcəklər.

ABŞ prezidenti Donald Trampın Ukraynaya hərbi dəstəyi xeyli dərəcədə azaltmaq qərarı verəndən sonra Avropa ölkələri boşluğu doldurmağa çalışır. NATO çərçivəsində gerçəkləşən sxemə əsasən, Avropa ölkələri Ukrayna üçün ABŞ silahları və digər hərbi texnika alır, Kiyevə öz tədarüklərini də davam etdirirlər.

Ötən il Avropa ölkələri, Kanada və digər müttəfiqlər Ukraynaya dəstək məqsədilə "İstəklilər koalisiyası" yaradıblar. Fevralın 24-də koalisiya videokonfrans keçirəcək.

Ukraynada döyüşlərin getdiyi ən dəhşətli yoldan REPORTAJ
Gözlə

No media source currently available

0:00 0:03:54 0:00

Təhlükəsizlik zəmanətləri

Kiyevin sülh üçün əsas tələblərindən biri Qərb qoşunlarının Ukraynada yerləşdirilməsidir. Ukrayna real təhlükəsizlik zəmanətləri istəyir, Moskvanın döyüşlərdə mümkün fasilədən yenidən silahlanmaq, gələcəkdə yenidən hücum etmək üçün yararlanmaması üçün.

Amma bu məsələ mübahisəli qalır. Kreml rəsmiləri dəfələrlə bəyan ediblər ki, Qərb qüvvələrinin Ukraynaya yerləşdirilməsi qəbuledilməzdir. Bir çox təhlilçilər Rusiyanın əslində sülh istəmədiyini deyirlər.

Kral Birləşmiş Xidmətlər İnstitutunun təhlilçisi Cek Uotlinq fevralın 23-də yazıb: "Plan Ukraynanın müqavimət qabiliyyətini tükəndirməkdir. Ruslar inanırlar ki, müharibəni 2027-ci ilə qədər davam etdirə biləcəklər, danışıqlar prosesini transatlantik alyansda parçalanma yaratmaq vasitəsi kimi görürlər".

Vladimir Putin fevralın 23-də Ukraynada döyüşmüş əsgərlərə medallar təqdim edib. "Siz Rusiya üçün möhkəm dayanırsınız", – o, əsgərlərə deyib. Rusiya prezidentinin heç də Ukraynadakı təcavüzkar müharibəni dayandırmaq niyyətində olduğu görünməyib.

Azad Avropa/Azadlıq Radiosunun çəkiliş qrupu Ukraynanın şərqində Rusiyanın dəfələrlə bombaladığı Kramatorsk şəhərində yerli sakinləri danışdırıb. Onlardan biri sülh arzusunu dilə gətirib: "İstərdim ki, yaxşı bir şey barədə razılığa gəlsinlər. Bunun üçün dua edirik. İnsanlar çox əziyyət çəkiblər". Sakin sözünü bitirər-bitirməz güclü partlayış səsi eşidilib.

XS
SM
MD
LG