Sumi rayonunun yer-hava raketləri ilə atəşə tutulduğu bildirilir
Rayon administrasiyanın rəhbəri Dmitri Jivitskinin sözlərinə görə, Rusiya aviasiyası Sumi vilayətinə yer-hava tipli raketlər atıb. Onun sözlərinə görə, Miropol və Xotin icmalarının ərazisi zərər çəkib. Atışma nəticəsində Ukrayna sərhəd xidmətinin bir hərbçisi yaralanıb.
Müharibə şəraitində rəsmi qurum nümayəndələrinin açıqladığı bu kimi məlumatları yoxlamaq çətindir.
Kiyev “Azovstal”dan bütün qadın və uşaqların təxliyə olunduğunu bildirir
Ukrayna rəhbərliyi Mariupoldakı “Azovstal” zavodunun ərazisindən bütün qadın, uşaq və qocaların təxliyəsi barədə məlumat verib. Bu barədə Ukrayna baş nazirinin müavini İrina Vereşçuk öz Telegram kanalında yazıb. "Prezidentin tapşırığı yerinə yetirilib: Azovdan olan bütün qadınlar, uşaqlar və qocalar təxliyə edilib. Mariupol humanitar əməliyyatının bu hissəsi başa çatıb", - Vereşçuk yazıb.
Mayın 7-də daha sonra Rusiya Müdafiə Nazirliyi blokadaya alınmış “Azovstal” zavodundan mülki əhalinin təxliyyəsinin başa çatdığını elan edib.
Ukrayna Prezidenti Vladimir Zelenski axşam müraciətində evakuasiya missiyasının birinci mərhələsini həyata keçirməyə kömək edən Beynəlxalq Qırmızı Xaç və BMT-yə təşəkkür edib. "Biz 300-dən çox insanı - qadınları, uşaqları xilas edə bildik. Faktiki olaraq biz mülki şəxsləri Azovstaldan çıxardıq" -Ukrayna prezidenti bildirib.
Bir gün əvvəl Ukrayna prezidentinin dəftərxanası Mariupoldan və Azovstal ərazisindən 500-ə yaxın insanın təxliyəsi barədə məlumat yayıb. Daha sonra İrina Vereşçuk metallurgiya zavodunun ərazisində gizlənən daha 50 nəfərin çıxarılması barədə məlumat verib-AzadlıqRadiosunun Ukrayna xidməti bildirir.
Ukraynada zirzəmisində 90 nəfərin olduğu məktəbə hava zərbəsi endirilib, 60 nəfərin həlak olduğu ehtimal edilir
Rusiya hərbçiləri Lisiçansk yaxınlığındakı Beloqorovka kəndində məktəbə hava zərbəsi endirib. Bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday teleqram kanalında məlumat yayıb. 30 nəfərin xilas edildiyi, 60 nəfərinsə həlak olduğu ehtimal edilir. Ətraflı
Rusiya Dövlət Dumasının spikeri: Ukraynaya hücum edəndən bəri Rusiyaya qarşı 7374 sanksiya tətbiq edilib
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz teleqram kanalında 2014-cü ildən bəri Rusiyaya qarşı 10 mindən çox sanksiya tətbiq edildiyini, onlardan 7374-ünün isə Ukraynada “xüsusi hərbi əməliyyat” başlayandan sonra tətbiq edildiyini bildirib. Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Moskva bu təcavüzü "xüsusi hərbi əməliyyat" adlandırır, bunu əksini deyənlər cinayət məsuliyyətinə cəlb edilir.