Rusiyaya qarşı 6-cı sanksiya paketi hazırlanır
Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi təcavüzünə görə Rusiyaya qarşı növbəti, altıncı sanksiyalar paketini hazırlayır. Bu barədə Aİ rəhbəri Ursula fon der Leyen "Bild am Sonntag"-a müsahibəsində deyib. Onun sözlərinə görə, bura bank sektoruna qarşı əlavə məhdudiyyətlər daxil ola bilər. Ursula fon der Leyen onu da deyib ki, növbəti sanksiyalar paketi Rusiya neftinə təsir göstərəcək.
Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan bəri 202 uşaq həlak olub. Bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Ən azı 361 uşaq xəsarət alıb. Cümə günü Xerson rayonunun Qavrilovka kəndinin atəşə tutulması nəticəsində 15 yaşlı yeniyetmə həlak olub.
Rusiya ordusu yenidən Kiyev vilayətini atəşə tutub
Rusiya qoşunları Kiyev vilayətinin Brovarı şəhərini atəşə tutub. Bu barədə məlumat verən şəhər meri İqor Sapojkonun sözlərinə görə, raket zərbələri nəticəsində şəhərin infrastrukturuna ziyan dəyib. İnsan təlafatı haqqında hələlik məlumat yoxdur. Mer dağıntılar səbəbindən elektrik və su təchizatında fasilələr ola biləcəyini bildirib. Brovarı şəhəri Kiyevdən 20 kilometr şimal-şərqdə yerləşir. Müharibədən əvvəl şəhər əhalisinin sayı 105 min olub.
Hindistan Rusiyadan helkopter almaqdan imtina edib
Hindistan Rusiyadan 48 ədəd Mi-17 helikopterinin alınması ilə bağlı müqaviləni ləğv edib. Ancaq bu imtinanın Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü ilə bağlı olmadığı bildirlir. Qeyd olunur ki, Dehli bu satınalama müqaviləsini hələ müharibə başlamazdan xeyli əvvəl dayandırıb. Hökumətdəki mənbələrin İndia Today-ə verdiyi məlumata görə, hökumətin bu qərarı yerli istehsal (Make in India) proqramını dəstəkləmək istəyi ilə bağlı olub. 2011-ci ildə Rusiya Hindistanla arasında 80 ədəd Mi-17 helikopterinin tədarükü barədə razılıq əldə olunub. Mi-17-lər Rusiya Helikopterlərinin törəmə şirkəti olan Kazan Helikopter Zavodunda istehsal olunur.