İşğaldan azad edilmiş Trostyanets şəhərində...
Rusiya ordusunun işğalından azad edilmiş Trostyanets şəhərində bir çox obyektlər, o cümlədən xəstəxana minalanmış vəziyyətdədir. Bu barədə Ukraynanın Sumı vilayətinin hərbi-mülki administrasiyasının rəhbəri Dmitri Jivitski məlumat verib.
Onun dediyinə görə, şəhərdə rabitə demək olar ki, yox dərəcəsindədir. Jivitski onu da bildirib ki, bazar günü, martın 27-də evsiz qalan insanlar, habelə tibbi yardıma ehtiyacı olan yaralılar şəhərdən çıxarılıb.
Rusiya ordusunu Çernobıl AES-in ərazisində toplayır
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, radioaktiv radiasiyanın səviyyəsinin əhəmiyyətli dərəcədə artdığı Çernobıl AES-in ərazisində Rusiya ordusu döyüşü bərpa etmək üçün səhra düşərgəsi yaradıb və qoşunları həmin düşərgəyə toplayır. Ətraflı
Ukrayna ordusu bir neçə məntəqəni azad etdiyini bildirir
Ukrayna ordusu bazar günü- martın 27-i səhər saatlarında bir neçə yaşayış məntəqəsinin azad edildiyini bildirir.
Söhbət Xarkov vilayətinin Qusarovka və Olxovka kəndlərindən gedir. Məlumatda deyilir ki, əks-hücum nəticəsində Rusiya ordusuna məxsus onlarla hərbi texnika və canlı qüvvə məhv edilib, onlarla əsgər əsir götürülüb.
Mariupol şəhərinin meri: Bu, soyqırımdır, generalları və Rusiya silahlı qüvvələri ilə birlikdə Putinin törətdiyi hərbi cinayətdir
Mariupol şəhərinin meri Vadim Boyçenko UNİAN müstəqil xəbər agentliyinə bildirib ki, şəhər Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır. Onun dediyinə görə, Rusiya hərbçiləri ətraf ərazilərə nəzarət edirlər.
"Şəhər halqadadır və halqa təbii olaraq kiçilir. Başa düşməlisiniz ki, onların (rus qoşunlarının) "azadlıq əməliyyatı keçirmək vəzifəsi yox idi. Şəhərdə 50%-i etnik ruslar yaşayırdı. Tapşırıq şəhəri sakinləri ilə birgə yer üzündən silmək olub. Bu soyqırımdır, bunu başqa cür adlandırmaq olmaz. Bu, generalları və Rusiya silahlı qüvvələri ilə birlikdə Putinin törətdiyi hərbi cinayətdir. Putini və bütün Rusiya ordusunu hərbi tribunal gözləyir”, – Boyçenko bildirib.