Ukrayna Baş Prokurorluğu: Rusiyanın işğalı nəticəsində Ukraynada 85 uşaq ölüb
Baş Prokurorluq yüzdən çox uşağın da yaralandığını bildirir. Prokurorluğun məlumatına görə, bombardmanlar və atəşə tutulma nəticəsində 57 təhsil müəssisəsi tamamilə dağıdılıb, 369 təhsil müəssisəsi zərər görüb. Məlumatda vurğulanır ki, gündəlik 20-dən çox təhsil müəssisəsi raket zərbələrinə və atəşə məruz qalır. Prokuorluğun məlumatında bildirlir ki, indiyə qədər 11 müalicə müəssisəsi, əlil uşaqların bərpa mərkəzi də daxil olmaqla 3 bərpa mərkəzi atəşə və hücumlara məruz qalıb. .
Sadalanan bu məlumatların son olmadığı bildirlir. Prokurorluq vurğulayır ki,Rusiya silahlı qüvvələrinin aktiv döyüş əməliyyatları apardığı və tutduğu ərazilərdə məlumatları dəqiqləşdirmək mümkün deyil.
BMT-nin martın 11-də açıqladığı məlumata görə, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində 957 mülki şəxs həlak olub.
Xersonda Ukrayna televiziyalarının fəaliyyəti dayandırılıb...
Rusiyanın işğal etdiyi Xersonda Ukrayna telekanallarının yayımı dayandırıldığı bildirilir. Gələn xəbərlərdə o da vurğulanır ki, Xersondakı Rusiya hərbçiləri və Milli Qvardiyası ukraynayönlü fəalları axtarır və həbs edir.
Ukraynanın xarici işlər naziri bildirib ki, Rusiya regionda "Xerson Xalq Respublikası" yaratmaqla bağlı “referendum” keçirməyi planlaşdırır.
Bunda başqa Rusiya ABŞ-a xəbərdarlıq edib ki, Ukraynaya silah daşıyan karvanları hərbi zərbələr üçün "qanuni hədəflər" hesab edəcək.
Avropa İttifaqı və NATO-nın narahatlığı
Avropa İttifaqınin (Aİ) xarici işlər komissarı Josep Borrell bəyan edib ki, o, “Rusiyanın hərbi fəaliyyətinin NATO ölkələrindən birinə genişlənməsindən” qorxur.
İndi ABŞ və Aİ ölkələrindən silahlar əsasən Polşa vasitəsilə Ukraynaya çatdırılır.
NATO-nun baş katibi Yens Stoltenberq isə deyib ki, Rusiya Ukraynanı kütləvi qırğın silahları hazırlamaqda ittiham edərək, özü kimyəvi silahlarla əməliyyatlar planlaşdıra bilər.
ABŞ-dan Ukraynaya 200 milyon dollarlıq yardım
ABŞ prezidenti Co Bayden Ukraynaya 200 milyon dollar dəyərində silah və digər yardımların, o cümlədən ordunun təliminə kömək göstərilməsinə göstəriş verib.
Ağ Evin şənbə günü elan etdiyi bu addımla ABŞ-ın Kiyevə ümumi təhlükəsizlik dəstəyi son bir ildə 1,2 milyard dollara yüksəlib.
Bundan əvvəl ABŞ Konqresi Ukraynaya 13,6 milyard dollar təcili yardımın ayrılmasını təsdiqləyib.
Bu ilin sentyabr ayının sonuna qədər federal büdcəyə bir trilyon yarım məbləğində vəsait daxil edilib.
"Amerikanın Səsi" radiosunun yaydığı məlumata görə, Kiyevə təcili yardım paketi çərçivəsində hərbi texnika və texnikanın tədarükü üçün 3,5 milyard dollar ayrılır. Bundan başqa Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar Şərqi Avropaya köçürülən ABŞ qoşunlarının yerləşdirilməsi və saxlanması üçün də 3 milyard dollar ayrılmasını nəzərdə tutulur.
Polşa-Ukrayna sərhəddən 25 kilometrdən az məsafədəki poliqona hücum olduğu bildirilir
Ukrayna mediasının verdiyi məlumatlara görə, martın 12-dən 13-nə keçən gecə Ukraynanın Kiyev, Vinnitsa, Kamenets-Podolski, Poltava, Lvov şəhərləri, Çerkassı vilayəti, İvano-Frankivsk, Odessa, Dnepropetrovsk vilayəti, Kirovoqrad vilayəti, Xmelnitski və Jitomirdə hava reyd siqnalları eşidilib.
Lvov sakinləri partlayış səsindən yazıblar. Ukrayna Ali Radasının deputatı İrina Geraşenko bildirib ki, ilkin məlumata görə, Lvov yaxınlığındakı Yavoriv hərbi poliqonuna hücum edilib. "Ukrayna 24" telekanalı isə vurğulayır ki, həmin poliqon Polşa-Ukrayna sərhəddən 25 kilometrdən az məsafədə yerləşir.
Lvov vilayət dövlət administrasiyası bir qədər sonra Yavorivdəki “beynəlxalq sülhməramlılıq və təhlükəsizlik mərkəzinə” zərbə endirilməsi barədə məlumat yayıb. İlkin məlumatlara görə, 8 raket atılıb.