Ukrayna və Rusiya Əbu-Dabidə danışıqların ikinci günündə 314 hərbi əsiri dəyişdirməklə bağlı razılığa gəliblər.
ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff X postunda sülh danışıqlarını "detallı və produktiv" adlandırıb.
Rusiyanın elçisi Kirill Dmitriyev danışıqlarda proqresi vurğulamaqla yanaşı, ölkəsinin ABŞ ilə əlaqələrinin bərpası üçün fəal iş getdiyini bildirib. Bu, iqtisadiyyat üzrə ABŞ-Rusiya işçi qrupu çərçivəsində aparıla bilər.
Əbu-Dabidə Ukrayna danışıqlarının ikinci günü başlayıb
Fevralın 5-də Əbu-Dabidə Rusiyanın Ukraynadakı müharibəsini bitirməyi hədəfləyən danışıqlar ikinci gündür davam edir.
Kremlin elçisi Kirill Dmitriyev deyib ki, görüşlərdə "proqres və müsbət hərəkət" var. Ukraynanın əsas təmsilçisi Rustem Umerov isə müzakirələrin birinci gününün "mənalı və produktiv" keçdiyini, konkret addımlara və praktik həllərə fokuslandığını deyib.
Görüşlərə hər iki ölkənin kəşfiyyat qurumlarının indiki və keçmiş rəhbərləri də qatılıb, daha dar mövzular müzakirə olunur.
Rusiya və Ukraynanın mövqeyindəki uçurumun müəyyən qədər azaldığı bildirilsə də, əsas mübahisəli məqam Ukraynanın Donbas vilayətinə nəzarətlə bağlıdır. Moskva Kiyevdən qoşunlarını vilayətdən çıxarmasını tələb edir, Kiyev isə ərazi güzəştə getməyəcəyini deyir.
Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, danışıqların ilk nəticəsi yaxın gələcəkdə Ukrayna və Rusiya arasında məhbus mübadiləsi ola bilər.
Kremlin sözçüsü Dmitri Peskov fevralın 4-də jurnalistlərə deyib ki, Rusiyanın danışıqlarda mövqeyi dəyişməz qalır, "bu tamamilə aydındır, Kiyev və Amerika təmsilçiləri də bunu yaxşı anlayır".
Fevralın 24-də Rusiyanın başlatdığı müharibənin 4 ili tamam olur.
4 fevral
Əbu-Dabidə Ukrayna danışıqlarının yeni raundu keçirilir
Fevralın 4-də Əbu-Dabidə (BƏƏ) Ukraynada sülh əldə olunması üçün üçtərəfli danışıqların yeni raundu başlayıb. Məlumatı Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov, həmçinin Rusiyanın TASS agentliyi mənbəyə istinadla yayıb.
Rusiya nümayəndə heyətinə, iki həftə öncəki görüşdə olduğu kimi, Baş Qərargahın Baş Kəşfiyyat İdarəsinin (QRU) rəisi İqor Kostyukov rəhbərlik edir. ABŞ nümayəndə heyətinin tərkibində prezident Donald Trampın xüsusi təmsilçiləri Stiv Uitkoff və Cared Kuşner yer alır.
Umerov danışıqların üçtərəfli formatda başladığını bildirib. Daha sonra qruplarda fərqli istiqamətlər üzrə iş aparılacaq, sonra "mövqelərin birgə sinxronlaşdırılması" planlaşdırılır. Görüşlərin fevralın 4 və 5-də davam edəcəyi gözlənilir.
Danışıqlar qapalı keçirilir. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Əbu-Dabidəki yeni məsləhətləşmə raundunun nəticələri barədə məlumat verməyi planlaşdırmır. Onun dediyinə görə, sülh yolu ilə nizamlanmaya doğru qapılar açıqdır, amma Ukrayna Rusiyanın tələbləri ilə razılaşmadıqca Rusiya müharibəni davam etdirəcək.
Moskva Ukrayna qoşunlarının Donetsk vilayətindən tam çıxarılmasını tələb edir. ABŞ təmsilçilərinə görə, hazırda əsas fikir ayrılığı məhz bu məsələ ilə bağlıdır. Moskvanın digər tələbləri Ukraynanın NATO-ya üzvlükdən imtina etməsi, ölkə ərazisində Qərb hərbi kontingentinin yerləşdirilməməsidir.
Danışıqların müharibə başlayandan bu formatda ilk raundu yanvarın 23-24-də keçirilib. Görüşdən sonra tərəflər ehtiyatlı nikbinlik ifadə ediblər. Xüsusilə mümkün atəşkəsin texniki aspektlərini müzakirə edə bildikləri açıqlanıb.