Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:34

Rusiya Ukraynada casus həbsinə ‘casus həbsi’ ilə cavab verir


Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) iddia edir ki, ilhaq etdiyi Krım yarımadasında Ukrayna kəşfiyyatının “təxribat və terror” qrupunun üstünü açıb.

Bu da iddia olunur ki, qrupun tərkibində “dövlət sirlərinin” ötürülməsi ilə məşğul olmuş rusiyalı zabit qadın da var.

FTX aprelin 15-də bildirib ki, bu qadın 2017-2018-ci illərdə Rusiyanın “dövlət sirlərini” Ukrayna hərbi kəşfiyyatının bir zabitinə ötürürmüş.

Hər iki şəxs Rusiyada xəyanət və casusluq şübhəsi ilə araşdırılır.

FTX bunu da bildirir ki, qadın azyaşlı uşağının olduğuna görə ev məhbusluğunda saxlanır.

FTX-nin verdiyi məlumata görə, bu əməliyyata Ukrayna hərbi kəşfiyyatının Xerson şəhərindəki bölməsinin rəhbəri polkovnik Oleg Akhmedov rəhbərlik edib.

İddia edilir ki, casusluq fəaliyyəti yanvar ayında aparılmış başqa bir cinayət işinin təhqiqatı zamanı aşkar edilib.

FTX söhbətin Krımda Akhmedov-un tapşırığı ilə silah anbarları tikən bir rusiyalıdan getdiyini bildirir.

FTX-nin qisas aktı?

Lakin şərhçilər diqqəti sözü gedən casus qrupunun ifşa edilməsinin vaxtına çəkirlər.

Bundan bir gün əvvəl Ukraynanın Təhlükəsizlik Xidməti – SBU öz kəşfiyyat orqanlarından birinin yüksək rütbəli zabitini casusluq ittihamı ilə həbs etdiyini xəbər vermişdi.

SBU bildirmişdi ki, general-mayor Valeriy Shaytanov 2014-cü ildən FTX-yə işləməkdə şübhəli bilinir.

Ona qarşı “dövlətə xəyanət və terrorçuluq” ittihamları irəli sürülüb.

SBU bildirirdi ki, Shaytanov Ukrayna ərazisində “terror aktları” planlaşdırırdı.

Osmayev işi

Bu da iddia edilirdi ki, Shaytanov Ukraynanın tərəfində rusiyayönlü separatçılara qarşı döyüşən çeçen könüllülərin lideri Adam Osmayevin qətlini planlaşdırıbmış.

2017-ci ildə Osmayev və arvadı Kiyev yaxınlığında pusquya salınmış və atışma zamanı qadın həlak olmuşdu.

Ukrayna bu əməliyyatın Rusiya agentləri tərəfindən həyata keçirildiyinda israr edirdi.

Habelə iddia edilir ki, general Shaytanov Ukraynanın Donbasda separatçılara qarşı hazırladığı “məxfi əməliyyatlar” barədə Rusiya tərəfinə məlumatlar ötürüb.

Bu da məlumdur ki, iddia olunan casus həbsləri aprelin 19-a düşən Pravoslav Pasxası münasibətilə Ukrayna və Rusiya arasında qarşılıqlı əsir mübadiləsi ərəfəsinə təsadüf edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG