Ukrayna, Rusiya və ABŞ bu həftə Əbu-Dabidə danışıqları bərpa edəcək. Rəsmilər ötən həftəsonu ikigünlük sülh danışıqlarını "konstruktiv" adlandırıb.
"Danışıqlar çox konstruktiv keçib, gələn həftə Əbu-Dabidə davam etdirilməsi planlaşdırılır. Prezident Donald Tramp və bütün komandası bu müharibəni sülhlə bitirməyə sadiqdir", –Ağ evin təmsilçisi Stiv Uitkoff bildirib.
Uitkoff danışıqların dəqiq tarixini açıqlamayıb. "Axios" adının açıqlanmasını istəməyən ABŞ rəsmisinə istinadla yazıb ki, danışıqların fevralın 1-də bərpa olunacağı gözlənilir.
Ukrayna prezidenti Volodimir Zelenski komandasının onu danışıqlar haqda bilgiləndirdiyini deyib, müzakirələri "konstruktiv" adlandırıb. Görüşlərlə bağlı detallı informasiya açıqlanmayıb.
Zelenskinin sözlərinə görə, "danışıqlara qatılan hərbi heyət mümkün yeni görüş üçün mövzuların siyahısını hazırlayıb".
"Axios" yazır ki, sonrakı görüşdə irəliləyiş əldə olunarsa, danışıqlar Moskva və ya Kiyevdə keçirilə bilər. Rusiya Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan bu baş verməyib.
BƏƏ danışıqlarından öncə Kreml bildirib ki, Rusiya prezidenti Vladimir Putin Uitkoff, Trampın kürəkəni Cared Kuşner və ABŞ-nin digər təmsilçiləri ilə gecə saatlarında keçirilən təxminən dörd saatlıq görüşdən məmnun qalıb.
Döyüşlər səngimir
Amma cəbhədə səngimə müşahidə olunmur. Rusiya sülh danışıqları fonunda mümkün qədər çox ərazi ələ keçirməyə, Ukraynanın şərqində qərbə doğru irəliləməyə çalışır. Daha çox Donetsk vilayətində ərazi ələ keçirilir, Xarkov bölgəsində də təzyiq davam edir.
Ukrayna Silahlı Qüvvələrinin yanvarın 25-də bildirdiyinə görə, təkcə həmin gün cəbhə xətti boyunca ən azı 66 döyüş qeydə alınıb.
Kremlin sözçüsü Dmitri Peskov ötən həftə deyib ki, Rusiyanın çoxdankı tələbi qüvvədə qalır - Ukrayna Donbasdan çıxmalıdır.
Zelenski isə Rusiyaya ərazi verilməsi məsələsini daim rədd edib. Amma o, BƏƏ-dəki danışıqlarda Donbas məsələsinin də müzakirə olunacağı demişdi.
Bu arada Rusiya Ukraynada istilik və elektrik infrastrukturlarına kütləvi dron və raket zərbələrini davam etdirir.