AzadlıqRadiosu xəbər verir ki, Rusiya və Türkiyə mayın 22-də aralarındakı münasibətləri normallaşdırmaq istiqamətində daha bir addım ataraq ticarət məhdudiyyətlərinin aradan qaldırılması barədə memorandum imzalayıb.
İki ölkə arasında münasibətlər Türkiyə 2015-ci ildə Suriya sərhədi üzərində Rusiya hərbi təyyarəsini vurduqdan sonra korlanmışdı.
22 may memorandumundan bir ay əvvəl prezidentlər Vladimir Putin və Recep Tayyip Erdoğan Soçidə keçirilən görüşdə bildirmişdilər ki, Ankara və Moskva arasında bağlar bərpa olunmalıdır.
Rusiyanın baş naziri Dmitri Medvedev deyib ki, hazırda bir sıra hökumət aktlarının hazırlanması davam edir.
Hansı mallar üzərindən sansksiya və qadağanların qaldırıldığı hələlik dəqiq bilinmir.
Bu yaxınlarda Türkiyə, taxıl da daxil, Rusiya mallarının üzərinə 130 faizlik rüsum qoymuşdu.
Bundan əvvəl Rusiya mediasının xəbərlərində deyilirdi ki, Ankara və Moskva Türkiyədən idxal edilən pomidordan başqa bütün mallar üzərindən embarqonu qaldırmaq barədə razılığa gəliblər.